Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/21-ci məktub

20-ci məktub Nəhcül-bəlağə. 21-ci məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
22-ci məktub


Bu da imam Əli əleyhis-salamın Ziyad ibn Əbihə olan məktublarındandır (ki, burada ona mötə’dil və təvazökar olmağı əmr edir). (Malın sərf edilməsində) israf etmə, mötə’dil ol. (Ehtiyacdan nə artıq və nə də az sərf et.) Bu gün səhərin fikrində ol. Malından, öz ehtiyacın qədər dala at. (Ondan) artığını ehtiyac günün (axirət) üçün qabağa göndər (Allah yolunda yoxsul və möhtac kimsələrə bağışla). Allahın sənə (qəlblərini dünyaya bağlamayan və Onun göstərişlərinə müvafiq davranan) təvazökarlara verəcəyi mükafatı verməsinə (necə) ümid bəsləyirsən, halbuki Allah yanında (qəlbini dünyaya bağlayan və Onun əmrlərinə zidd hərəkətlər edən) təkəbbürlülərdənsən. Allahın sənə (səfillərə təkəbbür və riyakarlıq olmadan əl tutan) sədəqə verənlərin mükafatını vacib etməsi və verməsinə hərissən, halbuki eyş-işrətə qərq olub aciz, biçarə, dul qadın və yoxsulları ondan bəhrələndirmirsən! İnsana ancaq və ancaq öncə gördüyü işə görə mükafat veriləcək və o, əvvəlcədən göndərdiyi yerə daxil olacaq. Salama layiq kimsəyə salam olsun!