Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/86-cı xütbə
←85-ci xütbə | Nəhcül-bəlağə. 86-cı xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
87-ci xütbə→ |
İmam Əli əleyhis-salamın (Allahın çox sevdiyi bəndənin və düşmən bildiyi kimsənin sifətlərini bəyan edərək camaatı İmamların əleyhimus-salam ardınca getməyə təşviq etdiyi) xütbələrindəndir.
Ey Allahın bəndələri! Allahın yanında ən sevimli (Haqq-təalanın mərhəmət nəzəri şamil olan) bəndə öz nəfsinə hakim kəsilməkdə Allahın kömək və yardım etdiyi bəndədir (şəhvətlər və nəfsani istəklərə uymamaq üçün onun ağlını gücləndirmişdir). Beləliklə, (həmin bəndə) hüzn və kədəri öz şüarına çevirdi (Haqqın rizasını qazanmaq üçün ona səbəb olan işlər barəsində düşündü), xof və (ilahi əzabdan) qorxunu özünə yol seçdi. (Heç vaxt Allahın və Peyğəmbərin qanunlarına zidd hərəkət etmədi.) Beləliklə, onun ürəyində hidayət çırağı (ilahi elm və maarif) işıqlandı (onunla nadanlıq və azğınlığın zülmətindən xilas olub doğru yola qədəm qoydu) və çatacağı bir gün üçün ziyafət (süfrəsini) hazırlayıb (ibadət və bəndəlik etdi ki, öləndən sonra əliboş olmasın), uzağı özünə yaxın etdi və çətinliyi (ölümü, qəbri və qiyamət gününün qorxu və dəhşətini ibadətinin, bəndəliyinin azuqəsi ilə) asanlaşdırdı, (yerin, göyün və onlarda olan hər şeyin yaradılışı barədə) fikirləşdi, düşündü. (Mənşə və məad barəsində) gözü açıldı. Və Allahı xatırlayıb (axirət azuqəsi olan) yaxşı əməlləri artırdı. Və giriş yolları onun üçün asanlaşdı, təmiz və şəffaf sudan doydu. Elə ilk dəfə içən kimi doydu. Doğru və hamar yolla getdi (ibadət və itaət yolu bilən pərhizkarların yolu ilə addımladı). Şəhvət və nəfsi istəklər libasını əynindən çıxardı (dünyaya və onda olanlara ürəyini bağlamadı), yalnız bir məqsəddən (Allahın razılığın qazanmaqdan) başqa bütün məqsədləri özündən uzaqlaşdırdı. (İlahi elm və mərifət sifətini qazanaraq) korluqdan (cəhalət və nadanlıqdan) və öz nəfsinə uyanlarla ünsiyyətdən xilas oldu və özü hidayət, nicat qapılarının açarına, həlakət qapılarının qıfılına çevrildi (başqalarına yol göstərməklə azdıranların qarşısını aldı). Öz yolunu görüb ona qədəm qoydu və özünün (hidayət və nicat) əlamətlərini, nişanələrini tanıdı, içində qərq olduqlarını (çətinlikləri və kədərləri) özündən uzaqlaşdırdı, ən möhkəm halqalardan, ən qırılmaz iplərdən (Qur’ani-Kərimdən və Peyğəmbərin əhli-beytindən) yapışdı (və nicat, qurtuluş yolunu tapdı). Onun (Haqqa) yəqinliyi günəş işığına və aydınlığına olan yəqinlik kimidir. (Ona heç bir şəkk-şübhə yol tapa bilməz və Haqq elmlərdən, ilahi maarifdən bəhrələndiyinə, camaata yol göstərdiyinə görə.) Hər cəhətdən böyük işlərdə öz nəfsini Allahın ixtiyarına verdi (ki, ondan nə istənilsə yerinə yetirsin və nə soruşulsa cavab versin) və hər bir törəməni öz əslinə qaytardı (doğru əsaslandırma və ictihadla onun barəsində hökm çıxardı). Odur qaranlıqların çırağı, aydın olmayan oxşar işlərə aydınlıq gətirən, mübhəm işlərin açarı (ehkamı öyrədən) və müşkülləri dəf edən (öz kamil sözləri ilə məsələləri, deyilən iradları aradan götürən) və geniş bəyanların (əqli məsələlərin) yol göstərəni. Deyir və (mətləbi) başa salır (nadanlığı və şəkki artırmır), sakit qalır ki, (danışığın büdrəyişindən və haqsız fətvalardan) amanda