Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/33-cü xütbə

32-ci xütbə Nəhcül-bəlağə. 33-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
34-cü xütbə


İmam Əli əleyhis-salamın Bəsrə camaatı ilə müharibəyə (Cəməl müharibəsinə) gedərkən buyurduğu xütbələrindəndir. Abdullah ibn Abbas deyir: «Zi-Qar»da (Bəsrənin yaxınlığında bir yerdir) Əmirəl-möminin əleyhis-salam ayaqqabısının cırığını tikərkən onun yanına getdim. Mənə buyurdu ki, bu ayaqqabının qiyməti nə qədərdir? Ərz etdim ki, dəyəri yoxdur. Buyurdu: «Allaha and olsun, bu ayaqqabı sizlərə rəhbərlik və əmirlik etməkdən mənim üçün daha qiymətlidir. Lakin (mən əmirliyi və hakimiyyəti ona görə qəbul etdim ki,) haqqı sübut etməli, batili aradan götürməliyəm». Sonra Həzrət bayıra çıxaraq camaata bu xütbəni oxudu: Eyb və nöqsan sifətlərdən uzaq olan Allah Həzrət Məhəmmədi (səlləllahu əleyhi və alih) aralarında bir nəfər kitab oxuyanın və peyğəmbərlik iddiası edənin olmadığı ərəblərin içinə göndərdi. (Onların arasında nə peyğəmbər, nə də kitab var idi.) Sonra o Həzrət, onlar öz məqamlarına çatana, rahatlığa yetişənə qədər yol göstərdi (çirkin söz və əməlləri qadağan etdi) və (onları) bədbəxtlikdən xilas etdi. Beləliklə, onların nizələri düzəldi (müstəqilliyə və həyatlarında nizam-intizama çatdılar) və onların titrəyən böyük daşı sakitləşdi (əmniyyətsizliyə görə çəkdikləri iztirab və narahatlıq aradan götürüldü). Agah olun, Allaha and olsun, mən elə insanların arasında idim ki, düşmənin bütün qoşunu arxa çevirib qaçana qədər onlar doğru yola və nicata sövq edirdilər. (İtaəti qəbul etməyib döyüşənlərlə müharibə etdim.) Mən (o vaxt) aciz qalmadım, qorxunu özümə yaxın buraxmadım. Mənim Bəsrə camaatı ilə müharibəyə getməyim Peyğəmbərlə xalqı doğru yola yönəltmək və nicat vermək üçün getdiyimiz vaxtlarda olduğu kimidir. (İndi də aciz deyiləm və qorxu mənə yaxın düşməz.) Haqqı onun içindən çıxarmaq üçün batili yaracam. (Mən haqqın üzə çıxması üçün öz əməlimin işığı ilə haqqı örtmüş batil zülmətini dağıdacağam.) Mənim Qüreyşlə nə işim var? (Onların mənimlə düşmənçiliyinin səbəbi nədir?) Allaha and olsun, (onlarla müharibə etməkdən məqsədim budur ki,) kafir (müşrik və bütpərəst) olduqları vaxt onlarla döyüşdüm və haqqın yolundan dönərək fitnə-fəsad yolunu tutduqları indiki vaxtda da onlarla döyüşürəm. (Deməli, bu iki dövranda onlarla döyüşməyim küfr və azğınlığa görədir, yoxsa Qüreyşlə düşmənçiliyim yoxdur.) Mən dünən (Peyğəmbərin sağlığında müharibələrdə) onlara yol yoldaşı olduğum kimi (müqavimət göstərirdim) bu gün də onlarlayam.