Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/114-cü xütbə

113-cü xütbə Nəhcül-bəlağə. 114-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
115-ci xütbə


İmam Əli əleyhis-salamın yağış dilədiyi vaxt buyurduğu xütbələrindəndir. İlahi, dağlarımız çatlayaraq quruyub, torpaqlarımız toza bələnib. Heyvanlarımız analar övladlarının müsibətində nalə çəkdikləri kimi susuzluqdan axurlarında heyran və sərgərdan qalıb nalə çəkirlər. Otlaqlara və su içdikləri yerə su həvəsi ilə gedib-gəlməkdən yorulub əldən düşüblər. İlahi, nalə edənlərin naləsinə və diləyənlərin arzusuna rəhm qıl. İlahi, heyvanların keçidlərdəki sərgərdanlığına və axurlarında (ot-ələf tapmadıqlarına görə) çəkdikləri naləyə rəhm et. İllərin qəhətçiliyi arıq (zəif, gücsüz və biçarə) dəvələr tək bizlərə üz tutduğu, yağış ehtimalı olan buludların əleyhimizə çıxdığı vaxt (buludlar görünüb ürəklərdə yağış yağacağına ümid yaratsalar da yağmırdılar) Sənin fəzl və kərəminə olan ümidlə (öz evlərimizdən) bayıra çıxdıq. Sən qəmlinin ümidi, istəyənin diləyini yerinə yetirənsən. Camaatın (hər yerdən) ümidinin üzüldüyü, buludların yağmamasından heyvanların öldüyü bir vaxt Səni çağırırıq (Səndən istəyirik) ki, bizi (çirkin) iş, əməl və günahlarımızla mühakimə etməyəsən. Çox yağmurlu bulud, buludlu bahar, heyrətamiz bərəkətli çiçəklərinlə, ölənləri (quruyanları) diriltdiyin, aradan gedəni (nemət və bolluq) qaytardığın iri dənəli bol yağışınla rəhmətini bizə şamil et. İlahi, Səndən dirildən, doyduran, çox, bütöv, yaxşı, bərəkətli, içməli və bitki bitirən su istəyirik. Çiçəkləri yetişsin, budaqları meyvə versin, yarpaqları təzə-tər olsun ki, aciz bəndələrini bədbəxtlikdən qurtarasan, ölmüş (qəhətlik görmüş) şəhərlərini dirildəsən (onların nemətini bol edəsən). İlahi, Səndən su istəyirik ki, onunla yüksəkdəki torpaqlarımız çiçəklə dolsun, enişlərimizdən (çay və arxlarda) axsın, ətraf və dövrəmizi (şəhər və kəndləri) bolluğa yetirsin, meyvələrimiz çoxalsın, heyvanlarımıza yaxşı olsun, bizdən uzaqda olan camaata da çatsın, həmişə günün altında olan yerlər (səhra və tarlalar) istifadə etsin (doysun). Ehtiyacı olan məxluqlarına, (çöllərə) buraxdığın (və azuqəsi olmayan) vəhşi heyvanlara geniş bərəkətindən və saysız kərəmindən bəxş et. Bizə rəvan, arası kəsilmədən yağan yağış göndər ki, torpaq islansın (quraqlıqdan xilas olsun). Elə bir yağış ki, başqa yağışı dəf etsin (damlaları sürətlə başqa damcıları yusun və sürət gətirsin). İşığı yağmursuz, üfüqdəki geniş buludu faydasız, səpələnmiş buludları ağ, az yağışı soyuq küləkli yağışdan olmasın ki, qəhətlik görənlər onun çiçəklərinin çoxluğundan firavanlığa (bol nemətə) çatsınlar, çətinlik görənlər onun bərəkətindən rahatlıq tapsınlar. Çünki Sən məxluqların ümidsiz olduğu vaxt yağış göndərir, rəhmətini (dünya əhlinə) şamil edirsən. Sənsən hakim və (ehsanı ilə) öyülən. (Seyyid Rəzi buyurur:) Xütbədəki heyrətamiz kəlmələrin mənası budur: İmam Əli əleyhis-salamın buyurduğu انْصاحَتْ جِبَالُنا – yəni, «dağlar quraqlıqdan parçalandı» sözləri (ərəblər arasında) انصاحَ الثَوْبُ «paltar sökülən kimi», eləcə də انْصاحَ النَّبْتُ وَ صاحَ وَ صَوَّحَ «bitki tək soldu» kimi də deyilir. O Həzrətin buyurduğu وَهامَتْ دَوابُّنا «heyvanlarımız təşnədir» sözündə هُيامٌ təşnəlik mənasında işlənmişdir. Həzrətin buyurduğu حَدَابِيرُ السِّنِينَ ifadəsində حَدابير sözü حِدْبَار-ın cəmidir. Yol getməkdən arıqlamış dəvə deməkdir. Xütbədə isə quraqlıq və susuzluq olan il belə dəvəyə bənzədilmişdir. (Ərəb şairlərindən biri) Zurrummə demişdir: حَدَابِيرُ ما تَنْفَكُّ إِلّامُناخَةً عَلى الْخَسْفِ أَوْ تُرْمى بِهَا بَلَداً قَفْراً Yəni: Onlar yol getməkdən arıqlamış dəvələrdilər ki, yalnız aclıq axurlarında və ya onları susuz, otsuz şəhərlərə aparanda bir-birindən ayrılırlar. O Həzrətin buyurduğu وَلاقَزَعٍ رَّبابُها cümləsindəki قَزَع səpələnmiş buludun kiçik parçalarına deyilir. O Həzrətin buyurduğu وَلاشَفّانٍ ذِهَابُها onun təqdiri (onda gizlənmiş söz) وَلا ذَاتَ شَفّانٍ ذِهَابُها deməkdir. شَفَّان soyuq külək ذِهَاب az yağış mənasını verir. Deməli, Həzrət (وَلا شَفَّانٍ ذِهَابُها cümləsində) dinləyicinin məsələdən xəbəri olduğuna görə ذَات sözünü çıxarmışdır.