Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/38-ci xütbə

37-ci xütbə Nəhcül-bəlağə. 38-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
39-cu xütbə


İmam Əli əleyhis-salamın (şübhənin «şübhə» adlandırılması haqqında və heç kəs üçün ölümdən xilas yolu olmaması barədə) xütbələrindəndir. Şübhə haqqa bənzər və oxşar olduğu üçün şübhə adlandırılmışdır. (Hər adam haqla batili bir-birindən ayıra bilməz Allaha və Peyğəmbərə) iman və etiqad Allah dostlarının şübhəli görünən işlərdə işığıdır. Yolları hidayət və nicat yoludur. (Bu yolla öz ardıcıllarını şübhələrin qaranlığından xilas edərək haqqı onlara aşkar edərlər.) Ancaq Allahın düşmənlərini o şübhələrə dəvət edən azğınlıq, bələdçiləri isə korluq və sərgərdanlıqdır. (Bu səbəbdən də öz yolçularını dünyada bədbəxt, axirətdə isə ilahi əzaba düçar edərlər.) Deməli, (Allah dostlarının ardıcılları ölümdən və öldürülməkdən qorxmur. Çünki) qorxan üçün hər halda ondan nicat və qurtuluş yoxdur. Diri qalmaq istəyən də həmişə diri qalmayacaqdır.