Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/5-ci məktub

4-cü məktub Nəhcül-bəlağə. 5-ci məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
6-cı məktub


İmam Əli əleyhis-salamın Əş'əs ibn Qeysə (-onun barəsində 19-cu xütbənin şərhində bir az danışılıb) məktublarındandır. O, (Osman tərəfindən) Azərbaycanın hakimi idi. Sənin işin (və hakimliyin) sənin üçün ruzi və yemək deyil. (Səni ona görə hakim etməyiblər ki, bir şey tapan kimi ondan özbaşına yeyəsən.) O iş sənin boynunda olan bir əmanətdir (ki, qoruyaraq onun yolunda, dinin hökmlərinə zidd bir addım atmamalısan). Səndən özündən üstün olan kimsə üçün gözətçi olmağını istəyiblər. (Sən elə bir əmirin əli altındasan ki, səni gözətçi təyin edib və sənə vilayəti onun tərəfindən qorumağı tapşırıb. Buna görə də) rəiyyətin işində öz istədiyin kimi davrana bilməzsən. (Sənə əmr edilməmiş bir iş görə bilməzsən.) Sənə əmr və fərman gəlməyincə böyük işə girişə bilməzsən. Sənin əllərində bənzərsiz və böyük Allahın mallarından var. Sən onları mənə təhvil verənə kimi mənim xəzinədarlarımdan birisən. Ümidvaram ki, mən sənin üçün vali və əmirlərin ən pisi olmayım. (Bu hökmün sənin dünya və axirətinə də xeyri var.) Salama layiq kimsəyə salam olsun!