I fəsil Məhşər. II fəsil
Müəllif: İsa Hüseynov Muğanna
III fəsil


Salnaməçi yazır ki, bu hadisələrdən on iki il əvvəl, 1382-ci ilin ilk baharında Şirvan camaatı qiyam qaldırıb Şamaxıda Kəsrani sülaləsinin fars hökmranlığını devirəndə bu qiyamdan bütün Şirvanda tək bir nəfərin xəbəri yoxmuş, o da İbrahim imiş. Səhərdən günortaya qədər cütlə yer əkib, bərk yorulub əkin qırağında, ağac altında uzanıbmış. Təxt-tacı zülmkardan aldıqdan sonra özlərinə adil şah axtaran qiyamçı əsnaf və rəncbərlərin elçiləri İbrahimi quru torpaqda şirin yatmış görüb oyatmağa qıymayıblar. Üzünə gün düşdüyü üçün üstündə çadır qurublar, dövrəsində oturub başlayıblar gözləməyə.

Şamaxılı silahsazlar, nəqqaşlar, misgərlər, kümçülər, boyaqçılar, papaqçılar, başmaqçılar, xülasə, əsnaf əhlindən kim varmışsa, hamısı şad-xürrəm pıçıldaşırmış ki, dünyanın işinə bax, biz ədalət yolunda qan töküb qurban vermişik, ədalət başını atıb yatır və yəqin heç yuxusunda da görmür ki, şah olub.

Rəncbərlər isə İbrahimin gah yorğun xarıları ilə cütünə, gah da toz-torpaqlı əllərinə baxa-baxa xoşbəxtlikdən ağlaşırmışlar, "ölmədik, bu günü də gördük", "Şirvanın bəxt ulduzu doğdu!" — deyirmişlər.

İbrahim, nəhayət, gözlərini açıb başı üzərində çadır və ətrafında yığnaq görəndə, deyilənə görə, təəccübdən nitqi tutulub, bir xeyli dinib-danışa bilməyib. Qiyam elçiləri onu başa salıblar ki, sən tariximizdən bizə məlum olan adil şahımız Mənüçöhrün nəslindənsən, özündə rəncbər içində rəncbərsən, töycünün, tamqanın, zülm qamçısı altında oğul-uşaq saxlamağın nə olduğunu bilirsən, o biri tərəfdən, üstümüzə Teymurləng gələcək (1) deyirlər, Toxtamış xan gələcək deyirlər, bizə öz adamımız, can-ciyərimiz lazımdır ki, həm qədir-qiymətimizi bilib verginin altında qəddimizi əyməsin, həm də öz oğul uşağımızdan etibarlı ordu yığıb yurdumuzu talanmağa, yad tapdağında qalmağa qoymasın, odur ki, istəsən də, istəməsən də, hamılıqla səni özümüzə şah eləmişik. Budur, Kəsranilərin qəflə-qatarını gətirmişik, arvadını çağırtdır, oğul-uşağını götür gedək, başla şahlığa.

Yeni Şirvanşaha hörmət və rəğbətlə bu əhvalatı nəql edən salnaməçiyə məlum idi ki, İbrahimin hələ əli cüt məcində olduğu vaxtlar o, əkin yerindən bir qədər aralı Şəki civarındakı mülkdə və Dərbənddə onun çoxlu qohum-əqrəbası varmış, Mənüçöhrün ölümündən iki yüz altmış ildən çox bir müddət keçsə də, onun nəslindən Mənüçöhrün özü kimi adil bir şah çıxacağını və bunun da məhz İbrahim olacağını qiyamdan hələ bir neçə ay əvvəl ölkəyə yayan da haman qohumları imiş. Amma salnaməçi nə Şəki civarındakı mülkdə yaşayan qohumların haqqında bir söz deyir, nə də Dərbənddəkilərin haqqında. Desəydi, ondan soruşa bilərdilər ki, əgər obaları gəzə-gəzə Mənüçöhr törəməsi İbrahim barədə camaatı xəbərdar edən adamlar İbrahimin öz qohumları imişsə, bəs necə olub ki, İbrahimin bütün Şirvan torpağında gedən bu söhbətdən, üstəlik də qiyamdan xəbər tutmayıb, bütün Şirvan ayağa qalxıb zülm təxtini yıxmağa getdiyi halda təkcə o başını atıb yatıb.

