Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/87-ci xütbə

86-cı xütbə Nəhcül-bəlağə. 87-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
88-ci xütbə


İmam Əli əleyhis-salamın (camaatı dində ixtilafa, batil inanclara, fikirlərə etimadı tənqid etdiyi və peyğəmbərə, İmama itaət etməmələrinə görə qınadığı) xütbələrindəndir. Böyük Allaha həmd və şükrdən, Xatəmül-ənbiyaya salamdan sonra (bilin, dünyanın adəti budur ki): Pak və münəzzəh Allah heç vaxt zəmanənin asilərini möhlət vermədən və xoş güzəran keçirmədən həlak etmədi, heç bir ümmətin (peyğəmbər ümmətinin) sümüyünün əyriliyini (yaşayışlarında) çətinlik və əziyyət olmadan düzəltmədi. (Belə isə siz də zülmkarların zülmünə dözün və Allahın onların zülmkar əlini qısaldacağı günü gözləyin.) Üz tutduğunuz (qarşılaşdığınız) çətinliklərdə, böyük işlərdə və arxada qoyduğunuz (qurtulduğunuz) çətinliklərdə ibrət vardır. (Lakin) hər qəlb sahibi ağıllı deyil (ki, həqiqətləri anlasın), hər qulağı olan (haqqı) eşitməz, hər baxan göz görməz (ki, ruzigarın hadisələrindən ibrət alsın). Dini dəlilləri bir-birinə zidd olan bu müxtəlif firqələrin səhv işlərinə və xətalarına (onlar hər bir işdə öz dəlillərinə əsaslanırlar), heç bir peyğəmbərin yolunu davam etdirməmələrinə, heç bir canişinin əməlinə tabe olmamalarına (əgər tabe olsaydılar, dinlərində ixtilaf olmazdı, ilahi əzabdan xilas olardılar), qeybə (Allaha və Qiyamət gününə) inanmamalarına, pislikdən (haram və şübhəli şeylərdən) çəkinməmələrinə necə heyrətlənməyim?! Şübhələrə (onlar üçün naməlum olanlara öz nadürüst rəylərinə əsasən) əməl edib nəfsi istəklərinə tabe olurlar. Onlar arasında yaxşı və bəyənilmiş özlərinin yaxşı bildikləridir, onların nəzərində pis və bəyənilməyən isə özlərinin pis hesab etdikləridir. Çətinliklərdə sığınacaqları, pənah yerləri özləridir. Örtülü işlərdə (ilahi elmlərdə) öz (nadürüst) rəylərini (hətta ağıla zidd olsa belə,) əsas götürürlər. Sanki onlardan hər biri (dini məsələdə) gördüyü hər bir şeydə (bəyan etdiyi hər bir məsələnin hökmündə) özü özünün qırılmaz iplərdən və möhkəm dəlillərdən yapışmış İmamıdır (onlara istinad edir, öz nadürüst rəyinə əsasən ictihad etdiyi hər bir hökmün ilahi hökm kimi olduğuna inanır).