Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/113-cü xütbə

112-ci xütbə Nəhcül-bəlağə. 113-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
114-cü xütbə


İmam Əli əleyhis-salamın (təqva və pərhizkarlığa çağırdığı, dünyanı məzəmmət etdiyi, dünyadan uzaqlaşıb axirətə yaxınlaşmağa təşviq etdiyi) xütbələrindəndir. Həmd və şükrlər O Allaha məxsusdur ki, həmdi nemətlərlə və nemətləri şükrlə bağlayıb (nemətlərin müqabilində həmd etməyi vacib buyurub və eyni zamanda şükr etməyi nemətin bolluğunun səbəbinə çevirib). Bəlalarına görə şükr etdiyimiz kimi nemətlərinə də həmd edirik. Boynuna vəzifə qoyulmuş şeyə (ibadət və bəndəliyə) süstlük, tənbəllik edən, yerinə yetirilməsi qadağan olunmuş şeyə (günah və itaətsizliyə) tələsən nəfslərin müqabilində Səndən kömək və yardım istəyirik. Onun elminin əhatə etdiyi və kitabının (bəndələrin əməllərinin qeydə alınması üçün təyin etdiyi Lövhi-məhfuzun) hamısını qeyd etdiyi günahlara görə Ondan bağışlanmaq diləyirik. Elə bir elm ki, qüsurlu və məhdud deyil (böyük və kiçik günahları bilir) və heç nəyi buraxmayan (heç nəyin qeydi unudulmayan) kitab gizlinləri (ölümün ağrı-acılarını, qəbr evinin sorğu-sualının, qiyamət günü hesab-kitabın ağırılığını və s.) aşkar görən, vəd edilmişlərə (pərhizkarlara əbədi cənnət, günahkarlara isə həmişəlik yanan atəşə) agah olan şəxsin imanı tək Ona iman gətiririk. Elə bir iman ki, ixlası ilə şirki silib atar (insanı təkallahlı edər), yəqinliyi ilə şəkk-şübhəni aradan götürər (buna görə də əsil möminlər Allahın, Peyğəmbərin və onun vəsilərinin əmrlərinə dərhal əməl edərlər). Şəhadət veririk ki, şəriki olmayan tək Allahdan başqa layiqli mə’bud yoxdur. Şəhadət veririk ki, Məhəmməd (səlləllahu əleyhi və alih) Onun bəndəsi və elçisidir. (Səmimi qəlbdən və saf niyyətlə verilmiş) bu iki şəhadət (gözəl) sözləri və (bəyənilmiş) əməlləri yüksəldir. (Allah dərgahında qəbul olunar. Sözdə və əməldə ibadətin qəbulu da bu iki aydın əsasın deyilməsi və inanılmasından asılıdır.) Bu iki şəhadətin qoyulduğu tərəzinin gözü yüngül olmaz və iki şəhadətin götürüldüyü tərəzinin gözü ağır gəlməz (bu iki şəhadətə iman olmasa, heç bir əməl qəbul olunmaz). Ey Allahın bəndələri! Sizə (axirət səfərinə) azuqəni, (ilahi əzabdan) pənah olan təqvanı və Allahdan qorxmağı tapşırıram. Bu, (sahibini mənzil başına) çatdıran azuqə və (çətinlikdən) azad edən bir pənah yeridir. Ən yaxşı eşidən, dəvət edən (Həzrət Peyğəmbər) camaatı ona dəvət etdi və ən yaxşı dərk edən (İmam əleyhis-salam) onu dərk etdi (ona əməl etdi). Dəvət edən onu eşitdirdi, dərk edən isə nicat tapdı. Ey Allahın bəndələri! Təqva və Allah qorxusu Tanrının dostlarını haram iş görməkdən saxlayır, (əzab) xof və qorxusunu ürəklərində yerləşdirir. Belə ki, onları gecələr (namaz üçün) oyaq və istinin cırhacırında (oruc üçün) təşnə saxlayır. Deməli, (axirət) dincliyini (dünyada) əziyyətə və (o günün) sirablığını (bu günün) susuzluğuna dəyişdilər. Ölümü yaxın bilərək yaxşı işlər görməyə tələsdilər, arzunu yalan sanaraq ömrün başa çatmasını nəzərdə tutdular. Deməli, dünya məhv olası bir saray, əziyyət, halların dəyişməsi və ibrətdir. Fanilik və yoxluq vəsilələrindən biri də ruzigarın (məhv etmək üçün) oxunu kamanın çilləsinə qoymasıdır. Onun oxları boşa çıxmaz, yaraları sağalmaz, ölüm oxunu diriyə, xəstəlik oxunu sağlama, çətinlik və əziyyət oxunu xilaskara tərəf atar. Qarnı doymayan yeyən, susuzluğu yatmayan içəndir.

