Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/32-ci xütbə
←31-ci xütbə | Nəhcül-bəlağə. 32-ci xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
33-cü xütbə→ |
İmam Əli əleyhis-salamın (öz zəmanəsinin əhlindən şikayət etdiyi) xütbələrindəndir. Ey camaat, (əhalisi) zülmkar və nemətə küfran edən, yaxşı əməl sahibinin pis sanıldığı və zalımın öz zülmünü artırdığı bir rüzigarda sabahı açdıq (qərar tapdıq). Bildiyimizdən bəhrələnmirik (bildiyimizə əməl etmirik), bilmədiyimizi də soruşmuruq və (nadanlıq və təkəbbürün təsirindən) bizə yetişənə qədər böyük bəladan qorxmuruq. Deməli, (bədbəxtliyə və çarəsizliyə mübtəla olana qədər öz işimizin sonunu düşünmürük. Bu zəmanədə) insanların dörd sinfi var: birinci qism insanları çarəsizlik, qılıncının kütlüyü və mal-dövlətinin azlığından başqa heç nə fitnə-fəsaddan çəkindirməz. İkinci qism qılıncını qınından sıyırıb öz şərini aşkar edərək, piyada və süvarilərini (qoşununu) toplayaraq, özünü fitnə-fəsada hazırlayıb və qənimət olaraq oğurladığı mala və ya (təkəbbür və böyüklüyünü izhar etmək üçün) ardınca gedən süvarilərə, yaxud da (xalqa öz rəhbərliyini göstərmək üçün) çıxmaq istədiyi minbərə görə dinini zay edəndir (əldən verəndir). Özünü və Allahın sənin üçün yaratdığı Cənnəti satıb, onun qiymətinə dünyanı almaq uğursuz ticarətdir. Üçüncü qismi axirət əməli ilə (özünü abid və bəndə kimi göstərməklə) dünyanı, dünya əməli (həqiqi zöhd, təqva və ibadət) ilə axirəti istəməyən, özünü vüqarlı və mətanətli göstərən (pərhizkarlar tək özünü təvazökar aparan) addımlarını bir-birinə yaxın atan (əziyyətsiz adamlar kimi yol gedəndə asta-asta addımlayan) və (ibadət və bəndəlik üçün) paltarının ətəklərini yığib tam sürətlə yol gedən, özünü mötəbər və əmin tanıtmaq üçün (camaat arasında zöhd və təqvayla) bəzənən, Allahın pərdəsini (din və şəriətin yolunu) günah vasitəsinə çevirəndir. Dördüncü qism həqarətinə, alçaqlığına və hakimiyyətə çatmaq üçün vasitəyə malik olmadığına görə xanənişin olandır. Öz arzularına əli çatmadığından özünü qaldığı vəziyyətə qane olan kimi göstərər. Nə gecələr sakitləşən daxilində, nə də gündüzləri keçirdiyi zahirində (heç vaxt) qənaət və zöhd əhli olmadığı halda, özünü zöhd və təqva əhlinin libası ilə bəzəyər. Qalan bir neçə kişi də Qiyamət gününü xatırlatmaq onların gözlərini (dünyanın ləzzətinə) yummuşdur, o günün qorxusundan gözlərindən yaş axır. Bəziləri qovulmuş və hürküdülmüşdür bir dəstəsi qorxaq və xar, bəziləri isə sakit və dilləri bağlı qalıblar (haqqı aşkar edə bilmirlər). Bəziləri də ixlas və doğruluqla (xalqı doğru yola) dəvət edir (və ya Allahı ixlasla çağırır, bağışlanmalarını diləyirdilər), başqa bir dəstə isə (zülmkarların sitəminin təsirindən) qəmgin və incikdir. Təqiyyə və (düşməndən) gizlənmək onları itirib-batırmış (belə ki, heç kəs onları tanımır), başdan başa zəlalət və xarlıq onları bürümüşdür. Deməli, onlar şor dənizdə batmışlar, ağızları bağlı, ürəkləri isə yaralıdır. Özləri incik düşənə qədər (çünki onların sözlərinə qulaq asmır, onları saymırdılar) camaata öyüd-nəsihət verdilər. Məğlubiyyətin təsirindən zəlil və xar olub öldürüldülər və beləliklə, azaldılar. (Əcdadlarınızla belə rəftar etmiş) dünya sizin nəzərinizdə (səhrada bitən və yarpağından dabbaqlıqda istifadə olunan) səlm ağacının yarpağının qurusundan, (qoyun və bu kimi heyvanların yununu qırxılmasından sonra) qırxımdan qalan tullantıdan da dəyərsiz olmalıdır. Gələcək nəsillər sizlərin halından ibrət almamış (köçüb gedən və əməllərinin cəzasına çatan) əcdadlarınızın halından ibrət alın (tənbeh olunun). Bu pislənmiş və bəyənilməyən dünyadan əl çəkin. Çünki dünya onu sizlərdən daha artıq sevənlərə vəfa etməmişdir. (Seyyid Rəzi buyurur:) Deyirəm: Hansısa bir nadan bu xütbəni Müaviyənin adına çıxmışdır. Bu xütbənin Əmirəl-möminin əleyhis-salamın sözləri olmasına heç bir şübhə yoxdur. Qızıl torpaqla, şirin su şor su ilə necə bərabər ola bilər? Bu sözün doğruluğunu mahir yol göstərən və gözüaçıq bəsirətli birisi – Əmr ibn Bəhr Cahiz sübut etmiş və aydınlaşdırmışdır. O, bu xütbəni «بيان و تبيين» kitabında bəyan etmiş, onu Müaviyənin adına çıxanın da adını göstərdikdən sonra demişdir: «Bu xütbə Əli əleyhis-salamın sözlərinə daha çox bənzəyir. İnsanların bölgüsü, onların sifətlərinin təsnifatı, məğlubiyyət, zəlillik, təqiyyə və xof kimi vəziyyətlərinin təsviri o Həzrətin üslubuna daha layiqdir». (Elə həmin kitabda) qeyd edir: «Biz Müaviyənin öz sözlərində zahidlərin yolunu tutduğunu, Allahın bəndələri kimi rəftar etdiklərini harada görmüşük?».