Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/143-cü xütbə

142-ci xütbə Nəhcül-bəlağə. 143-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
144-cü xütbə


İmam Əli əleyhis-salamın yağış istərkən buyurduğu xütbələrindəndir. Agah olun ki, sizi üzərində saxlayan yer və sizi kölgələri altında qərar verən göy sizin Allahınıza itaət edir. (Sizin istək və arzularınıza tabe deyillər ki, istədiyiniz zaman yer cücərsin və ya göylər yağdırsın.) Öz bərəkət və xeyrini (torpağın göyərməsi və göylərin yağdırmasını) nə sizə ürəyi yandığına, nə sizə yaxınlaşmağa, nə də sizdən xeyir və yaxşılığa (faydaya) ümid etdiklərinə görə sizə bağışlayırlar. Sizə xeyir çatdırmağa (Allah tərəfindən) məmur ediliblər. Əmrə itaət edərək sizin mənafeyinizi ödəmək üçün qalxmışlar. (Buna görə də) Allah nalayiq işlərlə məşğul olan bəndələrini meyvələrin azalması, bərəkətin saxlanılması və yaxşılıqlar xəzinəsinin qapısının bağlanması ilə sınayır ki, tövbə edən yuxudan oyanaraq tövbə etsin, günahı özündən uzaqlaşdırsın (bir daha günaha batmasın). Öyüd alan ibrət götürsün, ayağı özünü saxlayan (günah edib çirkin işlərə meyllənməsin). Allah istiğfarı (Allahdan bağışlanmaq istəməyi) ruzinin artmasının və mehr və rəhmət, yetişməsinin səbəbinə çevirmişdir. (Qur’ani-Kərimin Nuh surəsinin 11-12-ci ayələrində) Allah-təala buyurur: «اسْتَغْفِرُوا رَبَّكُمْ إِنَّهُ كَانَ غَفَّارًا يُرْسِلِ السَّمَاء عَلَيْكُم مِّدْرَارًا وَيُمْدِدْكُمْ بِأَمْوَالٍ وَبَنِينَ» Rəbbinizdən bağışlanmağınızı diləyin. O, günahları bağışlayandır. (Tövbə etdikdən sonra) O sizə dalbadal yağan bulud göndərər. Sizə mallar və oğullarla kömək edər (sizin mal-dövlət, oğul-uşaqlarınızı çox edər). Allah rəhmət etsin (bağışlasın) tövbəyə və (günahdan) dönməyə üz tutan, törətdiyi günahın silinməsini diləyən (Allah-təaladan öz pis əməlinin cəzasından keçməsini istəyən) və ölümünü qabaqlayan kişiyə. İlahi, biz (suyun, otun və yaşayış ehtiyaclarının qəhətliyindən) heyvanların və balalarımızın fəryadlarının ucaldığı pərdələrin və örtüklərin (evlərin) altından rəhmətini diləyən, nemətinin artmağına ümidli və cəzandan, qəzəbindən qorxan halda Sənə üz tutduq. İlahi, Öz yağışınla bizə su yetir, bizi ümidləri kəsilmişlərdən etmə. Bizi qəhətçilik və çətinlik illərində həlak etmə. Bizlərdən olan ağılsızların (pis əməl sahiblərinin) etdiyi işlərə görə bizləri cəzalandırma, ey mehribanların mehribanı! İlahi Pərvərdigara, sənə doğru gəldik. Sıxıntıların, çətinliklərin bizi zavallı etdiyi, məşəqqətli quraqlıq illərinin bizi yönəltdiyi, çətin mətləb və istəklərin acizləşdirdiyi, başımıza dalbadal ağır fitnələrin, bəlaların gəldiyi bir vaxtda Sənə gizlin olmayan şeylərdən (çətinliklərdən) Sənə şikayətimiz var (xəbər veririk). İlahi, Səndən istəyirik ki, bizi (evlərimizə) ümidsiz qaytarma, kədərli yollama, günahlarımızla tutuşdurma (istəyimizə günahlarımıza uyğun cavab vermə) və əməllərimizlə müqayisə etmə (istəklərimizi fəzl və kərəminə uyğun qəbul et). İlahi, yağış, bərəkət, ruzi, mehr və rəhmətini bizə əta et, bizə su yetir. Elə bir su ki, xeyir verən, doyduran və (bitki) bitirən olsun və onunla əldən gedənləri (qurumuş bitkiləri) bitir və öləni (qurumuş torpaqları) dirilt. Bizə elə bir yağışla su ver ki, susuzluğu yox etsin və bol meyvələr yetirsin. Hamar torpaq ondan doysun, enişlərdən (çaylar və dərələrdən) axsın. Ağacları yarlı-yarpaqlı (yamyaşıl), qiymətləri ucuz etsin. Həqiqətən Sən istədiyin hər şeyə qadirsən.