Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/52-ci xütbə

51-ci xütbə Nəhcül-bəlağə. 52-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
53-cü xütbə


İmam Əli əleyhis-salamın (dünyanın vəfasızlığı və ona əhəmiyyət verməmək, camaatın axirətə təşviqi, savab, əməlin cəzası və Haqq-təalanın nemətlərinin böyüklüyü haqda) xütbələrindəndir. (Bu xütbə daha öncə bir rəvayətin əsasında nəql olunmuşdur. Burada iki rəvayət arasında olan fərqə görə, başqa bir rəvayətə əsasən nəql edirəm.) Agah olun, dünya faniliyə və məhvə doğru getməkdədir və (onda müşahidə olunan dəyişikliklərə görə) sonun yetişdiyini elan etmişdir. Onun (gənclik və sağlamlıq kimi) xoşluğu daimi qalmır və sürətlə (öz əhlindən) üz döndərir. Öz sakinlərini fənalığa və yoxluğa sürükləyir, qonşularını (qəbristanlığa tapşırmaq üçün) ölümə doğru qovur: (Cavanın qocalması və sağlamlığın xəstəliklə əvəz edilməsi kimi vasitələrlə) şirinliyi acıya çevrildi, saflığı qaraldı. (Onda hər an və sürətli dəyişikliklər baş verirsə, ondan faydalanmaq müvəqqətidirsə, dünyaya ürək bağlamaq lazım deyil.) Bu dünyadan (hər kəsin ömrü baxımından) kiçik müşkün dibində qalan az çöküntü tək çöküntüdən (bir neçə gün) və ya Məqlə qurtumu qədər bir qurtumdan (az bir vaxtdan) başqa bir şey qalmayıb. (Ömürlərindən az bir müddət qalan, dünyaya) təşnə həmin çöküntünü və ya Məqlə qurtumunu sorsa, (dünyaya ürək bağlayıb, axirətə göz yumsa) susuzluğu yatmaz (nəzərdə tutduğu faydanı götürə bilməz). Ey Allah bəndələri, (dünya sizinlə belə rəftar etdiyi halda) sakinlərinə zaval və yoxluq labüd olan bu saraydan köçməyə hazırlaşın. Arzu sizləri üstələməsin, orada yaşadığınız müddət nəzərinizdə uzun görünməsin (yersiz arzulara arxalanmayın və sizi qəflətən haqlayan ölümdən qafil olmayın). Allaha and olsun, əgər balası ölmüş dəvə kimi nalə çəksəniz, göyərçin kimi ötsəniz, dünyanı tərk edən rahib tək fəryad çəkərək zarısanız və Onun yanında məqam və mövqe baxımından yaxınlaşmaq üçün, yaxud yazılmış və Onun mələklərinin qeydə aldığı günahın bağışlanması üçün Allah yolunda malınızdan, övladlarınızdan keçsəniz, mənim, böyük Allah tərəfindən sizə veriləcəyinə ümidvar olduğum savabın müqabilində həqiqətən azdır. (Eyni zamanda) bunlar mənim sizlər üçün qorxduğum Onun əzabının müqabilində də azdır. Allaha and olsun! Əgər Haqq-təalaya şövqdən və ya onun qorxusundan ürəkləriniz közərsə, yaxud gözlərinizdən qan axsa və dünya durduqca bu minvalla yaşasanız belə, sizin əməlləriniz və cidd-cəhdli səyləriniz Allahın sizə əta etdiyi böyük nemətlərə, sizləri imana yönəltməsinə bərabər olmaz.

Bu xütbənin bir hissəsi Qurban bayramı və qurbanlıq heyvanın xüsusiyyəti barədədir

Qurbanlıq heyvanın şərtlərindən biri budur ki, qulağı bütöv (kəsilmiş və deşilmiş olmasın), gözü sağlam olsun. Qulağında və gözündə eybi olmasa, qurban doğru və səhihdir. Buynuzu sınmış olsa (qurbanlığa yaramır, ayağı sınmış qoyun kimidir ki,) qurban kəsilən yerə gedəndə axsayar. (Ayağı və buynuzu sınmış qoyunu qurban kəsmək düzgün deyil. Seyyid Rəzi buyurur:) Mənsək (ibadət yeri mənasını versə də,) burada qurban kəsilən yer mənasında işlənmişdir.