Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/197-ci xütbə
←196-cı xütbə | Nəhcül-bəlağə. 197-ci xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
198-ci xütbə→ |
İmam Əli əleyhis-salamın Siffeyn müharibəsi günlərində səhabələrindən bir dəstənin Şam qoşununu söyməsini eşidərkən buyurduğu kəlamlarındandır.
Mən sizin (Şam əhalisinə qarşı) söyüş söyməyinizi bəyənmirəm. (Sonra İmam əleyhis-salam buyurur:) Amma əgər onların əməllərini açıqlasanız və vəziyyətlərini (zülm və sitəmlərini, şəhvət və nəfsi istəklərə tabe olmalarını, haqq yoldan çıxmalarını və bu kimi sözləri) xatırlatsanız, bu, danışarkən (söyməkdən) daha yaxşı və (etiraz edərək «onlarla nə üçün müharibə edir, vuruşursunuz?» deyən kəsə) dəlil gətirmək məqamında daha tutarlı və yetərli olar. Yaxşı olar ki, onları söyməyin əvəzinə belə deyəsiniz: Allahım! Bizim və onların qanlarını tökülməkdən qoru; bizimlə onların aralarını düzəlt; onlara azğınlıqlarından nicat ver ki, haqdan xəbərsiz olan onu tanıya bilsin və azğınlıq və düşmənçilik hərisi və vurğunu olan kəs ondan əl çəksin.