Belə bir sual verilsəydi, "rəncbər içində rəncbər" şahın şəxsiyyəti ətrafında düzəldilmiş nağılın sehri dağıləb həqiqətin üzə çıxmasına səbəb ola bilərdi.

Həqiqət isə belə idi ki, Mənüçöhr törəməsinə qiyamdan çox-çox əvvəl hər şey məlum idi.

O, axırıncı Kəsrani hökmdarı Huşəng ibn Kavusun əmisi — Dərbənd hakimi Məhəmməd ibn Keyqubadın oğlu idi. Əslən fars və Kəsrani olsalar da, azərbaycanlılarla qohumlaşıb qaynayıb-qarışdıqdan sonra həm rəsmi şəcərə kitabında, həm də el arasında Dərbəndi adlanan və çoxdan bəri hakimiyyət uğrunda gizlin fəaliyyətdə olan böyük bir nəslə mənsub idi. Huşəng atası Kavus ibn Keyqubadın təxt-tacına sahib olanda ilk növbədə əmisi Məhəmmədi imtiyaz və ixtiyaratdan məhrum etmiş, onun qızılı rəngdə qeyri-adi saçları və iri ala gözləri ilə azərbaycanlı anasına çəkmiş böyük oğlu İbrahimi isə hələ o vaxtdan öz təxt-tacı üçün təhlükə bilib Dərbənddən və Şamaxıdan kənar kiçik bir əraziyə hakim göndərib Şəki civarındakı haman mülkdə bir növ sürgündə saxlamışdı. Orada yaşı qırxdan ötənə qədər ömür sürdükdən sonra quru torpaqda yatıb şah çadırında oyanan İbrahim Şirvan əsnafının silahlandığını da, zülm təxtinin devriləcəyi və əmisi oğlu Huşəngin qətlə olunacağı günü də əvvəlcədən bilirdi. Çünki əli cüt məcində olsa da, qiyam başçıları — əsnaf ustabaşıları ilə dərbəndlilərin gizlin məşvərətində qiyam gününü təyin edən də, Huşəngin qətlinə hökm verən də özü idi. Hətta o günü İbrahimin özünün yer əkməyə gedəcəyi və qiyam elçilərinin onu cüt arxasında görəcəyi də əvvəlcədən danışılmışdı: atasının köhnə dostu, özünün şəriət müəllimi Qazi Bayəzid belə məsləhət bilmişdi və İbrahim bu məsləhəti dərhal bəyənmişdi.

Odur ki, haman ilk bahar günü siyasətinin dayağı cütdən həvəslə yapışıb çoxlu iyləmiş və bu cür ağır zəhmətə bir o qədər də vərdiş etmədiyi üçün bərk yorulmuşdu. İbrahimin əvvəlcədən bilmədiyi təkcə bu idi ki, adı hakim ikən Huşəngin kəbdxudalarının nəzarəti altında keçirdiyi dərdli, üzüntülü illərinin sonu olan bir gündə gözünə yuxu gedəcək və qiyam elçiləri onun üstündə çadır quracaqlar. Odur ki, gözlərini açıb başı üzərində çadır görəndə, doğrudan da təəccüblənmişdi. Amma deyilən qədər də yox, bu təəccüb, əlbəttə, bir an olmuşdu. Elçilərin arasında hərbiyunları, hələ lap cavankən at belində Dərbənd bahadırları ilə məşq etdiyi vaxtlardan ona tanış olan əyri Dağıstan qılınclarını və oğlu Gövhərşahın sevincdən pörtmüş üzünü görər-görməz o hər şeyi başa düşmüş, ancaq, əlbəttə, sevincini büruzə verməmişdi. Əgər Gövhərşah orada olmasaydı, İbrahim, bəlkə, soruşa da bilərdi ki, kimsiniz və məndən nə istəyirsiniz. Lakin onun cəsarətinə və müdrikliyinə səcdə edən oğlunun qarşısında həddindən artıq riyakar görünməmək xatirinə susub qiyam elçilərinin özlərinin dillənməsini gözləmişdi. Elçilər onu böyük minnət və yalvar-yaxarla təxt-səltənətə dəvət edəndə Mənüçöhr törəməsinin ala gözlərinin üstünə çəpər kimi enən uzun, qonur kirpiklərinin arxasında necə incə bir təbəssüm gizləndiyini, hətta indi, on iki il keçdikdən sonra da bir kimsə bilmirdi. Çünki incə mətləblərini İbrahim, hətta "Gövhərim" adlandırdığı oğluna da açmırdı.

