Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/239-cu xütbə

238-ci xütbə Nəhcül-bəlağə. 239-cu xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev


İmam Əli əleyhis-salamın Məhəmməd Əhli-Beyti əleyhimus-salamı (onların fəzilətlərini) bəyan etdiyi xütbələrindəndir. Məhəmməd əhli-beyti (pak imamlar-salavatullah əleyhim əcməin) elm və biliyi dirildənlər və nadanlıq və cəhaləti öldürənlərdir. (Onlardan elm əldə edilir və vasitələri ilə nadanlıq dəf edilir.) Onların səbrlilikləri alimliklərindən xəbər verir (çünki səbr etmək lazım olan yerləri bilib ancaq həmin yerlərdə səbrlilik edərlər) və həmçinin zahirləri batinlərindən (gözəl söz və əməlləri paklıq və saflıqlarının kamilliyindən) və sükutları sözlərinin düzlük və doğruluğundan! (Çünki insanın sükut edərək yersiz danışmaması onun sözlərinin elm və hikmət əsasında olmasına bir dəlildir.) Haqq ilə müxalifət etməzlər (ondan üz döndərməzlər) və onun barəsində ixtilaf və ziddiyyətləri yoxdur (sözləri bir şəkildədir). Onlar İslamın sütunları və sığınacaqlarıdır (öz elmləri ilə onu qoruyur və hökmlərini xalqa öyrədərək onlara azğınlıq və nadanlıqdan nicat verirlər). Haqq onların vasitəsi ilə öz əslinə və yerinə qayıdır, batil və nahaq onun yerindən uzaqlaşır, məhv olur və haqq zahir olanda (batilin) dili kəsilir. (Onların elm və biliyi nəticəsində haqq və həqiqət aşkar, batil və nahaq isə məhv olur.) Dini (və onun hökmlərini) bildilər, qavradılar, amma sırf eşitməyə və nəql etməyə əsaslanan qavrama ilə deyil, elmə və riayət (əməl) etməyə əsaslanan qavrama ilə! (Çünki əgər belə olmasaydı, başqalarından bir üstünlükləri olmazdı.) Elmi rəvayət edənlər çox, ona əməl edənlər isə azdır.