Məhşər I fəsil
Müəllif: İsa Hüseynov Muğanna
II fəsil


Yer üzünün bir qismində Teymurləng, o biri qismində Tamerlan adı ilə tanınan Səmərqənd əmiri ilk yürüşlərini başa vurub İranı, Azərbaycanın cənub torpaqlarını, Ərməni və Qaxeti fəth edib, Kür çayı boyunca Azərbaycanın şimalına gəlib burada gözlənilmədən Şirvanşah İbrahimlə müqavilə bağlayıb Səmərqəndə qayıtmış, səltənətinin düşməni — Qızıl Orda hakimi Toxtamış xanla növbəti vuruşmalardan sonra yeni böyük yürüşə başlayıb bu dəfə Bağdada qədər gedib çıxmış, oradan qayıdanda isə İran-Rum sərhədində İldırım Bayəzidə bac verən qalalara basqın etmiş, qarət malını və ailəsini yaz açılana qədər Zəncanda qoyub, Bayəzidin lap qulağının dibində — Ərməndə qışlamağa getmişdi. Bu o deməkdi ki, Teymur artıq ız qüdrərinə inanır və Sultan Bayəzid kimi şöhrətli bir cahangirdən belə çəkinmirdi. Bu vaxt Rum torpağı içərisində, öz iqamətgahı Bursada oturub tərpənməyən Bayəzidlə birlikdə, Rum qılıncına itaət edən hakimlərin hamısı gərgin diqqətlə, Teymurun yeddi yüz minlik selinin hərəkətini izləyirdi. Artıq hamıya məlum idi ki, həmlələrini qara atlı, qara geyimli süvarilərin ox yağmuru ilə başlayıb, kəhər atlı, qırmızı geyimli bölüklərin axını ilə qurtaran bu dəhşətli selin qarşısında duruş gətirə biləsi bir qüvvə yoxdur. Sayca çox ordu ilə bərabər, Teymur həm də rəhmsizliyi ilə dünyanı sarsıtmışdı. İnsan başından minarələrin, xəndəklərə tökülüb diri-diri basdırılan minlərlə adamın sorağını alan hakimlər, Teymurun yaxınlaşdığını eşidən kimi qala divarları arasına çəkilir, fürsət varkən qaçıb qurtarmaq üçün hazırlıq görür və ya qırğının qabağını almaq ümidi ilə təslim olmağa tələsirdilər.

Yeddi yüz minlik selin viran qoyduğu ərazidə tək bir ölkə qalmışdı ki, Teymur onu rəsmən səltənətinə daxil etsə də, əslində təslim edə bilməmişdi.

O ölkə Azərbaycan idi.

Qalalar arasında tək bir qala qalmışdı ki, Teymur onu uzun illər ərzində mühasirədə saxlasa da, heç cür ala bilmirdi.

O qala Naxçıvanda Əlincə qalası idi.

Əlincənin hələ təzə mühasirə edildiyi vaxtlar, Teymurun ordu rəislərindən Əmir Qıymaz Naxçıvanı dağıtmış, gizlin, yeraltı yollarla Əlincəyə əsləhə və azuqə daşıyan əhalidən beş yüz nəfər kişi seçib, şəhərdə Ziyaülmülk günbəzi adlanan məbədgaha doldurmuş və pəncərələrdən uzun müddət az-az saman tüstüsü buraxaraq, işgəncə ilə boğdurmuşdu ki, bu qırğın salamat qalanlara ibrət olsun, daha heç kəs qala müdafiəçilərinə kömək göstərməyə cürət etməsin. Lakin hələ Ziyaülmülk müsibətindən əvvəl də qalada teymurilərə müqavimət göstərəcək qədər qüvvə vardı. Arazın o tayında Təbrizdən, Kür boyunda Tauş qalasından, Şamxordan və Gəncədən, Şirvan səmtində Şəkidən əli silah tutanların hamısı axışıb əlincəyə doluşmuşdu. Qalanın içərisindəki geniş dağ yastanasında dəmyə taxıl əkir, mal-davar saxlayır, daşlardan sızan bulaq suyu içir, hündür bürclər və sıldırım qayalar belində gecə-gündüz keşik çəkir və fürsət düşdükcə enişaşağı tökülürdülər.