Şirvanşah İbrahim belə adam idi.

Hələ Əmir Teymurla müqavilə bağlanılan ildən İbrahimə məlum idi ki, bu müqavilə vəliəhd Miranşahın ulusunda — Dərbənddən başlamış Bağdada və Həmədandan Rum sərhədinə qədər, vaxtilə Çingiz xan törəməsi Qazan xan Hülakünün hökmranlıq etdiyi böyük ərazidəki hakimlər arasında təkcə şirvanşaha müstəqil ordu saxlamaq ixtiyarı verilmişdi, vəliəhd Miranşah isə hakimiyyətə qiyam ilə gəlmiş İbrahim kimi tədbirli bir adamın Hülakü ərazisi daxilində müstəqilliyinə dözmür, şahla bütün görüşlərində ona açıq-aydın nifrətlə baxıb sinirli, hətta çılğın danışırdı... Əmir Teymurun yaşı artıq altmışdan ötmüş, üstəlik də cavanlıqdan ox yaraları ilə zədələnmiş bədəninin bir şaqqası qurumuş, deyilənə görə, sağ qolu və sağ qıçı şam kimi ağarmışdı. Səfər vaxtı düzənlik yerlərdə dəniz otu və ya yunla doldurulmuş arabada uzanır, dağlıq və dərə-təpəli yerlərdə at belində uzun müddət yol gedəndə dodaqlarını bir-birinə sıxıb bir kəlmə də danışmırdı. Bütün bunlar İbrahimi gələcəyə baxmağa, hakimiyyət vəliəhd Miranşahın əlinə keçdikdə nələr baş verəcəyini müəyyənləşdirib qabaqcadan tədbir görməyə vadar edirdi... Yeddi il bundan əvvəl, Şeyx Fəzlullahın Şirvana təzə gəldiyi vaxtlar İbrahim Bakı hakimi Hacı Firidunu saraya çağırıb şeyxə Bakıda iqamətgah verməyi, onun müridlərini isə karxanalarda, dükan-bazarda yerləşdirməyi tapşıranda Şeyx Əzəmlə bərabər məclisin bütün üzvləri və hətta şahın kölgəsi kimi dayanıb daim onun fikirlərini təkrar edən köhnə müəllimi — vəzirlər vəziri Qazi Bayəzid də bu tapşırıqla razılaşmadığını bildirdilər. "Dinimiz içində on iki sufi təriqətindən ikisi xüsusən qeyri-məqbul və zərərlidir ki, onun da ən zərərlisi hürufilikdi", — dedilər. "Fəzlullahın elmi küfrdür. Müsəlmanla tərsaya, yəhudi ilə bütpərəstə fərq qoymur. Onun elminə görə toz-torpaq da, kəlb də, kərkəs də allahdır", dedilər.

İbrahimin təxtə çıxdığı gündən bəri ikinci dəfə idi ki, alimənsəb təbəələri onun sözünü çevirib üzünə ağ olurdular.

İbrahim kirpiklərini gözlərinin üstünə endirib, daş kimi tərpənməz üzlə oturub qapalı vir dünyaya çecrilmişdi. Təxtin arxasında gümüş haşiyəli xırdaca qalxanları sinələrinə sıxıb əlləri qılıncların qəbzəsində hərəkətsiz dayanmış, danışmağa ixtiyarı olmayan candarlardan başqa bu məclisdə təkcə Gövhərşah dillənmirdi. Bir də ki, qurşağının üstündən sallanan bir batman əti qucaqlayıb hamıdan aşağıda oturmuş tacirbaşı Hacı Nemətullah şahın sözünün yerə düşməyindən pərt olub susurdu. Lakin bir azdan İbrahim, nəhayət, kirpiklərini qaldırıb Hacı Nemətullaha baxdıqda Hacı şahın ondan nə istədiyini başa düşdü və buxağının ətini əsdirə-əsdirə danışmağa başladı: "Dünya kaf-nun üstə bərqərardır. Söz və hikmət əhlinə, o cümlədən Şeyx Fəzlullaha hörmət borcumuzdur... Yaxşı və yamanı da, müsəlmanı və tərsanı da, pakı və murdarı da bir olan Allah Özü yaradıb. İti-pişiyi də, qarğa-quzğunu da Özü yaradıb. Əgər Fəzlullah bu məxluqatda da Allahın əlamətini görürsə, deməli, onun gözü bizimkindən işıqlıdır".

