Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/54-cü məktub

53-cü məktub Nəhcül-bəlağə. 54-cü məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
55-ci məktub


İmam Əli əleyhis-salamın Təlhə və Zübeyrə olan məktublarındandır ki, (onda onların əhdlərini pozmaq haqqına malik olmadıqlarını isbat edib və) onu İmran ibn Hüseyn Xüzai vasitəsi ilə göndərib. Əbu Cə’fər (Məhəmməd ibn Addullah) Eskafi onu Əmirəl-mömininin fəzilətləri barəsində yazdığı «Məqamat» kitabında bəyan edib. Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: Gizləsəniz də bilirsiniz ki, camaat məni (mənə bey'ət etmək) istəyənə kimi mən onların fikrinə düşmədim (onların bey'ət etmələrini istəmirdim) və onlar mənə əl uzadana kimi, mən (bey'ət almaq üçün) onlara tərəf əl uzatmadım. Siz mənə tərəf gəlib bey'ət edən kimsələrdən idiniz. Xalq mənə nə (malik olduğum) güc və qüdrətə və nə də mövcud mal və sərvətə görə (ona tamah salıb) bey'ət etməyib. (Onlar öz ixtiyar və istəkləri ilə əl uzadaraq bey’ət ediblr.) Buna görə də əgər siz mənimlə ixtiyari surətdə bey’ət edib əhd bağlamısınızsa, nə qədər ki, gec deyil (onu pozmaqdan) qayıdın, (bu çirkin işdən) tövbə edib Allaha tərəf dönün. Əgər ürəksiz əhd bağlamısınızsa, itaət və tabeçiliyi üzdə göstərib (bey’ət edib) günah və itaətsizliyi gizlətməklə (ürəksiz əhd bağlamaqla) mənim (sizi sorğu-suala tutub cəzalandırmağım) üçün yol açmısınız (ki, sizdən «əgər batində meyliniz yox idisə, heç bir məcburiyyət və zor olmadan nə üçün bey’ət etdiniz?» deyə soruşum). Canıma and olsun (ki, mənimlə meyl və rəğbətlə, malik olduğunuz nadürüst məqsədə görə bey’ət etmisiniz. İndi həmin məqsədinizə çatmadığınız üçün əhdinizi pozmusunuz. Çünki) siz təqiyyə etməyə, qorxmağa və mənimlə bey’ətə könülsüzlüyünüzü bildirməməyə, Mühacirlərdən daha layiqli deyildiniz. (Ona görə ki, siz onlardan güclü idiniz və sizə güc gələrək zor işlətmək imkanı daha az idi.) Sizin üçün bey'ətə daxil olmamışdan onun yükünün altına girməməyiniz, onu qəbul etdikdən sonra əhdinizi pozmaqdan daha asan idi. (Öz əhdlərinizi pozmaq üçün hazırladığınız bəhanə budur ki,) siz Osmanı mənim öldürməyimi güman edirsiniz (və həmin bəhanə ilə siz, onun intiqamını almaq üçün mənimlə müharibə etmək fikrinə düşmüsünüz). Belə isə mənimlə sizin aranızda Mədinə əhalisindən (Məhəmməd ibn Müslimə, Usamə ibn Zeyd və Abdullah ibn Ömər kimi) şəxslər var ki, həm məndən, həm də sizdən uzaqlaşıblar (heç birimizə kömək etmirlər. Qoy onlar şəhadət verib Osmanın qatilinin kim olmasını desinlər). Beləliklə, (əgər onlar Osmanı kimin öldürməsini desələr, bizlərdən) hər bir kəs, (barəsində verilmiş şəhadət əsasında) bu işdə əli olan miqdarı, boynuna almağa məcbur edilsin (və ondan qisas alınsın. Şübhəsiz ki, əgər onlar şahidlik etsəydilər Təlhə ilə Zübeyrin, Osmanın öldürülməsinin səbəbkarı olmaları, İmam əleyhis-salamın isə bu işdən uzaq olması məlum olardı.) Buna görə də ey qocalar, fikrinizdən daşının. (Nahaq yerə bəhanə gətirməyin və müharibə edib qan tökməkdən əl çəkin.) Çünki indi – (qiyamət günündəki) rüsvayçılıq ilə od bir yerə toplaşmamışdan, (dünyada) sizin qarşınıza çıxacaq ən böyük iş xəcalət və ardır. (Sizin barənizdə «peşman olub tövbə etdilər, qayıtdılar» deyilməsi, Həzrət Peyğəmbərin səhabələrinin öz zəmanələrinin imamı ilə müxalifət səbəbindən ilahi əzaba düçar olmalarından daha yaxşıdır. Çünki burada ar ilə od bir yerə toplanıb.) Salama layiq kimsəyə salam olsun!