Yalnız teymurilərlə döyüşən yalnız qala müdafiəçiləri deyildi.

1393-cü ilin yazında Əlincəni mühasirədə saxlayan ordunun qarovul qoşunları ilə gecə qaranlığında gizlin yolla tuluqlarda qalaya neft aparan naməlum bir dəstə arasında qısa, amma qanlı bir toqquşma baş vermişdi. Bu, uzun illər ərzində, ilin bütün fəsillərdən baş verən həm azərbaycanlılar, həm də teymurilər üşün adi bir hadisə idi. Ancaq Teymurun Bağdad yürüşündən qayıtdığı vaxta düşdüyünə görə bu hadisə narahatlığa və səs-küyə səbəb olmuş, Şirvanşah İbrahim toqquşmada həlak olan alimənsəb teymurilərin qəbirləri üstündə təziyyə namazı qılmaq üçün Şirvan sədrəddini Şeyx Əzəmin və vəzirlər vəziri Qazi Bayəzidin başçılığı ilə Şamaxıdan Naxçıvana mötəbər məscid əhlindən ibarət böyük bir dəstə göndərmişdi. Məqsəd qalaya neft aparanların neft mənbəyi Bakıya, bakılılara və ümumən Şirvana dəxli olmadığını, yəni İbrahimin öz qüdrətli müttəfiqinə xəyanət etmədiyini sübuta yetirmək idi. Ancaq iş elə gətirmişdi ki, bu barədə deyib-danışmağa ehtiyac qalmamışdı: Qazi Bayəzid döyüş meydanından neft aparanların mənsubiyyətini göstərən bir papaq tapıb Şeyx Əzəmə vermiş, Şeyx Əzəm isə bu papağı əvvəlcə Teymurun oğluna — İran və Azərbaycan hakimi Miranşaha göndərmək istəmiş, sonra Miranşahın öz iqamətgahı Sultaniyyədə olmadığını öyrənib, bu vaxt sorağı Bağdad-Təbriz yolundan gələn Əmir Teymurun özünə göndərmiş və tapşırmışdı desinlər ki, Əmir Teymurun müzəffər ordusunun yeddi il ərzində Əlincə qalasına bata bilməməsinin sirri bu papaqdır.

Papaq bəyaz keçədən idi. Ərmən, yunan keşişlərinin papqlarına — mitraya bənzəyirdi. Qabağında göy ipəkdən barmaq enində şəridi, kənarlarında at qılından hörülmüş bir qarış uzunluğunda möhkəm saçaqları vardı.

Şeyx Əzəmin müridləri Bağdad-Təbriz yolunda Əmir Teymurun düşərgəsinə yetişib kim olduqlarını, nə üçün gəldiklərini deyib, hökmdarın hüzuruna çağırılanda, onlarla birlikdə çadıra dəvət olunan alimənsəb seyidlər birağızdan təsdiq etmişdilər ki, bu papaq İran və Azərbaycan əsnafının "Fəzl" adlandırdığı din düşməni kafir Fəzlullah əl-Hürufinin müridlərinə məxsusdur, belə uzunsaçaqlı bəyaz papağı ancaq o məlunlar — hürufilər qoyurlar.

Fəzlullah adında və "hürufi" kəlməsində nə hikmət vardısa, deyirlər ki, Teymur qapqara olub, papaq əlində, dinməz-söyləməz çadırdan çıxıb, dərhal səfər elan etmişdi.

Bu vaxt Şeyx Əzəm artıq Şamaxıda imiş, Novruz bayramı və şahın tacgüzarlıq günü münasibəti ilə Şirvanşah İbrahimi, ailə üzvləri və alimənsəbləri ilə birlikdə məscidə dəvət edibmiş. Namaz qurtarandan sonra, şah yığışıb getməyə hazırlaşanda, kim isə onu xəncərlə vurmağa cəhd etmiş, amma şahın üstünə cumduğu məqamda özü öldürülmüşdü.