Hacı Nemətullahın bu məntiqi müqabilində yalnız Şeyx Əzəm danışa bilərdi və şahın səbrinə bələd olan məclis indi onun məhz Şeyx Əzəmə üz tutacağını gözləyirdi.

Lakin Hacı sözünü tamamlayanda İbrahim dərhal ayağa qalxdı: "Şeyx Fəzlullah bizim düşmənimizin düşmənidir. Elmi küfr də olsa, özü bizə gərəkdir", — dedi və bununla da məclis qurtardı.

O məclis olanda Əmir Teymurla müqavilənin bağlandığı gündən cəmisi bir il keçmişdi, bütün dünyada məşhur ipəyi ilə özü özünə təhlükə yaradıb tez-tez qonşu xalqların, sultanların hücum və talanlarına məruz qalan Şirvanda əmin-amanlıq məhz həmin müqavilənin sayəsində bərpa olunduğu üçün İbrahimin əyan-əşrəf və üləmasının hamısı hələ bu müqavilənin sevinci ilə yaşayırdı. Kür boyu Araz torpaqlarından və Şamaxı ilə Mərəzə arasında karvan yolu üstündəki toxmacarlıqların ara-bərəsində tikilmiş kümxanalardan onlarla dəvə belində şəhərə daşınan qızıl qiymətli baramanın daha heç bir talançıya, qarətçiyə qismət olmayacağını düşündükcə onlar teymuriləri heç də düşmən yox, əksinə, dost və himayədar hesab edirdilər, Əmir Teymurla onun varislərini, o cümlədən Miranşahı da qan içində üzən dünyada yeganə salamat ada kimi qalmış Şirvanın qələsi, qalxanı hesab edir, gündə beş dəfə qıldıqları namazı Əmir Teymurun adı ilə başlayır, həm öz aralarında, həm şah hüzurunda söhbətlərini də Əmir Teymurla başlayıb onunla da qurtarırdılar. Odur ki, "düşmən" deyərkən İbrahimin teymuriləri nəzərdə tutduğu onların xəyalına da gəlmədi. Çünki bu adamlar hələ nə Miranşahın düşmənçiliyindən xəbərdardılar, nə də İbrahimin teymurilərə gizlin düşmən münasibətindən. Şeyx Fəzlullahın kainatdan və insandan bəhs edən elminin, əslində, teymurilərə qarşı çevrilmiş silah olduğunu isə İbrahimin özü ilə Gövhərşahdan başqa hələ bir kimsə bilmirdi. Buna görə də o məclis hürufilərin xeyrinə qurtardı və Fəzl Bakıda iqamətgah aldı.

