Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/231-ci xütbə
←230-ci xütbə | Nəhcül-bəlağə. 231-ci xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
232-ci xütbə→ |
İmam Əli əleyhis-salamın (imanın vəsfi barəsindəki) xütbələrindəndir. İmanın (Allahın varlığını təsdiq etmək, Həzrət Peyğəmbərin ilahi elçi olmasına yəqini olmaq və məsum imamlar əleyhimus-salamın vilayətlərinə etiqad bəsləməkdən ibarət olan) bir hissəsi qəlblərdə sabit və bərqərardır (və o, həqiqi imandır ki, dəlil və sübut vasitəsi ilə əldə edilir və insanları azdıran kimsələrin yaratdıqları şəkk-şübhə və azğınlıqlar onu aradan qaldıra bilmir). Onun (dəlil və sübut yolu ilə əldə edilməyən) digər bir hissəsi isə müəyyən edilmiş vaxta (dünyadan köçülənə) kimi qəlblə sinə arasında müvəqqətidir və aradan getməsi ehtimal olunur (istər təqlid edən şəxsin etiqadları kimi yəqinliyi olan olsun, istərsə də güman edilən və xəyali. Çünki belə bir iman qəlbdə sabitləşməyib və yer almayıb). Buna görə də (istər sabit, istərsə də müvəqqəti iman qəlbdə olan bir məsələ olduğu və ondan xəbərdarlıq mümkün olmadığı üçün) sizdə (pis güman və ya çirkin əmələ görə) ikrah yaranan zaman onun (iman əhli və ya kafir olması) barəsində ölüm onu haqlayana kimi səbr edin. (Amma əgər o öz çirkin əməlindən əl çəkməsə və eləcə dünyadan köçsə) onda (belə olan surətdə, onun özünə də ikrahla yanaşılmalı və ondan uzaqlaşılmalıdır. Çünki) o həmin vaxt nifrətə layiq olur. (Ona görə ki, ölümdən sonra iman əldə edilməsi və qazanılması üçün bir vəzifə və iş yoxdur.) Hicrət (zəlalət və azğınlıqdan hidayət və qurtuluşa, küfrdən imana köçmək) Həzrət Peyğəmbərin peyğəmbərliyə göndərilməsinin əvvəlində vacib olduğu kimi vacibdir. Allahın yer üzü əhlinin (küfr ölkələrində) imana tərəf hicrət etmələrini (təqiyyə ilə) gizlədən dəstəyə və (İslam ölkələrində) aşkar edənlərə ehtiyacı yoxdur. Yer üzündəki höccəti (Allahın nümayəndəsini) tanımayınca hicrət adı heç kəsə qoyulmur və şamil olmur. Buna görə də mühacir, Allahın höccətini tanıyan və onu təsdiqləyərək qəbul edən kəsdir. Höccətin xəbəri çatan, qulağı onu eşidən və qəlbində yer tutan kəsə zəif və aciz adı verilməz. (Allahın höccətini tanımaq ləyaqəti hamıda olmadığı və onu tanımağın həqiqəti ancaq sadiq və saf möminlərə məxsus olduğu üçün İmam əleyhis-salam sözünün davamında belə buyurur:) Bizi tanımaq çox çətin bir işdir ki, Allahın qəlbini iman üçün sınaqdan keçirmiş olduğu (imanı qəbul etməyə layiq bildiyi) mömin bəndədən başqa heç kəs onu götürmür və onun yükünün altına girmir. Həmçinin bizim hədis və sözlərimizi ancaq əmanətçi və inanılmış sinələr və mətin ağıllar qoruyub saxlayarlar. (İmam əleyhis-salamın məqsədi dinləyiciləri özünə tərəf hicrət etməyə və o Həzrətin hədislərinə tabe olmağa təşviq etmək olduğu üçün onlara sual vermək göstərişi verərək buyurur:) Ey insanlar! Məni itirməmişdən, (itaətsiz dəvə kimi hürküb sahibinin əlindən qaçaraq) öz cilovunu tapdalayan və adamlarının ağlını başlarından çıxaran fitnə-fəsad (Bəni-Üməyyənin fitnə-fəsadları) ayaq tutmamışdan (onların fitnələri hər yeri bürüyərək insanları haqq yoldan və öz zəmanə imamlarını tanımaqdan saxlayandan) qabaq, (ilahi maarifi, şəriət hökmlərini və qiyamətə kimi baş verəcək şeyləri) məndən soruşun ki, mən göyün yollarını yerin yollarından daha yaxşı bilirəm.