Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/145-ci xütbə

144-cü xütbə Nəhcül-bəlağə. 145-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
146-cı xütbə


İmam Əli əleyhis-salamın (dünyanın məzəmməti və vəfasızlığı haqda) xütbələrindəndir. Ey camaat! Siz bu dünyada ölümlərin oxlarını atdığı hədəfsiniz (müxtəlif növ ölümlər: xəstəlik, qətl, yanğın, batmaq, quyuya düşmək, uçqunun altında qalmaq və sair buna oxşarlar sizi məhv etməyə hazırdırlar). Hər içiləndə boğaza sıçrayan bir su vardır. Hər loğmada boğazda ilişən bir sümük vardır. Dünyada bir neməti əldən verməmiş başqa bir nemətə yiyələnə bilməzsiniz. (Həmçinin) sizin uzun ömürlülərinizin (yalnız yaşı çox olanın deyil, hələ ömrü qalan gəncin və ya qocanın) ömrünün, həyatının bir günü məhv olmadan ömrünə (yeni) bir gün verilməz. Əvvəlki gün yediyi aradan getmədən çox yemək yeyən üçün yeni bir ləzzət gətirməz. Bir nişanə və izi aradan getməmiş onun başqa bir nişanə və izi yaranmaz. Təzəsi köhnəlməmiş onun üçün heç nə təzələnməz (məsələn, vüqar, səbr və helm qazanmaq üçün gənclik şadlığı itirilir). Onun üçün bir salxım bitməz, biçilən aradan getməmiş (bir əkin biçilməmiş, başqa əkin yaranmaz. Ata-anaları bu dünyadan getməmiş övladları onların yerlərində əyləşməzlər). Köklər olub keçiblər (ata-analar ölüblər) və biz budaqlarıq. (Onların övladlarıyıq.) Budaq kökü getdikdən sonra necə qala bilər?

Bu xütbənin (bid’ətə itaət etməkdən çəkindirən və sünnənin ardınca getməyi təşviq edən) bir parçasıdır

Elə bir bid’ət (dində olmayan bir şeyin dində yaradılması) yaranmayıb ki, onun səbəbinə bir sünnə (Həzrət Peyğəmbərin yol və üslubu) aradan götürülmüş olmasın. Belə isə bid’ətdən çəkinin və işıqlı yola qədəm qoyun (Həzrət Peyğəmbər səlləllahu əleyhi və alihin yolu ilə gedin. Çünki Həzrət Peyğəmbərin zamanında olan) köhnə işlər işlərin ən yaxşısıdır, yeni bid’ətlər isə ən pis şeylərdir. (Şəriətə zidd olduğuna görə hərc-mərclik, fəsad və çox pozğunluğa səbəb olar.)