Şamaxıda yayılan xəbərə görə, sui-qəsdçini sifətdən heç kəs tanımamışdı, ancaq ölünün cibindən əlifbanın baş hərfi "əlif" (ا) şəklində bir açar tapılmış, bu açarı xüsusi mücrü içində şah dərgahına aparıb İbrahimə təqdim edən Şeyx Əzəm və onu müşayiət edən müridlər demişdilər ki, onlar yaxşı bilirlər — bu açar da hürufilərə məxsusdur.

Bütün bunların nəticəsində, Teymurləng zamanının ən məşhur həkimlərindən və Teymurun ən güclü düşmənlərindən biri — Şeyx Fəzlullah Cəlaləddin Nəimi öz daimi iqamətgahı Bakını tərk edib, böyük qızı, həm də varisi Fatma və yaxın dostları ilə birlikdə, gah Bakı civarının ibadətgah və karvansaralarında, gah da Şirvanın müxtəlif guşələrində, yerini tez-tez dəyişə-dəyişə gizlənməyə məcbur olmuşdu... İllər keçəcək, bir vaxt gələcək, ölünün cibinə qoyulan açarın köməyi ilə düzəldilmiş siyasi fitnə bir də Heratda, Teymurun oğlu Şahruxun iqamətgahında bir qədər başqa şəkildə təkrar olunacaq, hürufilər yalnız "ənəlhəq" deyib Allahı insanda görən küfr əhli kimi yox, həm də sui-qəsdçilər və qatil dəstəsi kimi qələmə veriləcək, bu iftiranın və şəriət qanunlarının əsasında, ən görkəmli İslam xadimlərinin imzası ilə, hürufi elminin mahiyyətini təhrif edən fitva çıxarılıb uluslara, şəhərlərə göndəriləcək, beləliklə, Teymur səltənətinin paytaxtı Səmərqənddən başlamış, Teymurun varislərinin və əmirlərinin hakim olduqları yerlərin hamısında, hürufi əqidəsinə qulluq edənləri təqib və qırğınların yeni dalğası başlanacaq, Fəzl müridlərinin böyük əksəriyyəti məhv olacaq, salamat qalanlar yazacaqdılar: "Başımız çox bəlalar çəkmişsə də, biz amal və əqidəmizdən imtina etmirik. Biz bilə-bilə həyatdan əl çəkmiş, arvad-uşaqlarımızı qəddar düşmənin əlində qoymuşuq və son nəfəsimizə qədər mübarizə apararaq, Hüseyn kimi öz həyatımızı əqidəmizə qurban verməyincə sakit olmayacağıq"(1)... İllər keçəcək, bir vaxt da gələcək, həyatı əqidəyə qurban verməyi insan üçün ən yüksək kamillik hesab etsələr də, onlar qələbə arzusu ilə müxtəlif təriqətlərə qoşulmağa vadar olacaqdılar, bu səbəbdən də bir tərəfdən İslam təzkirəçiləri, o biri tərəfdən firəng səyyahları onları şiə, qələndəri, bəktaşi və sair, hürufilikdən kəskin fərqlənən təriqət adları ilə adlandıracaq, beləliklə, bu dolanışıqlıq və hərc-mərclik içərisində hürufi anlayışı üzərinə qatı bir anlaşılmazlıq dumanı çökəcək, zaman keçdikcə sonrakı əsrlərdə bu duman daha da qatılaşacaqdı.

