Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/38-ci məktub

37-ci məktub Nəhcül-bəlağə. 38-ci məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
39-cu məktub


İmam Əli əleyhis-salamın (Malik) Əştəri Misir əhalisinə vali təyin edəndə onlara yazdığı məktublarındandır. (İmam əleyhis-salam onları tərifləyərək onlara Malik Əştərə tabe olmağı əmr edib. O Həzrət əleyhis-salam Malik Əştəri Məhəmməd ibn Əbu Bəkrin yerinə Misirə göndərəndə oranın əhalisi iki dəstəyə bölünmüşdü. Onların bir hissəsi Osman və Müaviyənin tərəfdarı idilər və Məhəmmədlə müxalifət edirdilər. Əksəriyyət təşkil edən digər hissə isə Əmirəl-mömininin Osmanın öldürülməsi istiqamətində səy etmiş dostları idilər. İmam əleyhis-salamın məktubu onlara xitab və müraciətdir.) Bu, Allahın bəndəsi Əmirəl-möminin Əlinin Allahın (yaratdığı) yer üzündə günah və itaətsizlik ediləndə, Onun haqqı tapdananda (əmr və fərmanlarına əməl edilməyəndə), beləliklə də, zülm həm yaxşı, həm də pis iş görənin, həm məskunlaşan, həm də səfərdə olanın başı üzərinə kölgə salanda, (xalq Allah və Peyğəmbərin buyuruqlarının əksinə hərəkət edəndə və nəticədə) sığınılaraq asudəlik və rahatçılıq əldə edilən yaxşı və bəyənilən bir iş tapılmayanda və heç bir pis və çirkin işin qarşısı alınmayan zamanda (yaxşılıqlar tərk edilərək pis işlərin yayıldığı Osmanın zamanında) Allaha xatir qəzəblənən tayfa və dəstəyə məktubudur. Beləliklə, Allah bəndələrindən elə birisini sizin yanınıza göndərdim ki, o, qorxulu günlərdə yuxuya getməz, qorxulu və vahiməli anlarda düşmən qabağından qorxub geri çəkilməz. O, (haqdan üz döndərərək azğınlığa düşmüş) pis əməl sahiblərinə qarşı odun yandırmasından da şiddətli və kəskindir. (O, düşmənləri əldən salan bir qəhrəmandır.) O, Məzhicdən (Məzhic qəbilə və tayfasından) olan Malik ibn Harisdir. Buna görə də onun sözlərinə qulaq asın və haqqa uyğun əmr və göstərişlərinə tabe olun. Çünki o, Allahın itiliyi korlaşmayan və zərbəsi təsirsiz qalmayan (vurulduğu yeri kəsən) qılınclarındandır. Buna görə də əgər o sizə (düşmənə tərəf) getməyi əmr etsə yola düşüb gedin. Əgər əmr etsə ki, getməyin, siz də getməyərək durun. Çünki o (heç bir işdə) mənim əmrim olmadan nə qabağa düşər, nə də arxaya çəkilər, nə üz döndərər və nə də irəli gedər. Mən onun sizin xeyrinizi istəməsi və düşmənə vurduğu cilovun möhkəm olması səbəbindən, onun barəsində sizi özümdən üstün tutdum. (Ona ehtiyacımın olmasına baxmayaraq, onu sizin yanınıza göndərdim. O, düşmənə əldən salan cilov vurur.)