Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/51-ci xütbə

50-ci xütbə Nəhcül-bəlağə. 51-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
52-ci xütbə


Siffeyn döyüşündə Müaviyənin qoşunu o böyük şəxsiyyətin səhabələrindən önə keçdiyi və Fərata çıxış yolunu bağladığı, ondan su götürmələrini qadağan etdiyi vaxt İmam Əli əleyhis-salamın buyurduğu kəlamlarındandır. Müaviyənin qoşunu (Fəratın mənsəbini tutmaq və sizi ordan su götürməyə qoymamaqla) sizlərlə döyüşmək istəyir. Belə olduqda siz ya zəlillik və rəzilliyi boynunuza alaraq şücaət və şərəfinizi əldən verməli (acizlik və gücsüzlüyünüzü bildirməli, susuzluqdan əlacsız qalaraq, özünüzü düşmənə təslim etməlisiniz), yaxud da sudan doymanız üçün qılınclarınızı (onların) qanı ilə doydurmalısınız. Deməli, əgər məğlub olsanız (əsl) ölüm sizin həyatınızda, (düşmənə) qalib gəlsəniz (həqiqi) həyatınız ölümünüzdə olacaq (şərəfli və başıuca ölüm, rəzillik və zillət içində yaşamaqdan yaxşıdır). Agah olun ki, Müaviyə az sayda azğın və nadanı döyüşə gətirib və (Osmanın qanının alınmasını bəhanə edəcək) işin həqiqətini (hakimiyyət və rəhbərliyi əldə etmək üçün müharibə apardığını) onlardan gizlətmişdir ki, onlar öz boğazlarını ölümün (oxlarının) hədəfinə çevirsinlər. (Nadanlıqlarına və azğınlıqlarına görə ölümə hazırdırlar.)