olsun. Rəftarını Allahına görə (şirk, riya və özünü göstərməkdən) təmizlədi və Haqq-təala da onu Özü üçün seçdi (ona cürbəcür feyzlər və kamil sifətlər bəxş etdi). Deməli, (bu sifətlərlə) o, dinin mədənlərindən və yer üzündəki sütunlarındandır. Ədaləti (düzlüyü və doğruluğu) özünün zərurətinə çevirib (ondan uzaqlaşmadı və heç vaxt, heç bir işdə ifrata, yəni, həddini aşmağa, nə də təfritə, yəni, haqda təqsirə, təxirə yol vermədi) Deməli, onun ədalətinin ilk mərhələsi budur ki, nəfsinin istəklərini özündən uzaqlaşdırar və haqqı bəyan edər (xalqa yaxşı əməlləri buyurar və pis əməllərdən çəkindirər), özü də ona uyğun hərəkət edər. Heç bir yaxşı, xeyir əməlin sonunu niyyət etməmiş tərk etmədi, heç bir yaxşılıq ehtimalını niyyət etməmiş buraxmadı. (Onun bütün səyləri bundan ibarətdir ki, yaxşılıq, xeyir yolların hamısı ilə getməklə nicatın ən yüksək həddini, güman yolu ilə olsa belə, qazansın.) Öz cilovunu kitaba (Qur’ana) tapşırıb. Deməli, Allahın kitabı onun rəhbəridir. Qur’anın yükünün endiyi hər məqamda aşağı enər, Qur’anın yeri olduğu hər yerdə yerləşər. (Allahın özünə düşmən bildiyi) bəndə isə (o kəsdir ki,) nadan olduğu halda özünü alim, bilikli adlandırar. Nadanlardan nadanlığı, azğınlardan isə azğınlığı öyrənib aldadıcı kəndirlərdən və yalan sözlərdən camaata tələ qurar. Kitabı (Qur’ani-Kərimi) öz düşüncələri əsasında daşıyıb (təfsir edər) və (Qur’anı öz fikri ilə təfsir edən) haqqı öz istəklərinə uyğunlaşdırıb camaatı böyük təhlükələrdən arxayın salar, böyük günahları (onların nəzərində) asanlaşdırar. İçində batdığı halda (riyakarlıqla və özünü göstərməklə) şübhələrdən (şübhəli və qaranlıq hökmlərdən) uzaqlaşdığını deyər (hökm verər və şəriət hökmləri, onun halları barəsində nadan olduğuna görə hər bir qaranlıq məsələ onun nəzərində doğru olar). Onların arasında yatdığı halda bid’ətlərdən (şəriət qanunlarına zidd hökmlərdən) çəkindiyini söylər (verdiyi hər hökm bid’ətdir). (Onun) surəti insan surəti, (onun) qəlbi isə heyvan qəlbidir. Hidayət qapısını və doğru yolu tanımır ki, (ona qədəm qoyub) onun ardınca getsin. Nadanlıq və korluq qapısını tanımır ki, ondan uzaqlaşsın. O, dirilərin arasında bir ölüdür. (İndi ki, haqqı və batili tanıdınız, Allahın sevdiyi və düşmən bildiyi bəndələri bildiniz) hara gedirsiniz (hansı yola gedirsiniz ki, daha layiqli olsun) və (haqqın) bayraqları asıldığı, (həqiqət) nişanələri aşkar göründüyü, (hidayət və qurtuluşdan) mayak qurulduğu halda sizləri (hidayət və nicat yolundan) necə döndərirlər? (Və ya sizi nə vaxt və harada doğru yoldan daşındırırlar?) Bəs sizi harada heyran və sərgərdan ediblər? Peyğəmbərinizin əhli-beyti (pak İmamlar) aranızda olduğu halda necə heyran və sərgərdansınız? (Doğru yolu görmürsünüz.) Onlar (adamın dəvənin cilovunu əlinə alıb onu istədiyi tərəfə apardığı kimi camaatı) haqq yola çəkənlər, rəhbərlər və dinin nişanələri, doğru danışan dilləridir. (Sözləri doğru, düzgündür, yalan olması ehtimal edilmir. Həzrət Peyğəmbərə vəhy edilənləri xalq üçün təfsir edib onları həqiqətlərlə tanış edirlər.) Onları Qur’anın ən yaxşı mənzillərinə endirin. (Onlar elm və maarif çeşməsi olduqlarına görə) çox təşnə dəvələrin (su başına) çatmağa tələsdiyi tək onlara doğru tələsin (və elmlərindən, biliklərindən bəhrələnin).
