Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/55-ci məktub
←54-cü məktub | Nəhcül-bəlağə. 55-ci məktub (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
56-cı məktub→ |
İmam Əli əleyhis-salamın Müaviyəyə (nəsihət yönümlü) məktublarındandır.
Allaha həmd və Həzrət Peyğəmbərə salamdan sonra: nöqsan sifətlərdən pak və uzaq olan Allah, dünyanı axirət üçün yaradıb və (bütün gizlin və aşkar olan şeyləri bilməsinə baxmayaraq) dünya əhlini onda sınağa çəkib ki, onlardan hansının əməllərinin daha yaxşı olmasını bilsin (başqalarına göstərsin). Biz dünya üçün yaradılmamışıq və onun (işləri) üçün çalışmağa göndərilməmişik. (Hamının ruzi əldə etmək üçün çalışmağa məcbur olmasına baxmayaraq, əsas səy və təlaş axirət işləri üçün olmalıdır.) Bizi dünyaya onunla sınanmağımız üçün gətiriblər (ki, yaxşı əməl sahibləri ilə pis əməl sahibləri məlum olsunlar). Allah məni səninlə və səni mənimlə sınayıb və bizim birimizi digərimizə dəlil-sübut edib. Sən dünyanı əldə etmək üçün Qur’anı yozmağa tələsdin. Məndən, əlim və dilim cinayət və günahına batmadığı şeyi (Osmanın qanını) istəyibsən. (Nə özüm onu öldürmüşəm, nə də onun öldürülməsinə göstəriş vermişəm.) Sən Şam əhli ilə məni Osmanın qanında günahlandırdınız. Aliminiz cahilinizi, duranınız oturanınızı təhrik etdi. (Bu cür nadürüst sözlərlə bir-birinizi mənə qarşı ayağa qaldırdınız.) Buna görə də özün barəsində Allahdan qorx. Şeytana müqavimət göstərərək cilovunu onun çəngindən çıxart. Bizim və sənin yolun olan (hamımızın gedəcəyimiz) axirətə üz tut. Allahın, səni Öz tərəfindən əsl və kökünə işləyərək nəslini kəsən təcili bəlaya düçar etməsindən qorx. (O, elə bəla olar ki, səndən və nəslindən əsər-əlamət qoymaz). Mən, sənə görə, Allaha doğru olan bir and içirəm ki: əgər (insanları) bir yerə toplayan tale, mənimlə səni qarşılaşdırsa, həmişə səninlə qalacağam «حَتَّى يَحْكُمَ اللّهُ بَيْنَنَا وَهُوَ خَيْرُ الْحَاكِمِينَ» «O vaxta kimi ki, Allah bizim aramızda Öz hökmünü versin (səni etdiyin zülm və haqsızlığın cəzasına çatdırsın). Axı O, hökm verənlərin ən yaxşısıdır!» (Ə'raf surəsi, 87-ci ayə)