Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/205-ci xütbə

204-cü xütbə Nəhcül-bəlağə. 205-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
206-cı xütbə


İmam Əli əleyhis-salamın (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın bəzi sifətlərinə işarə etdiyi, Həzrət Peyğəmbərin mədhi, yaxşıların və Allah-təalanın dostlarının vəsfi barəsindəki və öyüd-nəsihət verdiyi) xütbələrindəndir. Şəhadət verirəm ki, Allah-təala (heç bir işdə zülm və sitəmlə deyil, bütün işlərdə) ədalətlə (ümumi quruluşa, hikmət və mənfəətə uyğun) davranan adil və (Qur’ani-Kərimdə haqq ilə batili bir-birindən) ayıran hakimdir. Və şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi, elçisi və bəndələrinin başçısıdır. Allah məxluqatı (bellərdən bətnlərə) gətirən zaman onları iki cərgə (xeyir və şər) etdi və o Həzrəti xeyir dəstəsinə saldı. O Həzrətin nəsəbində zinakarın payı yox idi və günahkar şərik olmadı. Bilin ki, Allah xeyir və yaxşı (işlər) üçün onun əhli olan adamlar (mömin və pərhizkarlar), haqq (din) üçün sütunlar (peyğəmbərlər), itaət və bəndəlik üçün qoruyucular (hidayət imamları əleyhimus-salam) müəyyənləşdirib. Hər bir itaətdə (yaxşı işdə) sizin üçün Allah tərəfindən bir kömək vardır (Allahın lütf və yardımı sizin halınıza şamildir) ki, dilləri iti və qəlbləri (haqqa) arxayın edir. Həmin köməkdə ehtiyacsızlıq istəyən üçün ehtiyacsızlıq və (xəstəliklərə boyun əyərək az şeyə görə Allah və Peyğəmbərin itaətindən əl götürüb özlərini dünya və axirətdə bədbəxt edənlər üçün deyil, mənəvi xəstəliklərdən) şəfa istəyənlər üçün şəfa vardır. Həmçinin bilin ki, Allahın elminin qoruyucuları olan bəndələri (elmin qorunması onlara tapşırılmış hidayət imamları əleyhimus-salam və din başçıları) qorunmalı şeyi (istedad və dərketmə qabiliyyəti olmayan kəsdən) qoruyurlar (yaxud onu hadisələrin zay edib aradan aparmaması üçün öyrədilməsi münasib olmayan kəsdən gizli saxlayırlar); onun çeşmələrini cari edirlər (istedadı olan kəsə öyrədirlər); bir-birlərinə (elm və hikmət) dolu piyalələr içirdir və sudan doymuş halda qayıdırlar. Onlar şəkk, töhmət və pis gümanlara düşmürlər, qeybət və başqasının pisliyinə danışmaq onların yanına tələsmir. (Xülasə, onların məclisləri şəkk, töhmət, pis gümanlar, qeybət və pis danışıqlardan boş olur.) Allah onların fitrət və xasiyyətlərini bu gözəl sifətlərlə yaradıb (bu sifətlərlə elə tərbiyə ediliblər ki, sanki bu, onların fitrət və təbiətləridir) və bir-birləri ilə bu cür dostluq edir və ünsiyyətdə olurlar. Beləliklə, onlar (xalqın içində, yaxşısı) götürülən və (işə yaramayanı) çölə tökülən təmizlənmiş toxum və dənin üstün olması kimidirlər. Həmin toxumu digərlərindən təmizləmək seçib fərqləndirib və imtahan xalisləşdirib. (Xülasə, onlar seçilmiş insanlardırlar.) Buna görə də gərək insan, şərəf və böyüklüyü bu sifətləri qəbul etməklə qəbul etsin, qiyamətin çətinliyindən, o gəlib çatmamış çəkinsin (əzaba düçar olmasına səbəb olan bir iş görməsin). Həmçinin insan gərək günlərin qısalığına və bu mənzildə (dünyada) dayanmağının azlığına nəzər salıb düşünsün (qəflət yuxusuna getməsin) ki, bu mənzili digər mənzil (axirət) ilə əvəz edə bilsin. Gərək digər mənzil üçün, eləcə də həmin evdə lazım olmasını bildiyi şey üçün gözəl əməl yerinə yetirsin. Buna görə də (rəzil sifətlərdən uzaq qalmış) o sağlam qəlb sahibinin xoş halına ki, onu (haqq yola) hidayət edənə tabe olur, məhvə sürükləyəndən uzaqlaşır; onu gözüaçıq edənin gözüaçıqlığı və ona göstəriş verənə tabe olmaqla (çətinlik və giriftarçılıqlardan) salamatlıq yoluna çatıb və qapıları bağlanmamış və vasitələri əldən çıxmamış (ölməmiş) nicat (əzabdan qurtuluş) yoluna tələsib, tövbə və (Allaha) qayıdış qapısının açılmasını istəyir və (tövbə ilə) günahı (özündən) uzaqlaşdırır. Həqiqətən onlar yol üstündə dayanıblar və aydın yol aşkar olub.