Ey camaat! Bu rəvayəti Xatəmül-ənbiya səlləllahu əleyhi və alih və səlləmdən öyrənin (öz ailəsinin mədhi və əzəməti barədə buyurmuşdur). Bizlərdən biri (zahirən) ölsə belə diridir. Və (nadanların səhv əqidələrinə görə) bizdən çürüyənlər də çürümüşdür, halbuki çürüməmişlər. Belə isə tanımadığınız (bilmədiyiniz) şeydən (Həzrət Peyğəmbərin ailəsi barədə) danışmayın, çünki sizin inkar etdiklərinizdə həqiqət daha çoxdur. (İlahi əzab sizə çatdıqda) dəlil və sübutunuz olmadığı kimsəni üzürlü bilin və o mənəm.
Sizinlə böyük qiymətli yükə (Qur’ani-Kərimə) uyğun rəftar etmədimmi? (Qur’anı sizə öyrətmədimmi?) Qiymətli kiçik yükü (Həzrət peyğəmbərin ailəsini, Həsən və Hüseyni) sizlərin arasında qoymadımmı? Sizin aranızda imanın bayraq və nişanəsini asdım (ki, azmayasınız). Sizləri halal və haramın hüdudlarından hali etdim. Öz ədalət və dada yetişməyimlə sizə nicat libası geydirdim (zülm və sitəmdən xilas olmağın yolunu sizə öyrətdim). Öz sözlərim və rəftarımla (Allahın və Peyğəmbərin razı olduğu) xeyir əməlləri yaydım (göstərdim). Öz bəyənilən əxlaqımı sizə aşkar etdim (layiqli əxlaqla tanış etdim).
Belə isə əslini bəsirət gözünün dərk etmədiyi, düşüncə və fikirlərin yol tapmadığı şeylərdə (öz nadürüst) fikir və tədbirlərinizi işlətməyin.
Bu da həmin xütbənin bir hissədir
(Bəni-Üməyyənin xalqa hakim kəsiləcəyini, onun hakimiyyətinin tezliklə məhv olacağını xəbər verir.) (Bəni-Üməyyə xalqa hakim kəsilib şəhərləri ələ keçirəcək, Allaha ibadət edən kişiləri öldürüb arvadlarını əsir, mallarını qarət edəcək. Onların zülmünə, sitəminə qarşı qiyam edənlər məğlub olub öldürüləcəklər.) Güman edən (zahiri görən dünyapərəst) dünyanın (dəvə bəndə bağlandığı kimi) Bəni-Üməyyənin əlinə keçdiyini, xeyrini onlara verdiyini, onları saf və təmiz suyuna saldığını, (xülasə, dünya onlara məxsusdur və başqaları ondan bəhrələnmir) qamçı və qılınclarının (onların törətdiyi qətl, qarət və cürbəcür çətinliklərin) bu ümmətin başının üstündən çəkilməyəcəyini zənn edəcək. Halbuki bunu güman edən səhv düşünmüşdür. Bəni-Üməyyənin hökuməti, dünya həyatından bəhrələnmələri azacıq dadılıb sonra (hələ içilməmiş) hamısı çölə atılan (ağızdakı) su kimidir. (Tezliklə onların zülm və sitəm əli kəsiləcək, başqaları onlara hakim olacaq, dövlətləri məhv olacaq.)