Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/4-cü məktub

3-cü məktub Nəhcül-bəlağə. 4-cü məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
5-ci məktub


İmam Əli əleyhis-salamın öz qoşun başçılarından bəzilərinə (İmam əleyhis-salam tərəfindən Bəsrənin hakimi olmuş və sərgüzəştlərinin bir hissəsi 171-ci xütbənin şərhində deyilmiş Osman ibn Hüneyfə) məktublarındandır. (İmam ona düşmənin itaət etməyəcəyi təqdirdə onlarla vuruşmağı əmr edir.) (Cəməl əhli «Təlhə, Zübeyr, Aişə və onların tərəfdarları» Bəsrəyə çataraq müharibəyə hazırlaşdıqdan sonra Osman ibn Hüneyf İmam əleyhis-salamı onların məqsədlərindən xəbərdar etmək üçün ona məktub yazdı. O Həzrətin Osman ibn Hüneyfə cavab olaraq yazdığı məktubun bir hissəsi belədir:) Əgər itaət kölgəsinə qayıtsalar (fitnə-fəsaddan əl çəkərək asayiş bərqərar edilməsini istəsələr) bu, elə bizim sevdiyimiz (istədiyimiz) şeydir. Amma əgər işlər onları düşmənçilik və üsyankarlığa sövq etsə (müharibəyə hazırlaşsalar), sənin əmrinə tabe olanlarla, əmrinə tabe olmayanlara qarşı qalx və döyüş. Sənin dalınca gedən kimsə ilə sənə yardım etməkdən çəkinən kimsəyə möhtac olma (kömək etməyənlərə möhtac olduğunu sanma). Çünki bir işə meyli olmayan kimsənin (orada) olmaması olmasından daha yaxşıdır, oturması durmasından daha xeyirlidir. (Ona görə ki, meyli olmadan məcburiyyətlə bir işə başlayan şəxs öz sirrini aça bilər və nəticədə başqaları da onun dalınca gedərək işdən qalarlar.)