Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/70-ci xütbə
←69-cu xütbə | Nəhcül-bəlağə. 70-ci xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
71-ci xütbə→ |
İmam Əli əleyhis-salamın İraq camaatını pislədiyi kəlamlarındandır. (Həzrət buyurdu:)
Böyük Allaha şükr və sitayişdən və Həzrət Peyğəmbərə salamdan sonra, ey İraq camaatı! Siz hamiləliyi başa vurduqdan sonra uşağını salaraq, ölü doğan, əri ölən və dulluq müddəti uzun çəkən, (öldükdən sonra oğlu və əri olmadığına görə) tamamilə yad adamların, irsinə sahib çıxdığı hamilə qadın kimisiniz. Bilin ki, Allaha and olsun, mən öz ixtiyarımla sizə doğru gəlmədim (Mədinədən yola düşməyim, sizə tərəf gəlməyim və Kufədə qalmağım ürəyimcə deyildi). Ancaq (Cəməl döyüşündə Hicaz qoşunu kömək barədə əhdinə vəfa etmədiyinə görə, sizin qoşunu istədim. Buna görə də) naçar qalıb gəldim. Mənə xəbər çatıb ki, siz (nifaqa və ikiüzlülüyünüzə görə) deyirsiniz: «Əli yalan deyir. Allah sizi həlak etsin! (Öz rəhmətini sizdən uzaq tutsun!) Kimə yalan danışıram? Allah barəsində yalan danışıram? Mən ki, ona ilk iman gətirən şəxsəm. Yoxsa onun Peyğəmbərinin adından yalan qoşuram? Mən ki, onu təsdiqləyən ilk şəxsəm. Allaha and olsun, belə (sizin dediyiniz kimi) deyil. Dediklərim doğru, sözlərim aydındır. Siz (bu sözləri Peyğəmbərdən öyrəndiyim) vaxtlar orada yox idiniz və (əgər olsaydınız belə) onu eşitməyə layiq deyildiniz (qeybin xəbərlərini başa düşmədiyinizə görə sizə gizli qalmışdır). Vay (mənim yalan danışdığımı söyləyənin) anasının halına! (Yəni, anası onun yasını tutsun. Çünki) pulsuz müamilə edirəm (umacaqsız və pulsuz hər şeyi öyrədirəm). Onun qabında bir şey olsa (bacarığı olsa), bundan sonra həqiqətən sözümün doğruluğunu başa düşəcək.