Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/142-ci xütbə

141-ci xütbə Nəhcül-bəlağə. 142-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
143-cü xütbə


İmam Əli əleyhis-salamın (malını boş yerə sərf edən mal sahibini məzəmmət etdiyi) kəlamlarındandır. Haqdan qeyri yolda ehsan edib haqqı çatmayana bəxşiş verənin alçaq, pis insanların tərifindən, onlara bəxşiş verdiyi surətdə nadanların onun barəsindəki sözlərindən savayı bir nəsibi, bəhrəsi olmaz. Allah yolunda xəsislik etdiyi halda (əslində səxavət göstərməyib, əksinə, malını tələf və israf edən) əliaçıq və səxavətli olan nə qədər də çoxdur! Allahın sərvət yetirdiyi kimsələr, həmin maldan qohumlarına yardım etməli və o maldan (tanışlarını hər kəsə öz vəziyyətinə uyğun) layiqli qonaq etməlidir. Onunla əsiri, zavallını azad etməlidir. Ondan yoxsula və borcluya verməlidir. Haqqını (zəkat kimi vacib və sədəqə kimi müstəhəb) qaytarmaqda, hadisələri dəf etməkdə dözümlü olmalıdır. Bunları da (riyakarlıq və özünü göstərmək üçün deyil) savab və ilahi mükafat qazanmaq üçün etməlidir. (Bəyan edilən) bu bəxşişlərlə zəfər çalmaq dünyada ucalmağa, yaxşı ad-sana, yaxşılığa və axirətdə isə yüksək dərəcələrə çatmaq vasitəsinə səbəb olar. Əgər Allah istəsə.