Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/141-ci xütbə

140-cı xütbə Nəhcül-bəlağə. 141-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
142-ci xütbə


İmam Əli əleyhis-salamın (qeybəti dinləməkdən çəkinmək və insanların pisliyinə danışanların sözlərinə qulaq asmamaq barədə) kəlamlarındandır. Ey camaat! Hər kim öz qardaşını (dindaşını) tanıyıb onun dinində (etiqadında) möhkəm və sözləri, əməlləri ilə doğru yolda olduğunu bilsə, camaatın onun barəsində sözlərinə (qeybətinə) qulaq asmamalıdır. Agah olun! (Sözün vurduğu ziyan oxun ziyanından daha ağır və çox olur. Çünki) bəzən kamandan ox atan oxçunun oxu boşa çıxır və (ancaq) söz (yalan olsa belə,) təsirsiz qalmır, onun batili və yalanı aradan gedir. (Bununla belə, onun günahı deyənin boynunda qalır. Çünki) Allah (deyilənləri) eşidən və şahiddir. Bilin ki, haqla batil arasında dörd barmaqdan (bu qədər məsafədən) başqa bir şey yoxdur. Bu sözlərinin mənasını İmam əleyhis-salamdan soruşduqda o Həzrət (bunun cavabında) barmaqlarını bir-birinə birləşdirərək qulaqları ilə gözləri arasına qoyaraq buyurmuşdur: Batil və səhv «eşitmişəm» dediklərin, haqq və doğru isə «görmüşəm» söylədiklərindir.