Teymurun Azərbaycana ilk yürüşləri zamanı bu deyilənlərin hələ heç biri baş verməmişdi və "hürufi" kəlməsi altında tamamilə aydın bir qüvvə tanınırdı. Nə qədər ki, Teymur Bağdaddan qayıtmamışdı, Şirvanşah İbrahim bu qüvvəyə nəinki toxunmurdu, əksinə, yalnız özünə məlum olan səbəblərə görə, hətta onun artıb yayılmasına da kömək edirdi. Fəzlin iqamətgahında gizlin Əmin Məhrəm adı ilə tanınan bir alimənsəb, şahın tapşırığı ilə Arazın o tayından Şirvana pənah gətirən qaçqınlara Fəzlin adından taxıl, paltar-palaz və sair, güzəranlıq üçün vacib şeylər paylatdırırdı, qaçqınlar da, təbii olaraq, gəlişlərinin lap ilk günlərindən Fəzlin alim-şair müridlərinin, xəlifələrinin məclislərinə can atıb onların mülahizələrinə qulaq asırdılar. Sifətlərində eyni müsibətin damğasını gəzdirən, hamısı bir-biri kimi bağrıyanıq didərginlər o moizələrdə, hər şeydən əvvə, söz yox ki, təsəlli və təslinlik axtarırdılar. Ancaq moizə zamanı elmə maraq göstərənlər daha çox olurdu. Belələri yaşından asılı olmayaraq savad öyrənir və hürufi elmini tədris edirdilər. Vaxtı yetişəmdə isə, nəhayət, "Dilbərin məskəninə", "Yari-pünhanın" hüzuruna çağırılırdılar. Ziyarətə gedən zəvvarsayağı, pay-piyada Bakıya gedib orada Fəzlin özünün, varisi Fatmanın və ya onların vəkil etdikləri adamın iştirakı ilə keçirilən təntənəli məclisdə suallara cavab verir, hürufi nizamnaməsi əsasında "həqqə vəfadarlığın şərtlərini", yəni nəyə qabil olduqlarını, elmə məhz nə ilə xidmət edəcəklərini danışıb "kamillər məclisinin" razılığından sonra xirqə, papaq, qurşaq və taxtadan qayrılmış rəmzi qılınc alır, Fəzlin "Cavidannamə"sinin öpüb ustada, onun elminə və qayəsinə son nəfəsə qədər sadiq qalacaqlarına and içirdilər. Beləliklə, rəsmi "Fəzl müridi" adına laiq görüldükdən sonra, bu adamlardan bir qismi müxtəlif gizlin tapşırıqlarla "doqquz şəhərdə doqquz həqq ocağı"na, o cümlədən vəliəhd Miranşahın bilavasitə hakimiyyəti altında olan Naxçıvana, Təbrizə və Marağaya göndərilirdilər ki, bu şəhərlərdə öz həmvətənləri arasında "Fəzl həqiqətini yaymaq işində təcrübə qazanıb sınaqdan çıxsınlar və daha geniş miqyasda fəaliyyətdə olmaq üçün Mazandarana, Kürdüstana, Bodlisə, Sərxəsdə, Bəlxə, Kirmana, Hörmüzə, Şiraza, Bağdada, Şama və hətta Səmərqəndə getsinlər.

Fars və ərəb dillərini mükəmməl bilib Fəzlin kəlamlarını bu dillərdə asanlıqla izah etməyi bacaran alim və şair müridlər təcrübə və sınaq dövrü keçirmədən qiyafələrini dəyişib dərviş libasında Teymurun ordusunun ardınca düzülən araba və dəvə karvanlarına qoşulub qonşu diyarlara gedir, bir-birinin ardınca dağıdılan şəhər və kəndlərin xərabəliklərində dolaşan yurdsuz-yuvasız, ac-yalavac insan selinə qarışıb uçuq divarlar mətərisində, kalafalarda tüstülənən ocaqlar qırağında moizələr oxuyurdular, qan-qırğın içində dinə, Allaha, Peyğəmbərə etiqadını itirmiş, məhrumiyyətdən çılğınlaşmış adamların qəlbində ümid, etiqad və ehtiras oyadıb dizlərində, dirsəklərində cır-cındırlarını əsdirə-əsdirə: "Ənəlhəq!" — qışqıran dəstə-dəstə "allahlar" yaranmasına səbəb olurdular və insan ləyaqətini hər şeydən yüksən tutan bu "allahların" sərgərdanlıqdan əl çəkib salamat qalan şəhərlərin karxanaları, bazarları ətrafında — əsnaf icmalarında birləşməyini tövsiyə edirdilər.

