Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/58-ci məktub

57-ci məktub Nəhcül-bəlağə. 58-ci məktub (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
59-cu məktub


İmam Əli əleyhis-salamın şəhərlərin əhalisinə olan məktublarındandır ki, onda özü ilə Siffeyn (müharibəsində Şam) əhalisi arasında baş verənləri bəyan edib.

"İşimizin əvvəlində biz Şam əhli ilə zahiri görünüşdə Rəbbimiz bir, Peyğəmbərimiz bir və (camaatın hidayət və nicat istiqamətində) İslamda təbliğ üsulumuz eyni imiş kimi qarşılaşdıq. Biz onlardan Allaha və Onun Peyğəmbərinə imanlarını artırmalarını istəmirdik. Onlar da bizdən bunu istəmirdilər. (Amma zahirdə) iş bərabər və yeksan idi və Osmanın qanı məsələsindən (və bizim onun qatillərinə kömək etməkdə günahlandırılmağımızdan) başqa, aramızda heç bir ixtilaf və fikir ayrılığı yox idi. Biz həmin işdən uzaq və kənar idik. Buna görə də (onlar bu bəhanə ilə müharibəyə şərait yaradanda) onlara belə dedik: Gəlin bu gün fitnə alovunu söndürmək və xalqa rahatlıq verməklə bundan (müsəlmanların qanlarının vuruşda axıdılmasından) sonra əlac edə bilməyəcəyimiz şeyə çarə qılaq ki, işlər möhkəmlənərək qaydasına düşsün və biz haqqı öz yoluna qoya bilək. Dedilər: (Yox,) biz bu işə düşmənçilik və döyüşlə çarə qılacağıq! Beləliklə, (bizim nəsihətimizdən) boyun qaçırdılar və nəhayət, müharibə başlandı, onun şölələri qızışdı və iş çətinləşdi. Müharibə və döyüş bizi və onları dişinə alıb caynaqlarını bizə və onlara batıran zaman (döyüş ağırlaşanda və onlar məğlubiyyətə uğradıqlarını görəndə), onlar bizim (müharibədən qabaq, tərəfinə) çağırdığımız şeyi qəbul etdilər. Bu halda (bizdən döyüşdən əl götürməyimizi istədilər və biz) onların çağırışlarını qəbul edib istəklərinə doğru tələsdik ki, dəlilimiz (bizim haqq olmağımız) onlara aydınlaşsın və heç bir bəhanə yerləri qalmasın. (Biz onların istəklərini ona görə qəbul etdik ki, bizim məqsədimizin qan axıdılması olmamasını bilsinlər. Başa duşsünlər ki, bizim onlarla müharibə etmək haqqımız var idi. Ona görə ki, Osmanın qətlə yetirilməsi onlar üçün müxalifət etmək və vuruşmağa bəhanə və dəlil deyildi.) Buna görə də onlardan hər kim bu sözdə (bizi çağırdıqları və bizim də qəbul etdiyimiz Allahın kitabında) möhkəm olsa, deməli, Allah onu həlak və məhv olmaqdan qoruyub. İnadkarlıq göstərərək öz azğınlığında qalan kimsə isə öz əvvəlki halına qayıdıb (əhdini pozub), Allah onun qəlbini (qəflət pərdəsi) ilə örtüb və onun başında pis hadisələr fırlanır. (Xülasə, Allahın kitabına tabe olan kəs xoşbəxt, ona arxa çevirən isə bədbəxt və ilahi əzaba düçar olacaq.)"