Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/147-ci xütbə

146-cı xütbə Nəhcül-bəlağə. 147-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
148-ci xütbə


İmam Əli əleyhis-salamın (Həzrət Məhəmmədə peyğəmbərlik verilməsinə dair dediyi, gələcəkdə baş verəcək hadisələrdən xəbər verdiyi, camaata öyüd, nəsihət etdiyi, onları itaətə həvəsləndirdiyi) xütbələrindəndir. (Allaha şükr və sənadan) sonra, Allah Məhəmmədi (səlləllahu əleyhi və alih) haqqa və doğruluğa seçdi ki, bəndələrini bütlərə pərəstişdən çəkindirsin və Ona ibadətə, itaətə dəvət etsin. Şeytanın ardınca getməyi qadağan edərək Ona itaətə yönəltsin. Bəndələrinin nadan olduqları halda Allahlarını tanısınlar deyə, inkar etdikdən sonra Onu etiraf və inanmadıqdan sonra varlığını sübut etmələri üçün onu (bütün üfüqlərdə) aydın, möhkəm və güclü etdiyi Qur’anla göndərdi. Sonra özü görülmədən, onlara göstərdiyi güc və qüdrətilə özünü kitabında onlara aşkar etdi. (Öz kitabında) onları öz əzəmət və şövkəti ilə qorxudub məhv etdiyi qövmü müxtəlif əzablarla necə puç etməsindən, aralarına qəzəb orağı atdığı dəstəni (aradan götürdüyündən) agah etdi. Məndən sonra tezliklə sizin üçün elə bir zaman gələcək ki, onda haqq və doğruluqdan daha gizli, batil və nadürüstlükdən daha aşkar, Allaha və Onun Peyğəmbərinə qarşı yalandan daha çox bir şey olmayacaq. O zəmanənin camaatı üçün doğru-düzgün oxunan (düzgün təfsir və tə’vil edilən) Qur’andan qiymətsiz, mənasını təhrif edib dəyişdiklərindən (onu nəfsi istəkləri və batil qərəzləri ilə uyğunlaşdırsalar) bol məhsul olmaz. Şəhərlərdə ləyaqətli işlərdən daha pis və pis işlərdən daha ləyaqətli iş olmaz. Qur’anı daşıyanlar (onunla tanış olub məlumatı olanlar) ona etinasız olar (göstərişinə uyğun rəftar etməzlər) və hafizləri isə (onu əzbərdən avazla oxuyanlar əməl vaxtı) unudarlar. Deməli, Qur’an və onun əhli (yol göstərən İmamlar əleyhimus-salam və ardıcılları) uzağa atılmışlar və cəmiyyət arasında deyillər. Bunların hər ikisi bir yolda bir-birinə yoldaşdır. (Qur’anın göstərişinə uyğun rəftar edirlər. Həmin zəmanə əhlindən) bir kimsə Qur’ana və əhlinə hörmət qoymayıb yanında saxlamayacaq. (Çünki nəfsinə uyğun gəlmir.) Deməli, Qur’an və onun əhli həmin zəmanədə (zahirdə) camaatın arasında, onlarla olsalar da (əslində) aralarında olmayıb, onlarla deyillər. Çünki zəlillik və azğınlıqla doğru yol, hidayət bir yerə sığışmaz. Həmin (azğın) camaat (Qur’andan) ayrılmaq üçün əl-ələ verəcək və insanlardan (Qur’ana tabe olanlardan) pərən-pərən düşəcəklər. Sanki (itaət edib ardınca getməli olduqları) Qur’an onların rəhbəri deyil, onlar Qur’anın rəhbərləridir!!! (Çünki onu öz batil qərəzləri və nadürüst düşüncələri əsasında təfsir, tə’vil edirlər.) Deməli, (Qur’anı arxaya atıb onun müddəalarına əməl etmədiklərinə görə) onlar üçün onun adından başqa bir şey qalmayıb və yazısından, xəttindən qeyri bir şeyini tanımırlar. Bu zəmanə gəlməmişdən qabaq (Bəni-Üməyyə və Bəni-Abbasın zülmü, sitəmi nəticəsində) yaxşı insanlara cürbəcür zülmlər olunacaq. Onların doğru sözünü Allaha yalan və böhtan sanacaq, yaxşı əməllərini çirkin işlərin cəzası ilə mükafatlandıracaqlar. (Çünki şəhvət və nəfslərinə