Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/229-cu xütbə

228-ci xütbə Nəhcül-bəlağə. 229-cu xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
230-cu xütbə


İmam Əli əleyhis-salamın (hidayət imamları əleyhimus-salamın məqam və dərəcələri və) qarşıya çıxacaq acı hadisələr barəsindəki xütbələrindəndir. Bilin! Atam-anam o kəslərə fəda olsun ki, (məndən sonra yolunu azmışlara bələdçi və xalqın imamıdırlar və) onlar, adları (böyüklükləri) göydə (mələklərin yanında) məşhur, yerdə (insanların çoxunun azğınlığına görə onların yanında) isə naməlum olan bir dəstədəndirlər. İşlərinizin dağınıqlığından, (dini və dünyəvi) əlaqələrinizin kəsilməsindən, azyaşlı uşaqları iş üstünə gətirməyinizdən və (onları böyüklərə və qocalara) rəhbər etməyinizdən yaranacaq hadisələrdən xəbərdar olun və gözləyin. Bu hadisələr o vaxt baş verəcək ki, (haram halala qalib gəldiyi üçün) möminə qılınc vurmaq halal yol ilə bir dirhəm qazanmaqdan daha asan olacaq. Bu hadisələr alanın savabı verəndən çox olan zaman baş verəcək. Bu işlər o vaxt olacaq ki, içməmiş sərxoş olacaqsınız və (sizin sərxoşluğunuzun) səbəbi nemət (onun bolluğu) və rifah içində yaşamağınız olacaqdır. Məcburiyyət və naçarlıq olmadan and içəcək və sıxıntıya düşmədən yalan deyəcəksiniz. Bu hadisələr bəla və çətinliklər sizi (yaxşılarınızı) palan dəvənin belindəki güvənləri gəmirdiyi kimi çeynəyən (əziyyətə salan) zaman baş verəcək. Bu çətinlik nə qədər də uzun və bu arzu və ümidvarlıq (həmin çətinliklərdən qurtulmaq arzusu) necə də uzaqdır!! Camaat! Belləri sizin əllərinizin ağır yüklərini götürmüş dəvələrin (pisliklərə əmr edən nəfsin) cilovunu buraxın. (Günaha aludə olmayın və Allah və Peyğəmbərin göstərişlərinə zidd davranmayın) və öz sultanınızdan (İmami-Zamana itaət və tabeçilikdən) uzaqlaşmayın. Yoxsa (dağılışacağınız təqdirdə) işləri gördükdən (çirkin əməllərinizdən) sonra özünüzü məzəmmət edərsiniz (və peşman olarsınız). Üz tutduğunuz fitnə-fəsad alovunu şölələndirməyə (və nahaq qan tökülməsinə) qorxusuz daxil olmayın, həmin yoldan dönün və yolun ortasını onun üçün boş saxlayın (kənara çəkilin ki, gəlib keçsin. Çünki sizin onun qarşısını almaq gücünüz yoxdur. Buna görə də boş yerə çalışmayın. Ona görə ki,) öz canıma and olsun ki, mömin həmin fitnənin alovunun şöləsində həlak olar, müsəlman olmayan isə salamat qalar. Mən sizin aranızda qaranlıqda yanan çıraq kimiyəm ki, yanına gələn hər bir kəs onun işığından bəhrələnir. Buna görə də ey camaat, (mənim öyüdümü) eşidin və əzbərləyin, qəlblərinizin qulaqlarını hazır edin ki, (sözlərimin nəyə işarə olduğunu) başa düşəsiniz.