O vaxtdan keçən yeddi il ərzində Teymur səltənəti nə qədər böyüsə də və Səmərqənd əmiri yenilməz bir cahangir kimi şöhrətlənib yeni qüdrət kəsb etsə də, Fəzl müridlərinin ayağı dəyən yerlərin hamısında yüz minlərlə adam teymurilərə itaətdən çıxıb "batin" olmuş və ya əlçatmaz-ünyetməz dağlara, sıldırım qayalıqlara çəkilmişdi. Hürufilərin "Fəzl günü" yetişəndə batinlərlə birgə bütün o dağlar, qayalar da teymurilərin üstünə yeriməli idi. İbrahimə lazım olan da bu idi. Onun fikrincə Şeyx Fəzlullah artıq işini görüb qurtarmışdı. İşin sonrasını daha şeyx özü görməməli idi. Əvvəla, ona görə ki, yeddi il bundan əvvəl Şirvana adi şeyx adı ilə gəlmiş bu adam indi artıq "mühiti-əzəm şeyxi", "xilaskar Mehdi (2)", "allah" adlanır və yalnız teymurilərin zülmü altında olan şəhərlərdə yox, Şirvanın özündə də əsnafın səcdəgahına çevrilirdi. O biri tərəfdən Fəzlin gizlin iqamətgahının Bakıda və hürufi ocağının Şirvanda olduğu daha heç kəsdən gizlin deyildi. Kiminsə xəyanəti üzündənmi, yoxsa teymurilərin bütün Şirvanda qorxusuz, qadağasız gəzişən xəbərgir dərvişlərinin səyiləmi, hətta İbrahimin hürufilərlə son dərəcə məxfi əlaqəsi də Miranşaha çatdırılmışdı. İndi söhbət ancaq bu əlaqənin üstündə idi. Ya Miranşah İbarahimin hökmdara və səltənətə xəyanətini sübut edib nəhayət arzusuna çatmalı, ya da İbrahim hürufilərlə dost yox, düşmən olduğunu sübut edib uzaq yürüşdən qələbələrlə ayrılar hökmdarın görüşünə həmişəki sədaqətli müttəfiq kimi getməli idi.

***

Gülüstan sarayının əsas binası xanəgahla Şah məscidinin arasında, gizlin yeraltı yollar üstündə ağ mərmərlə döşənmiş geniş, hamar meydan vardı. Əmin Məhrəm haradansa çapar göndərib Fəzlin elçisi Seyid Əli ilə onun yoldaşları barədə şahı xəbərdar etdiyi günün axşamı, ikindi namazından sonra İbrahim bu meydanda dayanmışdı.

Sarayda bu saat ruhi rahatlıq və Allaha yaxınlıq saatı olduğu üçün şahın bütün ailə üzvləri və yaxın adamları xanəgahın birinci mərtəbəsinin qiblə tərəfindəki hündür qübbəli ibadət otağında mehrabın qabağına toplaşmışdılar. Bir az əvvəl İbrahimin özü də orada idi. Başında bəyaz əmmamə, əynində ağ ipək çəpkən üstündən həmişə ibadət vaxtı geyindiyi göy ləbbadə, Şeyx Əzəmlə Qazi Bayəzidin ortalığında dayanıb mükəbbirin oxuduğu ayənin bir kəlməsini də ötürmədən səliqə-sahmanla namaz qılırdı. Sonra şeyxlə qazini şübhələndirməməyə çalışaraq könlünün təklik istədiyini bildirib ikinci mərtəbədə xəlvətiyyəyə qalxdı.

Xanəgah elə tikilmişdi ki, ibadət otağından mükəbbirin səsi daşların arası ilə keçib, xəlvətiyyənin qübbəsində əks olunub yenidən bütün aydınlığı ilə eşidilirdi. Odur ki, İbrahim bir qismini ibadət otağında dinlədiyi surənin ikinci qismini pillələri qalxanda, axırını isə artıq xəlvətiyyədə, canamaz önündə diz çökəndə təkrar edirdi. Gündə beş dəfə, hər dəfə də azı yarım saat ibadət çox vaxt apardığı üçün namazı pozmaq günah sayılsa da, işi yol verməyəndə o, iki-üç namazı birləşdirib bir dəfəyə qılırdı, bəzən də indiki kimi yarımçıq qalxıb xəlvətiyyəyə gəlirdi. Şahın hürufilərlə əlaqəsinə aid faş olmuş sirlər içərisində tək bir açılmamış sir qalmışdı: Fəzllə xəlifələrinin Dost Əmin Məhrəmi ilə vəliəhd Gövhərşahın eyni adam olduğunu hələ heç kəs bilmirdi və İbrahim yeddi il ərzində xüsusi diqqət və qayğı ilə qoruduğu bu sirri axıra qədər qorumaq fikrində idi. Buna görə də Fəzl elçilərini Gövhərşahın heç kəsə etibar etməyib şəxsən özünün gətirəcəyini eşidəndə oğlunun bu gözlənilməz ehtiyatsızlığından narahat olub onun çaparını dabanı üstə qaytarmışdı ki, Gövhərşah onları ibadət vaxtı, bütün ibadətlərdən uzun sürən ruhi rahatlıq saatı gətirsin.

