Məndən (Aşıq Qurbani)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Məndən
Müəllif: Aşıq Qurbani
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Dağlar, sənin ilə həmdəm olmada,
Əsirgərsən indi qarı da məndən.
Seyraqıbın o tənəli sözləri,
Axır ayrı salar yarı da məndən.

Bu ilməyin, bu köynəyin, bu ağın,
Əzəl başdan bağbanıydım bu bağın,
Sinəm üstə çarpaz düyün bu dağın,
Bağban əsirgəyər narı da məndən.

Bu dünya dediyin bir boş ələkdi,
Haqqın min bir adı onda gərəkdi,
Qurbani der: bu nə çərxi-fələkdi,
Zülümlə ayrarlar yarı da məndən.