Bu daim gəzərgi alim və şairlərdən — "rəmzi qılınc bahadırları"ndan başqa, Şirvanda üçüncü qism müridlər də vardı ki, bunlar Fəzldən xirqə alandan sonra, öz adi həyat tərzlərinə qayıdıb məskən saldıqları yerlərdəki karxanalarda keçə atır, papaqçılıq eləyir, mümkün olduqda icarə ilə yer əkib taxıl becərir, mal-davar saxlayır, qazandıqları para və nemətləri əsnaf icmasının ixtiyarına verib həm öz ailələrini, həm də ustadın və xəlifələrin məclislərini təmin edir və nə vaxt isə doğma yurdlara dönüb Fəzlin vəd etdiyi "ədalət səltənətində" yaşamaq ümidi ilə Fəzl qiyamının başlanmağını və Teymur səltənətinin dağılacağını gözləyirdilər. Bunlar Bakıdan Şamaxıya, Şəkiyə və Şəbrana qədər, Dərbənddən, Xəzər sahili boyundan Muğana qədər, Şirvanşahın ixtiyarında olan torpaqlarda bütün şəhərlərə, karvan yolları üstündə örtülü bazarlara, karxanalara və həmin karxanalar üçün barama, yun, dəri verən kəndlərə, obalara, qışlaq və yaylaqlara səpələnmişdilər. Fəzlin öz iqamətgahını tərk etdiyi günlərdə gecələr onun daim hərəkətdə olan kiçik atlı dəstəsi ilə xüsusi qasidlərlə əlaqə saxlayıb, mənzilbaşında onu qarşılayıb yeni məkanda gizlədənlər haman bu oturaq müridlərdi. Bütün hürufilər kimi, bu müridlər də qeyri-adi dərəcədə cəsarətli, ölümdən pəsinməyən "qorxudan xali" adamlardı. Fürsət düşdükcə Şirvan ərazisi daxilində Fəzli axtaran atlı dəstələrin başçısı şahın böyük oğlu vəliəhd Gövhərşahın qarşısını kəsib Teymurun səfərdən qayıtdığı bir vaxtda Əlincədə döyüş meydanına hürufi papağı atılmasının da, sui-qəsdin də düşmən işi olduğunu, Fəzli təqib etməklə şahın böyük səhvə yol verdiyini və əgər Fəzlin başına bir iş gəlsə, bütün müridlərin rəmzi qılıncları atıb silaha sarılacaqlarını bildirirdilər. Vəliəhd Gövhərşah Fəzli heç də həbs etmək yox, şahla danışığa çıxarmaq üçün axtardığını söyləyib müridləri sakitləşdirməyə çalışırdı. Lakin Əmin Məhrəm adı ilə tanınan gizlin dost tamam başqa, həyəcanlı xəbərlər göndərmişdi: Vəliəhd Miranşah Şirvanşah İbrahimin Şeyx Fəzlullahı öz himayəsində saxladığını və bununla səltənətə xəyanət etdiyini atasına sübut etmək niyyəti ilə Sultaniyyədən Şamaxıya qasid yollayıb Fəzlin dərhal tutulmasını və Naxçıvana, Əlincə yanındakı düşərgəyə göndərilməsini tələb etmişdi, şah isə əksinə, Əmir Teymura həmişəki kimi sədaqətli olduğunu göstərmək məqsədilə Fəzli hökmdara öz əli ilə təhvil vermək qərarına gəlmişdi.

Fəzlin özündən, dəstəsindəki müşayiətçilərindən və xəlifələrindən başqa müridlərdən heç biri Əmin Məhrəm adlı dostun üzünü görməmişdi. Ancaq onun etibarına və sədaqətinə heç kəsin şübhəsi yox idi. Hələ ilk qaçqınlar dəstəsinə Fəzl adından çörək paylatdırıb sığınacaq verdiyi vaxtdan bu günlərə qədər Əmin Məhrəm Fəzlə nə xəbər çatdırmışdısa, hamısı doğru çıxmışdı. Əlincədə döyüş meydanına papaq atıldığını, papağın Əmir Teymura göndərildiyini də, Şamaxıda Şah məscidində sui-qəsdin nə məqsədlə düzəldildiyini də Əmin Məhrəm xəbər verib Fəzli duyuq salmışdı. Odur ki, vəliəhd Gövhərşahın sözləri müridləri sakitləşdirmək əvəzinə daha da narahat edir və çaxnaşdırırdı: "Dünya elmlərinin məcmuindən yaranmış "Cavidannamə" ilə iki qarış uzununda rəmzi qılıncı bütün silahlardan kəsərli hesab edən və ömürlərində bir dəfə də əllərinə həqiqi qılınc almayan bu adamlar, doğrudan da, silahlanmağa, Fəzl yolunda canlarını fəda etməyə hazır idilər.

