Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/238-ci xütbə

237-ci xütbə Nəhcül-bəlağə. 238-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
239-cu xütbə


İmam Əli əleyhis-salamın «Həkəmeyn» (Əmr ibn As və Əbu Musa Əş’əri) barəsindəki və Şam əhalisinin məzəmmətindəki xütbələrindəndir. Şamlılar daşürəkli və tüfeyli insanlar və alçaq kölələrdir (nökərlərdir) ki, ordan-burdan toplaşıblar və müxtəlif qarışıqlardan yığılıblar. (Hər biri bir yerdən gəlib bir-birinə birləşmiş dəstədirlər və əsil-nəcabətləri məlum deyil.) Onlar (İslamın hökmləri) öyrədilməyə, (gözəl xislətlərlə) tərbiyə edilməyə, (xeyir və şər) təlim edilməyə, təcrübələndirilməyə, rəhbərlik edilməyə və (uşaqlar kimi) əllərindən tutulmağa layiq kimsələrdəndir (ki, özbaşına bir iş görməsinlər). Onlar nə (Məkkədən Mədinəyə hicrət edərək Həzrət Peyğəmbərin - səlləllahu əleyhi və alih - yanına gələn) Mühacirlər və (İslamı qəbul edərək o Həzrətə kömək edən Mədinə əhli olan) Ənsardan, nə də Mədinədə yerləri olan (və hicrətdən qabaq İslamı qəbul edən) və imanda möhkəm olan kəslərdən idilər. Bilin ki, Şam əhalisi özləri üçün sevdikləri şeyə (İraq əhlinə qalib gələ bilmələrinə) ən yaxın olanı (Əmr ibn Ası) seçdilər. Siz isə insanların sevmədiyiniz şeyə (Şam əhlinin sizə qalib gəlmələrinə) ən yaxınını (Əbu Musa Əş’ərini) seçdiniz. Sizin Abdullah ibn Qeys ilə qarşılaşmağınız dünən idi (çox yaxındır. Mən Bəsrəyə, Cəməl müharibəsinə gedəndə eşitdiniz) ki, deyirdi: «(Ey Kufə əhli, İmama kömək etməyin, çünki) bu qarşıdurma və müharibə fitnədir (ki, ondan uzaq olmaq lazımdır). Odur ki, oxlarınızın yayının kirişini işə salmayın və qılınclarınızı qınına qoyun». Əgər düz deyirdisə, məcbur edilmədən (bizim yanımıza) gəlməkdə (və Siffeyn müharibəsində İraq qoşununda hazır olaraq bizə kömək etməkdə) səhv edib. (Çünki öz əqidəsinə zidd davranıb və belə bir şəxsin hökm çıxarmaq səlahiyyəti yoxdur.) Əgər yalan deyirdisə, onda ona töhmət vurmaq olar. Odur ki, Əmr ibn Asın sinəsində olanları Abdullah ibn Abbasın vasitəsi ilə məhv və dəf edin (Abdullah ibn Abbası öz nümayəndəniz edin ki, hiyləgər Əmr ilə o bacara bilər), zamanın fürsətini əldən çıxarmayın və İslamın uzaq şəhərlərini (fitnəkarların və zalımların onlara hakim olmasından) qoruyun. Məgər şəhərlərinizə nəzər salmırsınız ki, (sizi məhv edərək var-dövlətinizi qarət etmək üçün) onlarda müharibə aparırlar? Məgər özünüzün möhkəm daş parçalarınızı (qüdrət və gücünüzü) görmürsünüz ki, ona ox vururlar? (Sizin zəiflik və acizliyə düçar olmağınızı və nəticədə məğlub olub təslim olmağınızı istədiklərini görmürsünüz?!)