Elçilərin taleyi əvvəlcədən həll edilmişdi. Şeyx Əzəmin iddiasına görə Fəzlullahın elmini öyrənən bütün mürtədlər kimi elçilərin də nəfəsi sehrli və zəhərli idi, buna görə də onlar elçixanaya və ya pişgaha buraxılmadan eşikdə həbs edilməli və bu vaxt şahı kafirlərin sehr və zəhərindən qorumaq üçün şeyx özü də orada olmalı, Fəzlullahın xəlifəsi Seyid Əlinin kəlməsi müqabilində kəlmə deyib onu zərərsizləşdirməli idi. İbrahim buna razılıq vermişdi. Lakin elçiləri Gövhərşahın özünün müşayiət etdiyini biləndə rəsmi fitva ilə dindən xaric olunmuş adamların arasında vəliəhdi Şeyx Əzəmin görməsini istəməyib ruhi rahatlıq saatını adətən məsciddə keçirən şeyxi də xanəgaha çağırtdırdı və xahiş etdi ki, namazdan sonra şeyx ibadət otağında qalıb özü şahzadələrə hədis oxusun.

İbrahim hiss edirdi ki, cavanlıqdan qanına hopmuş məxfi fəaliyyət vərdişi onu həddindən artıq ehtiyatkar edib. Hələ dağ döşlərinin qarlı vaxtında ləşgərgahdan qoşunla gedib Fəzlullahı axtaran vəliəhdin axtardığını tapmayıb elçilərlə qayıtmasında şeyx bəlkə də heç nə görməzdi. Lakin İbrahim onu da hiss edirdi ki, hürufilər Şirvanda yurd salandan bəri fikirdən və yuxusuzluqdan sifəti zərd olmuş Şeyx Əzəm rəsmi fitvanı əlinə alandan sonra indi daha heç kəsə güzəştə getməz, öz elmləri ilə insanı Allaha şərik çıxaran kafirlərə kömək üstündə hətta şahın Gövhərini, əqli və gözəlliyi ilə bütün Şamaxıya işıq saçan vəliəhdi təqsirləndirməkdən də çəkinməz. Odur ki, xəlvətiyyədə ən etibarlı qulamından vəliəhdin elçilərlə gəldiyini eşidəndə və dərhal ləbbadəsinin ətəyini yığışdırıb aşağı düşəndə də İbrahimin fikri şeyxin yanında idi.

İbadət otağının yeganə pəncərəsinin dəmir şəbəkələrinin altı güşəli ulduzları arasından süzülən işıq altında, pillədə ayaq saxlayıb yuxarıya qulaq verdi və yalnız şeyxin bəlağətli səsini eşidib onun hədis başladığına əmin olduqdan sonra meydana endi, çıraqdarlarının saysız-hesabsız məşəllə işıqlandırdıqları meydanın aşağısında, dərgah qapısının — baş darvazanın qabağında əsgərləri parıldaşan əsgərxas dəstəsinə doğru addımladı.

Sağ-soldan qara mahud geyimli, sarı tumac çəkməli, qədd-qamətli adamlar peyda olub, əllərindəli yalın qılıncları böyürlərinə, gümüş haşiyəli, xırda, yüngül qalxanları döşlərinə sıxıb təzim edir, və dinməz söyləməz, gendən-genə şahı müşayiət edirdilər. Bunlar hələ Şəki civarında ikən gecə-gündüz səbir və sədaqətlə İbrahimin keşiyini çəkib, indi də onun arxasınca gəzən candarları dərbəndli ana qohumları və qayınları idilər, Şamaxıda bu adamların hər birinin böyük mülkü, var-dövləti, qul-qaravaşı, Şamaxı ətrafında hər birinin toxmacarlığı, kümxanası vardı. İbrahim onlara dəfələrlə ali mənsəb təklif etmişdi, artıq ahıllaşıb ağırlaşdıqlarını xatırladıb demişdi ki, oğul-uşaq arasında rahat güzəranlığa başlasınlar. Lakin bu ahıl candarlar indi zamanın daha qarışıq olduğunu, dostla düşmənin seçilmədiyini söyləyib belə bir zamanda oğul-uşaq arasında rahat yaşamağa razı olmamışdılar.