Əzab-əziyyət vasitələrindən biri də insanın yeməyəcəyi bir şeyi hazırlaması, yaşamayacağı evi tikməsi, sonra da malını götürmədən və binanı özü ilə aparmadan Allahın yanına getməsidir (dünyadan köçməsidir, boş əllə, evsiz-eşiksiz və əbədi həsrətlə köçür). Halların dəyişməsinin nümunəsi isə budur ki, (yoxsulluğuna və pərişanlığına görə) rəhm olunan bir kişiyə (indi xoş güzəranına və imkanına görə) qibtə edilir, (sərvət və nemətinin çoxluğuna görə) qibtə olunana isə (indi zəlilliyinə və çarəsizliyinə görə) rəhm edirlər. Bu ürək acıması (onun əlindən) getmiş nemətə və (onun yerinə) gələn çətinlikdən başqa bir şeyə görə deyil. İbrətlərdən biri budur ki, bir insan (ömrünü sərf edib çox əziyyətdən sonra) arzusuna çatmağa yaxınlaşan vaxt ölüm ümidini kəsir. Nə arzusuna yetir (ki, yaxşı yaşasın), nə də (ölümün çəngindən) xilas olur (ki, hər halda, ümidsiz olsa belə, yaşasın). İlahi, (əcəba,) bu nə olan şeydir ki, sevinci və şadlığı aldadıcıdır (belə ki, öz aşiqlərini ibadət və bəndəlikdən çəkindirir) və doyanları (axirətdə) susayar, kölgəsi (cəhənnəmdə) istilik yaradar? Nə gələcək (ölüm) keçəndir, nə də keçmiş (əldən çıxanlar) qayıdandır (ki, bir iş görsün). İlahi, (əcəba,) diri ona qoşulmaq üçün ölüyə nə qədər yaxın, ölü ondan əbədi ayrılığına görə diridən nə qədər də uzaqdır?  Cəzasına görə çəkilən əzabdan başqa (dünyada) pislikdən alçaq bir şey, (axirətdə) onun üçün təyin olunan mükafatından qeyri (dünyada) yaxşılıqdan gözəl bir şey yoxdur. Dünya barədə eşitdiyiniz hər bir şeyin böyüklüyü onu görməkdən daha artıq, axirətdən gördüyünüz hər şey onu eşitməkdən daha mühümdür. Deməli, (axirətin vəziyyətini) eşitmək və (peyğəmbər, İmam vasitəsilə) qeybdən, gizlindən xəbər tutmağınız sizi görməkdən qane edər. Bilin ki, dünyada az çatıb axirətdə çox olması, axirətdə az çatıb, dünyada çox olmasından yaxşıdır. (Mükafatı əbədi cənnət olan haram dinar-dirhəmdən gözünü çəkmək əbədi əzab cəzası ilə onu yığmaqdan daha yaxşıdır). Deməli, azlığı xeyir gətirən və çoxluğu ziyan vuran nə qədər şey var! Sizə vəzifə edilənlər çəkindirildiyinizdən və qadağan olmuşlarınızdan daha geniş və asandır. Sizə halal edilənlər haram olunmuşlardan daha çoxdur. Belə isə çox üçün azdan əl çəkin, genişlik və asanlıq üçün darlığı və çətinliyi buraxın. (Dünya malını qazanmaq üçün bu qədər çalışmayın, çünki) sizin ruzinizə zəmanət verilib (mütləq sizə çatacaq) və saleh əmələ (Xaliqə ibadət və xalqa xidmətə) borclu edilmisiniz. Deməli, zəmanət verilmiş ruzini istəmək sizlərə vacib edilmiş saleh əməli yerinə yetirməkdən əvvələ keçməməlidir. Ancaq Allaha and olsun, (din və əqidələrinizə) şəkk, şübhə düşüb və əminliyiniz, inamınız sarsılıb. Sanki sizə zəmanət verilmiş (ruzi istəmək) vacibə çevrilmiş, sizlərə vacib qılınmış (saleh əməl görmək) isə boynunuzdan götürülmüşdür. Odur ki, əmələ (ibadət və xidmətə) tələsin və qəfil ölümdən qorxun. Çünki ruzinin qayıtmasına ümid olsa da ömrün qayıtmasına heç bir ümid yoxdur. (Deməli, əməldə qüsura yol vermək və ömrü ruzi istəməyə sərf etmək səhvdir.) Bu günün ruzisindən fövtə gedənin sabahın ruzisinin artırılmasına ümid var. Dünən ömürdən itənin bu gün qayıdacağına ümid yoxdur. Ümid gələcəkdə (ruzi), ümidsizlik isə (ömürdədir) keçmişdədir. Deməli, (Qur’ani-Kərimin Ali-İmran surəsinin 102-ci ayəsində buyurulduğu kimi:) اتَّقُواْ اللّهَ حَقَّ تُقَاتِهِ وَلاَ تَمُوتُنَّ إِلاَّ وَأَنتُمْ مُّسْلِمُونَ İlahi əzabdan qorxun. Pərhizkar olun. Ona layiq bir pərhizkar. Müsəlman olmamış ölməyin (Allahın və Peyğəmbərin əmrlərinə əməl edin ki, müsəlman kimi öləsiniz).