Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/200-cü xütbə

199-cu xütbə Nəhcül-bəlağə. 200-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
201-ci xütbə


İmam Əli əleyhis-salamın Bəsrədə səhabələrindən olmuş Əla ibn Ziyad Harisi xəstə ikən Əlanın yanına gedəndə, onun evinin genişliyini görüb buyurduğu kəlamlarındandır. Dünyada bu evin genişliyi ilə nə etmisən? Halbuki sən onun genişliyinə axirətdə daha möhtacsan. (Çünki bu evdə bir neçə gündən artıq qalmayacaqsan. O birində isə həmişəlik qalacaqsan.) Bəli, əgər bu evin genişliyi ilə axirət evinin genişliyini də əldə etmək istəyirsənsə, onda qonaq qəbul edərək qohum-əqrabanla əlaqədə ol, ondan şəriətin (xums, zəkat, sədəqə və digər vacibi və müstəhəbbi) haqlarını ver ki, belə olan halda, bu evin genişliyi vasitəsi ilə axirət evinin genişliyini də qazanmı(ş olar)san. Sonra Əla o Həzrətə dedi: Ey Əmirəl-möminin, qardaşım Asim ibn Ziyaddan sənə şikayət edirəm. O Həzrət buyurdu: Nə üçün? Dedi: O, (tərkidünya rahiblər kimi) cod paltar geyinərək dünyadan uzaqlaşıb. Həzrət buyurdu: Onu mənim yanıma gətirin. O gələndə (Həzrət ona belə) buyurdu: Ey özünün düşmənciyəzi! Murdar və xəbis (şeytan) səni avara edib (və səni bu yola sövq edərək onu sənin gözündə gözəlləşdirib). (Təklik və dərvişliyi öz peşən etməklə) arvad-uşağına rəhm etmirsən? Belə güman edirsən ki, Allah pak şeyləri sənə halal edib, amma sənin onlardan bəhrələnməyini xoşlamır? Sən, Allahın bir neməti sənə halal edərək sənin ondan bəhrələnməyini istəməməsindən aşağısan! (Çünki bu, peyğəmbərlərin və onların canişinlərinin məqamıdır.)

Asim dedi: Ey Əmirəl-möminin, mənim işim səninki kimidir ki, paltarın cod, yeməyin isə bərk və dadsızdır! Həzrət buyurdu: Vay olsun sənə! Mən sənin kimi deyiləm. Çünki Allah-təala haqq rəhbər və imamlara özlərini yoxsullarla bir tutmağı vacib edib ki, yoxsul və kasıbın qəm-qüssəsi onu sıxıb narahat etməsin.