Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/39-cu xütbə
←38-ci xütbə | Nəhcül-bəlağə. 39-cu xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
40-cı xütbə→ |
İmam Əli əleyhis-salamın xütbələrindəndir:
Elələrinə düçar olmuşam ki, əmr etdikdə boyun əymir, çağırdıqda cavab vermirlər. Ey atasızlar, öz Allahınıza kömək və yardım üçün nəyi gözləyirsiniz? (İşlərinizdə süstlüyünüzün və Allah yolunda cihada getməməyinizin səbəbi nədir?) Sizi (dünya və axirət səadətini qazanmaq yolunda bir-birinizə kömək etməyiniz üçün) bir yerə toplayacaq din, (düşməni dəf etmək üçün) sizi tərpədəcək (din və onun əhlini qorumaq üçün) bir qeyrət yoxdurmu? Sizin aranızda dayanıb fəryad çəkə-çəkə yar və yoldaş istəyirəm. Mənim sözümə qulaq asmır, (itaətsizlik etdiyinizin və mənə qarşı çıxdığınızın nəticəsində) pis hadisələr aşkar görünənə qədər əmrimə itaət etmirsiniz (düşmən sizin can, mal və imanınıza hakim kəsilir), sizlərlə intiqam almaq olmaz, (sizlərlə düşmənə müqavimət göstərmək mümkün deyil), sizlərlə (din və dünya işlərində) məqsədə çatmaq olmaz. Sizi qardaşınıza kömək etməyə çağırdım (ah-vay etdiniz), göbəyi ağrıyan dəvə kimi nalə çəkdiniz. (Döyüş meydanına və qardaşınıza köməyə getmək üçün) arxası yaralı xəstə dəvə kimi (yol getməkdə) süstlük etdiniz. Sizlərdən mənə tərəf gələn azsaylı qoşun da narahat və acizdirlər. Sanki ölümə göndərilir və ölümü öz qarşılarında görür. (Seyyid Rəzi buyurur:)
Deyirəm: Həzrət مُتَذآئِب sözünü narahat və həyəcanlı mənasında işlətmişdir. Bu ərəblərin işlətdiyi تَذَآءَبَتِ الرِّيحُ (həyəcanlı küləklər əsdi) sözündən götürülmüşdür. Buna görə də narahat rəftarı ilə seçilən canavara da ərəbcə ذِئْب deyilir.