Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/146-cı xütbə

145-ci xütbə Nəhcül-bəlağə. 146-cı xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
147-ci xütbə


İmam Əli əleyhis-salamın İran əhli ilə döyüşə gedərkən buyurduğu kəlamlarındandır. Onunla məsləhətləşən Ömər ibn Xəttaba demişdir: Bu işə (müqəddəs İslam dininə) yardım və ya onu xar etmək (lap əvvəldən qoşunun) azlıq və çoxluğu ilə olmamışdır (ki, kafirlərin qoşununun çoxluğundan və öz qoşunumuzun azlığından qorxaq). O, Allahın dinidir ki, onu (digər dinlərə) qalib edib. O, Allahın qoşunudur. Çatmalı olduğu mərtəbəyə çatana, aşkar olmalı olduğu yerdə aşkarlanana qədər onları hazırladı və kömək etdi. Biz Allah tərəfindən verilən vədi gözləyirik. Allah öz vədinə vəfa edərək qoşununa yardım edər. (Ömərin döyüş meydanına getməməli olduğu haqda fikrini sübutla əsaslandıraraq belə bəyan edir:) Din başçısının və məmləkətin hökmdarının yeri fəqərələri toplayıb onları bir-birinə birləşdirən ipə bənzəyir. Əgər ip qırılsa, fəqərələr bir-birindən ayrılaraq dağılar və heç vaxt bir yerə yığılmaz. Ərəblər bu gün az olsalar da, İslam dininə (və onun başqa dinlərə qələbə çalmasına) görə çoxdurlar. (Nifaqın, ikiüzlülüyün yol tapmadığı) birlik və bütövlüyünə görə qalibdirlər. Sən dəyirmanın ortasındakı mismar kimi (sakit və təmkinli) ol. (Müharibə) dəyirmanını ərəblərin vasitəsilə fırlat (qoşunu təchiz etməyə və işlərində nizam-intizam yaratmağa çalış). Onları müharibə alovuna daxil edərək özün döyüş meydanına getmə. Çünki sən bu torpaqdan (İslamın paytaxtı Mədineyi-Teyyibədən) bayıra çıxsan, ətraf və nahiyələrdən ərəblər (fürsət əldə edib) səninlə olan peymanlarını pozacaq və fitnə-fəsad salacaqlar. (Sənə itaət etməkdən boyun qaçıracaqlar və məmləkətin nizam-intizam ipləri bir-birindən qopacaq). İş o yerə çatacaq ki, arxada qoyduğun sərhədləri qorumaq sənin üçün döyüş meydanına getməkdən daha mühüm olacaq. (Başqa cəhətdən də Sən döyüş meydanına daxil olsan,) iranlılar səni görəcək və deyəcəklər: Bu ərəblərin rəhbəridir. (Ondan başqa rəhbərləri yoxdur.) Onu aradan götürsəniz (qətlə yetirsəniz), rahatlıq taparsınız. Bu düşüncə onların sənə (səninlə döyüşə) olan hərisliyini və səni (məhv etmək) tamahını daha da artırar. İranlıların müsəlmanlarla döyüşə gəlmələri barədə xatırlatmana gəlincə isə, (qorxusu yoxdur, çünki) səndən daha çox Allah-təala onların gəlişini xoşlamır və O, bəyənmədiyi şeyi (razı olmadığını) aradan götürməkdə daha qüdrətlidir. Sayların çoxluğu barədə dediyinə gəlincə isə, (bunun üçün də narahatlıq yeri yoxdur, çünki) biz bundan əvvəl (Həzrət Peyğəmbərin vaxtında və İslamın ilk illərində kafirlərlə) qoşunun çoxluğu ilə döyüşmürdük, əksinə, Allah-təalanın yardımı, köməyi ilə döyüşürdük. (İndi qoşunun azlığından narahat olma. Allah bizə yardım göstərəcək və sonda qələbəni, zəfəri bizə nəsib edəcək.)