Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/232-ci xütbə

231-ci xütbə Nəhcül-bəlağə. 232-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
233-cü xütbə


İmam Əli əleyhis-salamın (təqva, dünyaya ürək bağlamamaq, ölümdən sonrakı çətinliklər və bəlalarda səbrli olmaq barəsindəki) xütbələrindəndir. Allaha bağışladığı nemətlərə görə şükr edirəm. Və Ondan haqlarını yerinə yetirmək (elm və maarif əldə etmək və vacib və müstəhəbbi əməlləri yerinə yetirmək) üçün kömək istəyirəm ki, Onun qoşunu (mələklər, peyğəmbərlər, peyğəmbərlərin haqq canişinləri və onların tabe və davamçıları insanları düz yoldan azdıranlara və azmışlara) qalib, qüdrəti böyükdür. Şəhadət verirəm ki, Məhəmməd (səlləllahu əleyhi və alih) Onun bəndəsi və elçisidir: (insanları) Allaha itaət etməyə və tabe olmağa dəvət etdi, Onun dini yolunda cihad edib vuruşmaqla düşmənlərinə qalib gəldi. Düşmənlərin o Həzrəti inkar etməkdə birləşərək yekdil olmaları və onun nurunu söndürmək (dinini məhv etmək) üçün çalışaraq səy göstərmələri, onu cihaddan saxlamırdı. Buna görə də təqvadan və Allah qorxusundan yapışın. Çünki pərhizkarlıq tutacağı möhkəm olan bir kəndir və zirvəsi bərk olan bir sığınacaqdır. (O, dünya və axirət bədbəxtliyindən nicat tapmağa və qurtulmağa səbəb olur. Ölüm gəlib çatmamışdan itaət və bəndəliklə, eləcə də bağışlanmaya səbəb olan vasitələrlə) ölümə və onun çətinliklərinə doğru tələsin, gəlməmişdən (özünüzü) onun üçün bəzəyin və daxil olmamışdan hazır olun. Çünki qiyamət (savab və cəza veriləcəyi zaman), işin sonudur (və ölüm onun ilk mənzilidir). Ölüm ağıllıya öyüd vermək, nadan və qafilə isə ibrət olmaq üçün yetərlidir. Sona (qiyamətə) çatmamışdan qabaq qəbirlərin darısqallığı, (sərvət, övlad və dostlardan ayrılmağa görə yaranan) qəm-qüssənin çoxluğu, (qiyamətin vəziyyətindən) xəbərdar olacağınız yerin (Bərzəxin) qorxusu, qorxu və vahimənin ardıcıl gəlməsi, (qəbrin təzyiqi nəticəsində) qabırğaların yerlərinin dəyişməsi, qulaqların (qorxunc səslərdən) tutulması, ləhədin (qəbirdəki çuxurun) qaranlığı, Allahın (peyğəmbərlərinin dili ilə) xəbər verdiyi əzabın qorxusu, qəbrin örtülməsi və (vasitəsi ilə qəbrin ağzı bağlanan) enli daşın möhkəmləndirilməsi kimi şeyləri bilirsiniz. Belə isə, ey Allahın bəndələri, Allahdan qorxun, Allahdan qorxun! Çünki dünya sizə (axirət yolu olan və sizdən qabaqkıların keçdikləri) bir yoldan keçəcəkdir. (O, hamını həmin yol ilə aparır və heç kəsi yerdə qoymur.) Siz qiyamətlə bir ipə bağlanmısız (sizinlə onun arasında uzun bir fasilə və zaman yoxdur). Sanki qiyamət öz əlamət və nişanələrini aşkar edib, bayraqlarını (qabaqkılara birləşməyin müqəddiməsini) yaxınlaşdırıb və sizi (hesab və sorğu-sual üçün) öz yolu üstündə saxlayıb. Sanki çətinliklərini önə gətirib və (yükün, belindən götürülməsi üçün sinəsini yerə qoyan dəvə kimi) sinələrini açıb (ağrılı əzablarını üzə çıxarıb). Dünya öz sakinlərindən əl çəkib və onları öz himayəsindən çıxarıb. Odur ki, keçən bir gün və ya başa çatan bir ay kimi idi. Onun təzəsi köhnəldi və kökü arıqladı (bədənlər zəifləyərək gücsüzləşdi). (Onları) darısqal yerdə (qiyamətin, çətinlikləri ağır və qurtulmaq qeyri-mümkün olan) qarmaqarışıq və böyük işlər, əziyyətlə