Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/225-ci xütbə

224-cü xütbə Nəhcül-bəlağə. 225-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
226-cı xütbə


İmam Əli əleyhis-salamın kəlamlarındandır. Ze’ləb Yəmani, Əhməd ibn Qutəybədən, o, Abdullah ibn Yəziddən və o, Malik ibn Dihyədən nəql edib ki: Biz Əmirəl-mömininin yanında idik və insanlar arasındakı fərqlərdən (bədənlərinin, əxlaqlarının və davranışlarının yaxşı və pisliyindən) söz düşdü. O Həzrət buyurdu: Maya və yaradılışlarının mənşə və başlanğıcı onlar arasında ayrılıq salıb. (Onların fərqlərinin səbəbi vücuda gəldikləri və yaradıldıqları ünsürlərin müxtəlif olmasıdır.) Bu, onların şor və şirin yerin və bərk və yumşaq torpağın bir parçası olmalarına görədir. (Xülasə, onların müxtəlif olmalarının səbəbi müxtəlif yerlərdə yetişən qida məhsullarından təşkil olunmuş nütfələrdir.) Buna görə də onlar (nütfələri təşkil olunan qidaların yetişmə) yerlərinin yaxın olması qədər bir-birlərinə yaxındırlar (və xasiyyətləri birdir). Eləcə də həmin yerin fərqliliyi miqdarında (sifətlərində) bir-birlərindən fərqlidirlər. Buna görə də (bəzən) gözəl üzlü ağlı az, uzun boylu az himmətli, gözəl əməlli çirkin üzlü, qısa boylu uzaqgörən, gözəl təbiətli pis xislətə bürünmüş, avara-sərgərdan və çaşqın qəlbli ağılı dağınıq və tutqun və xoş dilli qəlbi iti (bilikli və gözüaçıq) olur.