Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/204-cü xütbə

203-cü xütbə Nəhcül-bəlağə. 204-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
205-ci xütbə


İmam Əli əleyhis-salamın (Allah-təalanın bəzi sifətləri barəsindəki) xütbələrindəndir. Həmd o Allaha məxsusdur ki, (zat və sifətlərində) yaratdıqlarına bənzər olmaqdan uca, vəsf edənlərin sözlərindən yüksək və (onları) aciz edəndir. (Heç kəsin Onun həqiqətini vəsf etmək qüdrəti yoxdur.) Yaradılışının (yaratdıqlarında olan) qəribəlik və heyranediciliyi ilə görənlər üçün aşkar, izzətinin böyüklüyü ilə xəyal və güman sahiblərinin düşüncələrindən gizlindir. Başqasından öyrənmədən, (elmini) artırmağa ehtiyac olmadan və (başqasının elmindən) bəhrələnmədən (hər şeyi) biləndir. Fikrə dalıb düşünmədən bütün yaranmışların yaradanıdır. O, elə bir Allahdır ki, qaranlıq və zülmətlər Onu əhatə etmir, aydınlıqlardan işıq istəmir, gecə Onu bürümür və gündüz Ona şamil olmur. Onun (əşyaları) dərk etməsi görmə vasitəsi ilə deyildir. Həmçinin Onun elmi başqasından xəbər almaq nəticəsində deyil.

Bu da həmin xütbənin Peyğəmbər (səlləllahu əleyhi və alih) barəsindəki bir hissəsidir

Allah Həzrət Peyğəmbəri nur (elm və peyğəmbərlik nuru) ilə göndərdi və onu (peyğəmbərliyə) seçməkdə (bütün yaranmışlardan) üstün etdi. Onun vasitəsi ilə bütün dağınıqlıqları bir birinə bağladı (aləmdə olan nizamsızlıq və fitnə-fəsadları islah etdi) və onunla (onun qüdrəti ilə) həmişə qalib olanları məğlub etdi. (O Həzrəti kafir, müşrik və münafiqlərə hakim etdi.) Onun vasitəsi ilə çətini asan və kələ-kötürü hamar etdi və nəhayət, azğınlığı sağ və soldan (şərq və qərbdən) uzaqlaşdırdı.