dolu, uca səsli, parlaq şöləli, qorxunc naləli, alovları yatmaq bilməyən yandırıcı, odunu çox alovlu, təhdidi qorxunc, dibi naməlum, kənarları zülmət, qazanları çox qaynar və cəzaları rüsvayedici olan (dar yerində saxlayacaqlar). (Pərhizkarlar barəsində isə Allah-təala Qur’ani-Kərimin Zumər surəsinin 73-cü ayəsində belə buyurur:) «وَسِيقَ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ إِلَى الْجَنَّةِ زُمَرًا حَتَّى إِذَا جَاؤُوهَا وَفُتِحَتْ أَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا سَلَامٌ عَلَيْكُمْ طِبْتُمْ فَادْخُلُوهَا خَالِدِينَ» «Rəbbindən qorxanlar (dünyada pərhizkar olanlar) dəstə-dəstə Cənnətə doğru aparılacaqlar. (Mələklər onları aparacaqlar. Nəhayət, ora çatınca onun qapıları açılacaq və Cənnətin qapıçıları onlara deyəcəklər: Salam olsun sizə, pak və pakizəsiniz: dünyada özünüzü günahlara bulaşdırmadınız. Buna görə də Cənnətə daxil olun və həmişəlik orada qalın.)» Beləliklə, əzabdan xatircəm, məzəmmətdən kənar və oddan uzaq olarlar. Cənnət onlara görə rahatlanıb, (gözləmə halından xaric olub) onlar da öz mənzil və məskənlərindən şaddırlar. (Bunlar) o kəslərdirlər ki, dünyada əməlləri təmiz və gözəl, gözləri isə (Allah xofu və əzabın qorxusundan) ağlar olub. Dünyada onların gecələri itaətkarlıq etmələri və bağışlanma istəmələrinə (gecəni ibadət və bəndəliklə keçirdiklərinə) görə gündüz (kimi), gündüzləri isə (əzabdan) qorxduqları və (dünyadan) uzaqlaşdıqları (və razü-niyazla məşğul olduqları) üçün gecə (kimi) olub. Buna görə də Allah Cənnəti onların qayıdış yerləri, şadlığı isə mükafatları edib. Onlar həmişəlik padşahlığa, həmçinin sabit və dəyişməz nemət və şadlığa, Cənnətə və onun sakinlərinə daha layiqdirlər. Belə isə, ey Allahın bəndələri, (indi ki, Cənnət və Cəhənnəm əhlinin halını eşitdiniz,) nicat tapanınızın riayət edərək xeyir qazandığı, zay edəninizin isə pozaraq ziyana düşdüyü şeyi qoruyun. Əməlinizlə öz ölümlərinizi qabaqlayın. (Elə olun ki, ölüm gələndə iztirab və narahatlıq keçirməyəsiniz.) Çünki siz qarşıya göndərdiyiniz şeyin girovusunuz və yerinə yetirdiyiniz şeylərə görə cəzalandırılacaqsınız (əvəz alacaqsınız). Sanki ölüm sizi haqlayıb. Buna görə də nə (öz çirkin əməllərinizin düzəldilməsinə) nail olmaq üçün qayıdış var, nə də (etdiyiniz) günah və büdrəmələrdən xilas olacaqsınız. Allah bizi və sizi Özünün və Peyğəmbərinin itaətinə vadar etsin və rəhmətinin çoxluğu ilə bizdən və sizdən (günahlarımızdan) keçsin. (Yuxarıda deyilmiş məsələlərdə fikrə dalıb düşündükdən sonra) öz yerinizdə oturun (lazımsız yerə həddinizi aşmayın), bəla və çətinliyə (küfr və azğınlığa) səbrli olun, əl və qılınclarınızı dillərinizin istəklərində işə salmayın (davakar olmayın və söyüş söyərək boş sözlər danışmayın). Həmçinin Allahın yerinə yetirilməsini vəzifə kimi təyin etmədiyi şeyə tələsməyin. Çünki sizdən hər kim Allahın, Onun Peyğəmbəri və elçisinin və o Həzrətin əhli-beytinin haqqını tanımış halda öz yatağında ölsə, şəhid olmuş kimi ölüb və onun əvəzi (mükafatı) Allahladır. O, fikrində olan yaxşı əməlin savabına layiqdir və bu fikir onun qılınc çəkməsinin yerini tutur. Hər bir şeyin müddəti və sona çatma zamanı vardır (ki, həmin müddəti keçməyincə çalışmağın faydası olmaz).