İbrahim bu sədaqətli qohumlarının müşayiəti ilə dərgah qapısından əsgərxas dəstəsinə yaxınlaşanda oradan bir nəfər irəli çıxıb təzim etdi. Bu, Gövhərşahdı. İki mehtərin zorla sakitlərşdirdiyi göydəmir atı kimi; dəbilqəsinin qabağındakı höy tovuz lələyi, alnını, gicgahlarını sıxıb dəbilqənin arxasında düyünlənmiş göy tirməsi və əynindəki polad sinəbəndi ilə özü də başdan-ayağa səma rənginə çalırdı. Qaralmış üzündə vaxtilə atasınınkı kimi qızılı olan yumşaq bığı, saqqalı da yanıb qonurlaşdığı üçün açıq rəngli, badamı gözləri indi daha işıqlı və daha gözəl görünürdü.

İbrahimin yeddi oğlu bir yana idi, təkcə Gövhərşah bir yana. Cəmisi beş-on günlük ayrılıqdan sonra belə bu sərv boylu, qulac qollu bahadırı körpə kimi qucaqlamaqdan özünü saxlaya bilmirdi. Gülüstan sarayında və bütün Şamaxıda danışırdılar ki, vəliəhd ata nənəsinə, yəni İbrahimin mərhum anasına çox oxşadığına görə şah onu bu qədər sevirdi. Şahın ana qohumları isə bilirdilər ki, məsələ yalnız oxşarlıqda deyildi. Dərbənddən Şəki civarına, oradan da Şamaxıya köçmüş qohumların yadında idi ki, İbrahimi anasından lap cavan yaşında, demək olar ki, uşaqkən ayırmışdılar. Gövhərşah isə böyüyüb at minən, qılınc tutan vaxtına çatdıqdan sonra Kəsranilərin ciddi nəzarətinə baxmayaraq, yasağı ayaqlayıb tez-tez Dərbəndə qaçmış, nənəsinin gizlin qonağı olub yenə Şəki civarına qayıdanda nənənin dilindən atasına çoxlu bayatı aparmışdı. O illərin məhrumiyyətlərlə dolu ağır günlərində Mənüçöhr törəməsi ilə görüşə gələn rəiyyət yanında cütün məcindən yapışıb, səhərdən axşama qədər işləyib yorulandan sonra İbrahim haman ağacın altında uzanıb başını oğlunun dizinin üstünə qoyardı. Bunun nə demək olduğunu yaxşı bilən Gövhərşah isə hələ o yeniyetmə vaxtında hamını valeh edən incəlik və həssaslıqla, asta-asta nənəsinin bayatılarından oxumağa başlardı: "Naçar ağlama. Qapını bağlayan fələk bir gün açar ağlama..." Bir-birindən kövrək və yanıqlı olsa da, o bayatıların heç birində ah-nalə və gözyaşı yoxdu. Hamısı qaranlıq içində işıq, ümidsizlik içində ümid görmək açan deyilmişdi və bunları oxuya-oxuya İbrahimin nəzərində Gövhərşah özü də ümid və işıq timsalına çevrilmişdi. Qiyamdan bir gün əvvəl əmisi Bəhlulla birgə silahlanıb atası ilə vidalaşanda Gövhərşah atının cilovunu çəkib yenə də nənəsinin bayatılarından oxumuş və İbrahim atlılar uzaqlaşıb bələni aşana qədər oğlunun səsini eşitmişdi.

Səhərisi gəzərgi qohumları Şəki civarında gizlənmiş İbrahimi tapıb Gövhərşahən qiyamçıları Şamaxı üstünə bayatı ilə apardığını xəbər verəndə İbrahim gözlərində yaş titrəyə-titrəyə qəhqəhə çəkib: "Kəsrani xanədanını yıxsa, elə anamın bayatıları yıxacaq!" — demişdi.

