Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/36-cı məktub

35-ci məktub Nəhcül-bəlağə. 36-cı məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
37-ci məktub


İmam Əli əleyhis-salamın qardaşı Əqil ibn Əbu Talibə, bəzi düşmənlərə tərəf göndərdiyi qoşun barəsindəki məktublarındandır. Bu, Əqilin o Həzrətə yazdığı məktuba cavabdır. (Düşmənimin qələbə çalması və tərəfdar və şiələrimin mənə kömək etməmələri barəsində yazdıqların düz deyil.) Müsəlmanlardan ibarət böyük bir qoşunu ona (düşmənə) tərəf göndərdim. Bu xəbər ona çatanda, o, qaçmağa tələsdi və peşman halda geri döndü. Mənim qoşunum gün batana yaxın yolda ona çatdı. Sonra bir-birləri ilə «yox-yox» kimi vuruşdular. Beləliklə, boğazı bərk sıxılandan və yarımcan qalandan sonra bir saatdan artıq dayanmadan kədərlə xilas oldu. Deməli, ardıcıl çətinliklərlə qurtuldu. (Deyibsən ki, yaxınlarımı da götürüb sənin yanına tələsim və sağ qalsaq bir yerdə olaq, ölsək də bir yerdə ölək. Bunun cavabında belə deyirəm:) Qureyşi və onların azğınlıqda sürətlə irəliləmələri, düşmənçilikdə cövlan etmələri və sərgərdanlıqdakı itaətsizliklərini burax! (Onlar barəsində bir şey danışma.) Çünki onlar məndən qabaq Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) ilə müharibə etmək üçün müttəfiq olduqları kimi mənimlə döyüşmək və vuruşmağa da birləşiblər. Cəza verənlər mənim yerimə Qureyşi cəzalandırsınlar. (Ümid var ki, onlar zalımların müxtəlif zülm və əzablarına düçar olsunlar.) Çünki onlar mənim (Həzrət Peyğəmbərlə olan) qohumluq tellərimi qırdılar (bu qohumluğa hörmət göstərmədilər) və anamın oğlunun (Peyğəmbərin) hökumətini (xilafətini, mənə qarşı olan kinlərinə görə) məndən oğurladılar. Mənim (düşmənlə) müharibə barəsindəki nəzərimi soruşmusan (və demisən ki, kömək olmadan güclü düşmənlə müharibə aparmaq rəva deyil). Mənim fikrim Allaha qovuşana (Onun yolunda öldürülənə) kimi müharibəni düz sayanlarla (ilahi əhd-peymanı pozaraq Allah və Peyğəmbərin göstərişinə zidd davrananlarla) döyüşməkdir. Ətrafımda xalq kütləsinin çoxluğu mənim izzət və hörmətimi, onların ətrafımdan dağılmaları isə qorxu və vahiməmi çoxaltmır. (İstər kimsə mənə kömək etsin, istərsə də məndən uzaqlaşsın. Bunun heç birinə əhəmiyyət verməyib din düşməni qarşısında dayanaraq Allahın istəyini yerinə yetirəcəyəm.) Belə zənn etmə ki, atanın oğlu (İmam əleyhis-salam) xalq onu tək qoysa (kömək və yardım etməsə, düşmən müqabilində) xar və zəlil olacaq, süstlük və acizlikdən zora tabe olacaq, (ram edilmiş dəvə kimi) cilovunu onu çəkənin əlinə verəcək və yaxud da minmək istəyənə minmək imkanı verəcək! (Qısası, düşmən qarşısında heç bir çətinlikdən qaçmayacağam.) Lakin (Qüreyş və qohumlar barəsində söz danışmaq, deyilənlərə görə öz məşuqəsinə xitab edən) Bəni-Suleym qardaşın (Bəni-Suleym qəbiləsindən olan Abbas ibn Murdas Selminin) dediyi kimidir ki:

فَإِنْ تَسْأَلِينِى كَيْفَ أْنْتَ؟ فَإِنَّنِى صَبُورٌ عَلي رَيْبِ الزَّمانِ صَلِيبٌ يَعِزُّ عَلَيَّ أَنْ تُري بِي كابَةٌ فَيَشْمَتَ عادٍ أَوْ يُساءَ حَبِيبٌ

«Əgər məndən soruşsan ki, «necəsən?», mən dövranın çətinliklərinə çox səbrli və vüqarlıyam. Mənim üçün məndə, düşməni şad edəcək, dostu isə qəmləndirəcək qəm-qüssənin görünməsi çox ağırdır. (Buna görə də Qüreyşdən söz açmır və onların pis rəftarlarından olan ürək ağrısı və incikliyimi açıqlamıram.)»