Fəzlin Bakını tərk etdiyi gündən bir il sonra — 1394-cü ilin yazında müridlər arasında Əmin Məhrəmin sonuncu xəbəri yayıldı: Şeyx Əzəm rəsmi fitva ilə Fəzli kafir, xəlifələri və müridləri isə mürtəd elan etmiş, üstəlik, şah da möhür basıb şeyxə hürufiləri bu fitva əsasında mühakimə etmək ixtiyarı vermişdi, Əmin Məhrəm məsləhət görürdü ki, Fəzl ailəsi və yaxın dostları ilə birlikdə Şirvan torpağından çıxıb əlçatmaz dağlara çəkilsin, müridlər isə təğyirlibas olsunlar və imkan tapdıqca onlar da gedib təhlükə sovuşana qədər gizlənsinlər. Bu məsləhət özü də Əmin Məhrəm dostun sədaqətini, Fəzl başda olmaqla, hamını məhkəmə və edam təhlükəsindən qorumaq cəhdini göstərirdi. Lakin gizlin dost ancaq xəlifələrlə görüşdüyü üçün müridlərə bir o qədər də bələd deyildi və xəbəri yox idi ki, vaxtilə doğma yurdlarından didərgin düşüb Şirvanda nicat tapan bu adamlar ötən illər ərzində bu torpağa öz xərabə qalmış yurdlarından daha çox bağlanmışdılar. Bakını "işıqsaçan pir, səcdəgah", cümlə Şirvanı isə "Nicat yurdu" yurdu adlandırırdılar. Bundan başqa müridlər yaxşı bilirdilər ki, Şirvandan getmək, ümumiyyətlə, vətəni tərk etmək demək idi. Bütün Qarabağda, Naxçıvanda və Gəncə tərəflərdə teymurilərin atdan da iti qaçan dəvələr belində silahlı nəzarət dəstələri gəzişir, Mavəraünnəhrdən, Xarəzmdən tökülüb gəlib bu yerlərin canına daraşmış saysız-hesabsız xəbərgir dərvişlərin nişan verdikləri az-maz şübhəli adamı belə sorğusuz-sualsız, diz çökdürüb boynunu yerə vururdular. Rəmzi qılınc bahadırlarının və qasidlərin gətirdikləri xəbərlərə görə, Şirvan ərazisindən kənarda daha heç kəs əkin-tikinlə məşğul olmurdu. Təbrizdə çörəyin batmanı altmış dirhəmdən doqquz dinara qalxmışdı. Təbriz əsnafı düşmən əlində ölməyi aclıqdan şərəfli bilib özünü Miranşahın Sultaniyyədən göndərdiyi tamqaçıların mühafizəçilərinin qılıncı altına atırdı, buna görə də şəhərdə əhalinin yarıdan çoxu qırılmış, əsnaf məhəllələrində evlər boş, dükanlar bağlı qalmışdı. Bütün bunlardan aydın idi ki, Şirvanı tərk etdikdə müridlər Azərbaycanın heç bir yerində qərar tuta bilməyib Ruma, Ərəb İraqına, Əcəm İraqına və ya Suriyaya hicrət etməli olacaq, hələlik ancaq insan bətnində yetişən Fəzl qiyamı gecikəcək, vətən daha bir müddət, bəlkə də, həmişəlik yağı tapdağında qalacaqdı. Odur ki, gizlin dostun məsləhəti ilə heç kəs, o cümlədən Fəzl özü də razılaşmadı. Naməlum bir məkanda məşvərətdən sonra gecə qaranlığında Şirvanın müxtəlif tərəflərinə atlı qasidlər çapıb müridlərə nazik Səmərqənd kağızında çoxlu surəti çıxarılmış bir məktub payladılar.

