Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/31-ci xütbə

30-cu xütbə Nəhcül-bəlağə. 31-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
32-ci xütbə


İmam Əli əleyhis-salamın Cəməl müharibəsindən əvvəl, Zübeyrin itaət etməsi üçün Abdullah ibn Abbasi onun yanına göndərdiyi zaman buyurduğu kəlamlarındandır. Əlbəttə, Təlhə ilə görüşmə, onunla görüşsən görərsən ki, o, buynuzunu əyib itiləmiş öküz kimidir. İtaətsiz dəvəyə minib deyir: Bu, ram olan dəvədir (çətin işlərdən yapışıb nadanlıq və özbaşınalıq üzündən onları asan hesab edir). Lakin Zübeyrlə görüş, çünki o yumşaq təbiətlidir (gözəl əxlaqı və itaətkarlığı daha çoxdur). Ona de: Dayın oğlu (Zübeyrin anası Səfiyyə Əbu Talibin bacısı idi) deyir ki, sən məni Hicazda (Mədinədə) tanıdın (mənə bey’ət etdin), İraqda (Bəsrədə) inkar etdin (öz əhd-peymanını sındırıb, itaətdən çıxdın). Bəs nə oldu ki, sənə aşkar və aydın olandan üz döndərdin? (Nə baş verdi ki, öz əhd-peymanını pozub mənə qarşı çıxdın və mənimlə müharibəyə qalxdın. Seyyid Rəzi buyurur:) Deyirəm: O Həzrət əleyhis-salam bu kəlməni « فَمَا عَدَا مِمَّا بَدَا» işlədən ilk şəxsdir.