tabe olaraq yaxşı insanların layiqli əməllərini nalayiq sanacaq və onları qətlə yetirəcək, incidəcəklər.) Sizdən əvvəl olanlar uzun arzularına və ölümləri naməlum olduğuna görə həlak olub əzab çəkərlər (uzun arzulardan çox asılı olub, ölümdən xəbərsiz qalarlar) ölüm onları yaxalayar. Elə bir ölüm ki, heç bir üzrü qəbul etməz, əllər tövbəyə, (çirkin əməllərdən) qayıdışa çatmaz (üzrxahlığa və tövbə etməyə macal olmaz) və müsibət, əzab (can vermək və əbədi əzab) onunla yoldaş olar. Ey camaat! Allahdan öyüd-nəsihət istəyən kimsə (nəsihət qəbul edənin əməlləri və sözləri Allahın buyuruqlarına uyğun olsa, hər xeyir işdə) uğur qazanar. Onun sözünü (Qur’ani-Kərimi) kim öz yolgöstərəninə çevirsə, yolların ən davamlısı olan bir yola yönəldilər. Çünki Allahı tanıyan (Onun sözlərini öz bələdçisinə çevirən şəxs əbədi əzabdan) rahat və asudə olar. Onun düşməni (Ona ibadət və bəndəlikdən boyun qaçıraraq yoluna qədəm qoymayan) isə qorxudadır. Allahın əzəmət və böyüklüyünü tanıyan (Onun hər şeyə qadir olduğunu bilən) kimsənin özünü böyük sanması (Onun əmr və qadağalarına tabe olmaması) yaraşan deyil. Allah-təalanın böyüklüyünün həddi-hüdudunun olmadığını bilən şəxslərin ləyaqət və məqamlarının aliliyi Onun müqabilində təvazökar olmalarındadır (əmrlərinə uyğun rəftar etmələrindədir). Onun güc və qüdrətinin hər imkanın fövqündə dayandığını bilən kəslərin sağlığı (əzabdan xilas olmaları) Ona tabe olmalarındadır. Sağlam insan qoturludan, şəfa tapan xəstədən uzaq durduğu kimi haqdan (Onun əhlindən, yəni, din başçılarından) uzaqlaşmayın. Bilin, nə qədər ki, Onu tərk edəni (Ona itaət etməyənləri) tanımamısınız, doğru yolu (haqq dini) dərk etməyəcəksiniz. Heç vaxt Qur’anla əhd-peymanınıza sadiq qalmayacaqsınız (Allaha və peyğəmbərə iman gətirməyəcəksiniz), nə qədər ki, əhdini pozub peymanını sındıranı (onlara meyl etməyəni) tanımamısınız. Onu uzağa atanı (onun hökmlərinə əməl etməyəni) tanımayana qədər heç vaxt Allahın Kitabına əl vurmayacaqsınız (onun göstərişinə uyğun rəftar etməyəcəksiniz). (Doğru yola gəlməyəni, Qur’anla əhd-peymanlarını pozub onu tərk edənləri tanıdıqda və onlardan uzaqlaşdıqda) doğru yolu, əhd-peymana sadiqliyi, Qur’ana bağlanmağın üsulunu onun əhlindən (yol göstərən İmamlar əleyhimus-salamdan) diləyin. Çünki onlar elm və biliyi diri saxlayanlar, cəhalət və nadanlığı öldürənlərdir. (Buna görə ki,) onlardır hökmləri (bəyan etdikləri şəriət hökmləri və ilahi vəzifələr) sizləri elm və biliklərindən (söz deməməli olduğu yerlərdə) sakit dayanmaları sözlərindən (bəyanlarının gözəlliyindən) və zahirləri batinlərindən agah edən. (Sözləri ilə əməllərinin birliyi etiqadlarının düzgünlüyü və imanlarının doğruluğundandır.) Dinin əleyhinə deyildirlər (çünki dinin rəhbərliyi onların əlində olub və hər eybdən, günahdan mə’sumdurlar) və (hökmlərin heç birində) bir-biri ilə ixtilafları yoxdur. (Çünki onların elmləri vahid peyğəmbərlik mədənindən qaynaqlanır.) Deməli, din onların barəsində doğru danışan şahid (onların birliyinə və ixtilaflarının olmamasına şəhadət verir) və danışan bir sükutdur. (Zahirdə bir söz deməsələr də, əslində din haqqın onlarla və onların haqla olduğunu deyir.)