Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/40-cı xütbə
←39-cu xütbə | Nəhcül-bəlağə. 40-cı xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
41-ci xütbə→ |
İmam Əli əleyhis-salamın Nəhrəvan Xəvaricinin «hökm ancaq Allaha məxsusdur!» sözünü eşidərkən buyurduğu kəlamlarındandır.
Batil məqsəd üçün işlədilən haqq bir sözdür. Bəli, Allahdan başqa qeyrisinin hökmü yoxdur. Ancaq xəvaric deyir: (Xalqın arasında) əmirlik və rəislik Allaha məxsusdur. Xalq arasında istər xeyirxah, istərsə də pis əməl sahibi əmirin lazım olması labüddür. Onun rəhbərliyi və hakimliyi altında mömin ibadətlə məşğul olur, kafir isə öz bəhrəsini götürür (əmirin olması sayəsində hamı hərc-mərclik, iztirab və narahatlıqdan azaddır). Allah onun zamanında hər kəsi müəyyən olunmuş əcəlinə yetirir (əmir olmasa camaat bir-birinin canına daraşar) və onun vasitəsilə (ehtiyac olan vaxt istifadə edilməsi üçün) vergilər yığılır. Düşmənlə müharibə edilir, yollarda (oğru və soyğunçuların əlindən) əmin-amanlıq olur. Xeyir əməl sahibinin pozğunlardan (şərindən) asudə olması və rifahda yaşaması üçün zəif və gücsüzün haqqı güclü və zülmkardan alınır.
(Seyyid Rəzi buyurur): Başqa bir rəvayətdə göstərilir ki, Həzrət Xəvaricin sözünü (Allahdan qeyrisinin hökmü yoxdur) eşitdikdə buyurdu: «Sizin (öldürülməniz) barədə Allahdan hökm gözləyirəm.
Sonra buyurdu: Günahlardan pərhiz edən şəxs ədalətli əmirin hakimiyyətində Allaha ibadətlə məşğul olar və ziyankar şəxs isə pozğun əmirin vaxtında öz bəhrəsini götürər, ta ki, hər ikisi ömrünü başa vurar və onları ölüm haqlayar. (O vaxt biri mükafata, digəri isə öz əməllərinin cəzasına çatar.)