Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/30-cu xütbə

29-cu xütbə Nəhcül-bəlağə. 30-cu xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
31-ci xütbə


İmam Əli əleyhis-salamın Osmanın qətli barəsindəki kəlamlarındandır. Əgər onun qətlinə əmr vermiş olsaydım, sözsüz ki, qatil olardım, əgər qarşısını alsaydım, təbii ki, kömək göstərmiş olardım (onu öldürənlər mənimlə məsləhətləşməyiblər ki, mən onlara əmr vermiş, yaxud çəkindirmiş olum). Lakin (bilirəm ki,) ona kömək edən (Mərvan ibn Həkəm və Bəni-Üməyyədən bir dəstə adam) «Mən onu xar edəndən (ona köməklik göstərməyəndən) daha yaxşıyam» deyə bilməz. Onu xar edən də (Mühacir və Ənsardan bir dəstə) deyə bilməz ki, «ona kömək edən məndən daha yaxşıdır». (Burada o Həzrətin məqsədi Osmanı məzəmmət etməkdir.) Belə isə mən indi sizin üçün onun qətl səbəblərini (müxtəsər şəkildə) bəyan edirəm: Osman xilafəti öz ixtiyarına keçirib istibdad və özbaşınalıq etdi. (Məsləhətləşmədən, ümmətin razılığını nəzərə almadan istədiyini edirdi.) Deməli, belə iş görüb özbaşınalıq etməklə çox pis etdi, (siz isə zülm və sitəmdə) səbirsizlik etdiniz (səbr etməyib onu qətlə yetirdiniz), deməli, siz də bu səbirsizliyinizlə pis iş tutdunuz (gərək səbr edəydiniz ki, bu iş yumşaqlıqla islah olunardı və ya onun ətrafından dağılardınız ki, haqq öz sahibinə qayıtsın). Özbaşına hərəkət edən və onu öldürməkdə dözümsüzlük göstərən şəxs barəsində Allahın hökmü dəyişməzdir (Allah-təala qiyamət günü onlar barəsində hökm verəcək və hər kəsi öz günah və təqsiri qədər cəzalandıracaqdır).