Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/230-cu xütbə

229-cu xütbə Nəhcül-bəlağə. 230-cu xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
231-ci xütbə


İmam Əli əleyhis-salamın (pərhizkarlığa tövsiyə etdiyi və ölümü və ölüləri yada saldığı) xütbələrindəndir. Ey camaat! Sizə pərhizkarlığı və Allahdan qorxmağı, sizə verdiyi nemətlərinə, sizə çatan ətalarına və sizi (xeyir və şər, rahatlıq və çətinliklə) sınamasına görə Ona çox şükr etməyi tövsiyə edirəm. Nə çox nemət ki, sizə məxsus edib və (nə çox) rəhm və mərhəmət ki, halınıza şamil olub. (Həmin nemət və mərhəmətlərdən biri budur ki,) siz öz günah və çirkin işlərinizi aşkar etmisiniz və O (Özünün eybləri örtmək və günahları bağışlamaq sifəti ilə) sizi örtüb (rüsvay və biabır etməyib və bu Onun böyük nemətlərindəndir) və cəzalandırmasına səbəb olan iş görmüsünüz, amma sizə möhlət verib. Həmçinin sizə ölümü yada salmağı və ondan az qafil olmağı tövsiyə edirəm. Siz, sizdən qafil olmayan şeydən (ölümdən) necə qafilsiniz? Sizə möhlət verməyən kəsə (ölüm mələyinə) necə tamah salmısınız və hərissiniz? Buna görə də gördüyünüz ölülər (sizə) öyüd verən olmaq üçün kifayətdirlər. Onları çiyinlər üzərində qəbirlərinə tərəf apardılar, halbuki (çiyinlərə öz ixtiyarları ilə) qalxmamışdılar, qəbirlərinə qoyuldular, halbuki (qəbrə özləri) düşməmişdilər. Beləliklə, (bu dünyadan elə əl çəkib gediblər və heç bir nişanələri qalmayıb) sanki onlar dünyanı qurub abadlaşdıranlar olmayıblar və yerləri həmişə axirət olub. Məskunlaşdıqları dünyadan xaric oldular və hürkdükləri gorda yerləşdilər. Əl çəkdikləri dünyaya bulaşmışdılar və tərəfinə getdikləri axirəti zay etmişdilər. (İndi peşman və acizdirlər.) Nə çirkin işdən (tövbə edib) qayıda bilirlər, nə də yaxşı işləri çoxalda bilirlər. (Çünki axirət müəyyən edilmiş vəzifələri yerinə yetirmək yeri deyil. Bu bədbəxtçilik ona görədir ki,) dünyaya alışdılar və dünya onları aldatdı, ona güvəndilər və dünya onları yerə vurdu (məhv etdi). Belə isə - Allah sizi bağışlasın! - abadlaşdırılmasına əmr edildiyiniz, barəsində həvəsləndirildiyiniz və tərəfinə çağırıldığınız (axirət) mənzillərinizə tərəf sürət götürərək bir-birinizlə yarışın! Allaha itaətə səbrlilik və itaətsizliklərdən uzaq olmaqla Onun sizə olan nemətlərini kamilləşdirin. Çünki sabah (ölümün gəlib çatacağı zaman) bu günə yaxındır. Günün saatları necə də sürətlə keçir; ayın günləri necə də tez arxada qalır; ilin keçməsində aylar necə də sürətlidir; ömrün illəri necə də tez keçir (ki, onların tez keçmələri həyatın sona çatması və ölümün yaxınlaşması ilə nəticələnir).