Hakimiyyətə gələndən sonra tacgüzarlıq gününün axırında boz çuxa və şişpapaq əvəzində, əynində zər naxışlı qırmızı ləbbadə, başında dörd barmaq enində firuzə qaşlı tac, camaatın görüşünə çıxıb ənam paylayanda İbrahim başqa qiyam başçıları sırasında Gövhərşahı da hüzuruna çağırdı, Kəsranilərin şah tövləsində Huşəngin şəxsi atları arasındakı göydəmir atları ona bağışladı, heç kəs soruşmadı ki, tövlədə gözəl kəhər atlar olduğu halda, şah oğluna nə üçün göydəmirləri bağışlayır. Sonra İbrahim oğlunun dəbilqəsinin üstündən öz əli ilə göy tirmə bağlayıb tirmənin arxasına da eyni rəngdə tovuz lələyi taxdı. Yenə də heç kəs soruşmadı ki, şahlığın rəngi qırmızı rəng olduğu halda, şah öz varisinə nə üçün göy tirmə ilə göy lələk bağışladı. İbrahim isə hələ o vaxtdan Gövhərşaha gizlin qibtə ilə baxan ikinci oğlu Xəlilullahda həsəd oyatmamaq xatirinə açıb demişdi ki, bu səma rəngini Gövhərşaha ucalıq rəmzi kimi bəxş edir; onun öz vəliəhdinə məhəbbətində atalıq hissindən əlavə, bu cür mərhum anasından yadigar qalmış bayatı kövrəkliyi də vardı və məhz bu kövrəkliyə görə idi ki, beş-on günlük ayrılıqdan sonra Gövhərşahla görüşəndə onu qucaqlayıb bağrına basmasa, rahat olmurdu.

Bununla belə, bu axşam oğlunu soyuq qarşıladı.

Gövhərşahın arxasınca onun təlimxanada aramsız məşqlərinin bəhrəsi olan cavan bahadırlar — əsnaf oğulları köhnə Şirvan ənənəsi ilə, sağ əllərini qılınc qəbzəsində, sol əllərini bürünc sinəbənddə əks olummuş öküz başının üstünə qoyub təzim etdilər. İbrahim hərəsi bir əsgərxas qoşununun (3) başında Şirvanı əriş-ağac gəzdikdən sonra əliboş qayıtmış bu bahadırların heç üzlərinə də baxmadı. Öz açarçısı ilə birgə şah buyruğuna müntəzir dayanmış zindan rəisinə ötəri nəzər salıb irəli keçdi və nəhayət, bəyaz geyimli Fəzl elçilərini gördü.

İzahlar

redaktə
  • II Mənüçöhr (1096-1120);
  • 1 — O ili teymur kəşfiyyat yürüşü adlanan ilk qısa müddətli yürüşə başlamışdı;
  • Mülk və ya ocaxlıq — hakimin iradəsinə verilən torpaq sahəsi belə adlanırdı;
  • Tərsa — xaçpərəst;
  • Kəlb — it;
  • Kərkəs — quzğun;
  • Candar — şahın şəxsi mühafizəçisi;
  • Kaf-nun (kon) — olsun; dünya Allahın bu kəlməsindən yaranmışdır;
  • Batin — Quranın bətnində — daxilində gizlin məna axtaran, ortodoksal dinə düşmən adam;
  • 2 — On ikinci imam əl-Mehdinin "xilaskar" adlandırılması xilafət daxilində mübarizə ilə əlaqədar idi: öz zamanına görə mütərəqqi sufi təriqətləri İmam Mehdinin nüfuzunu Məhəmməd Peyğəmbərin ilk xəlifələri Əbu Bəkrə, Ömərə, Osmana və onların davamçılarının hakimiyyətinə qoymuşdular;
  • Natiq — peyğəmbər;
  • Mükəbbir — namazı idarə edən;
  • Xəlvətiyyə — yalnız şahla onun yaxın nədimlərinə məxsus otaq;
  • Pişgah — sarayın baş salonu, şah təxti qoyulan yer;
  • Öküz — Yerin dayağı rəmzi, Şirvanşahların totemi;
  • 3 — Əsgərxas qoşunları (bir qoşunda yüz seçmə əsgər) yalnız sarayın mühafizəsi üçün hazırlansa da, şahın şəxsi tapşırıqlarına da əməl etməli idi.