O məktubda yazılmışdı:

"Bizə xəbər çatıb ki, Allah yanında hörməti artıq Seyid Əli dərvişlikdən qayıdıb köhnə iqamətgahımızda bizi axtarır. O əziz və istəkli dərvişimə mənim atalıq salamımı yetirin və deyin ki, Bakı daha qalmalı yer deyil, qoy təcili oradan çıxsın və heç yerdə ləngiməyib birbaş Şamaxıya getsin. Darvazada Dost Əmin Məhrəmin adamı dayanacaq, o adam Seyid Əlini şəhərdə görüş mənzilinə, Yusiflə Mahmudun yanına aparaca və Yusiflə Mahmud Seyid Əlini bütün işlərdən hali edəcəklər. Seyid onlarla birlikdə gedib uca minbər qabağında, adı yüksək olanın qabağında namaz qılsın və məramımızı o Adıyüksəyə yetirsin. Məbadə, məbadə bir adamın gözünə görünsün. Seyidin şəxsən özünə çatdırın ki, Şamaxıya ordudan çoxlu təğyirlibas adam gedib şəhərdə gizlənib. Bir aydan çoxdur ki, dərvişlərim o təğyirlibasların harada olduqlarını öyrənə bilmirlər. Onları kim isə Adıyüksəyin alimənsəblərindən biri himayə edib gizlədir. Seyid onların əlinə keçsə, hər şey məhv olar. Yusiflə Mahmuda özüm tapşırmışam: əgər Seyidə bir təhlükə üz versə, onlar Dost Əmin Məhrəmə bildirəcəklər və Əmin Məhrəm özü uca minbər qabağında namaz qılıb o Adıyüksəkdən iltimas edəcəkdir. Lakin Seyid bilməlidir ki, Əmin Məhrəmin sözü keçməyə də bilər. İşlərimiz elə gətirib ki, o əziz dərvişimə məhəbbətimin sonsuzluğuna və onu görmək istəyimə baxmayaraq, məcbur olub bilə-bilə onu təhlükənin qucağına atıram. Çünki indi ümidim yalnız onun kəlamının qüdrətinə və yalnız onun namazınadır. Yalnız o bizi batinlikdən çıxara bilər".

Məktub bundan ibarət idi.

Məktubdakı rəmzlər də hamıya məlum idi: "Allah" — Fəzlə, "uca minbər" — şah təxtinə, "Adıyüksək" — şahın özünə, "Bir adam" — Şeyx Əzəmə, "Ordu" — teymurilərə işarə idi. "Namaz qılmaq" isə gizlin danışıq demək idi. Belə çıxırdı ki, Fəzl Seyid Əli adında, haradansa uzaq səfərdən qayıtmış müridinin şahla gizlin danışığından başqa daha heç bir qurtuluş yolu görmürdü.

Bu məktub yayılandan sonra, nəhayət, məlum oldu ki, Fəzlin batinliyi — gizlənməsi çox sürməyəcək, bu yaxın günlərdə nə isə həll edici hadisə baş verəcəkdir. O hadisənin xeyri, şəri isə indi ancaq Şirvanşah İbrahimin İbrahimin iradəsindən asılıdır.

Müridlər arasında çaxnaşmanı gərgin bir durğunluq əvəz etdi. Hamı gözünü Şamaxının başı üzərində, dağ döşündə boz daş divarları yüksələn Gülüstan sarayına dikib oradan xəbər gözləməyə başladı.

İzahlar

redaktə
  • Sədrəddin — yüksək ruhani rütbəsi;
  • Əsnaf — sinif sözündən; peşəkarlar;
  • Həkim — filosof;
  • Fitva — hökm;
  • Hüseyn (Həllac Mənsur) — X əsrdə İslam qaragüruhuna qarşı məşhur həllacı hərəkatının başçısı, bütün şərqdə qəhrəmanlıq rəmzi kimi tanınmışdır;
  • 1 — Şahruxa sui-qəsd münasibətilə Səmərqəndə göndərilən məktubdan;
  • Firəng — avropalı;
  • Xəlifə — müavin;
  • Dilbər — ürək aparan;
  • Yar — köməkçi, yardımçı, yoldaş; Fəzlullah Nəiminin gizlin adlarından;
  • "Cavidannamə" — "Əbədilik sirri", Fəzlullah Nəiminin əsas kitabı;
  • Qasid — səy edən çalışan. Hökmdarların məktub, məlumat aparıb-gətirən qasidlərindən fərqli olaraq, Fəzlin qasidləri həm də səlahiyyətli icraçılar idi;
  • Mürtəd — dindən xaric;
  • Dinar — yüz dirhəmə bərabər pul vahidi;
  • Tamqaçı — vergi yığan.