Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/22-ci məktub

21-ci məktub Nəhcül-bəlağə. 22-ci məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
23-cü məktub


İmam Əli əleyhis-salamın Abdullah ibn Abbasa yazdığı məktublardandır. İbn Abbas belə deyərmiş: «Həzrət Peyğəmbərin – səlləllahu əleyhi və alih – kəlamından sonra bu söz kimi heç bir sözdən faydalanmamışam.» (İmam əleyhis-salam bu məktubda ona axirət işləri üçün sevinmək və kədərlənmək barəsində öyüd-nəsihət verib.) Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: insanı onun, əldən çıxarmamalı olduğu (əldən çıxarması təqdir edilməmiş) şeyə çatmaq sevindirir, əldə edilməsi (məsləhət) olmayan şeyə çatmaq isə kədərləndirir. Buna görə də (dünyanın xeyir-ziyanının qəza-qədərlə olmasını və mənfəətə sevinərək ziyandan qəmlənməyin insan üçün fitri olmasını bildiyin üçün) gərək sevincin axirət mənfəətinə görə olsun ki, (onun əldə edilməsi vasitəsini dünyada) tapmısan. Həmçinin qəm-qüssən əldən çıxmış axirət xeyiri üçün olmalıdır. Dünyadan əldə etdiyin şey üçün çox sevinmə. (Çünki dünya və onda olan şey sonda məhv olacaq.) Dünya malından əldən çıxmış şeylər üçün qəmli və səbrsiz olma. Sənin səy və təlaşın, gərək ölümdən sonrakı işlərdə olsun. (Gərək çalışıb ölümdən sonrakı əbədi həyatın bağışlanma və xoşbəxtlik vasitələrini əldə edəsən.)