Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/93-cü xütbə

92-ci xütbə Nəhcül-bəlağə. 93-cü xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
94-cü xütbə


İmam Əli əleyhis-salamın (Allah-təalanın bəzi sifətlərinin xatırılandığı, peyğəmbərlər və vəsilərinin mədh edildiyi və sonda camaata öyüd-nəsihət verildiyi) xütbələrindəndir. Hər şeydən üstün olan Allahdır, uca himmətlilər belə Onu dərk edə bilməz və zəkalı insanların zirəkliyi ona çatmaz. (Zatının həqiqətinin əslini başa düşməzlər, çünki müəyyən bir hədlə məhdudlaşmır ki, onu dərk etmək mümkün olsun.) Əvvəldir və Onun üçün son yoxdur ki, axırına çatılsın.

Bu xütbənin bir hissəsi peyğəmbərlər (Həzrət Peyğəmbər və pak İmamlar) haqqındadır

Allah-təala peyğəmbərləri ən üstün saxlanclarda (atalarının bellərində) əmanət saxladı və ən yaxşı yerlərdə (analarının bətnində) yerləşdirdi. Onları yaxşı bellərdən pak-pakizə bətnlərə köçürdü. Onlardan biri dünyadan getdikdə başqa birisi ondan sonra Allahın dinini yaymaq üçün ayağa qalxmışdır (ilahi hökmlərin təbliği ilə məşğul olmuşdur). Nəhayət, Allah-təala tərəfindən peyğəmbərlik və nübuvvət mənsəbi Həzrət Məhəmməd səlləllahu əleyhi və alihə yetişdi. O Həzrəti ən yaxşı mədənlərdə (əvvəlki peyğəmbərələrin belində) və ən əziz köklərdə (bətnlərdə) yetirdi. (O böyük şəxsiyyəti) Peyğəmbərlərini ondan aşkarladığı və Öz (vəhyinin) əmanət saxlayanlarını seçdiyi (yaratdığı) bir ağacdan (Həzrət İbrahim əleyhis-salamın nəslindən) əkdi. Onun əsli əsillərin ən yaxşısı, onun nəsli nəsillərin ən xeyirlisi, şəcərəsi şəcərələrin ən yaxşısıdır. (O Həzrət bütün peyğəmbərlərdən əfzəldir.) O, hərəmdə bəslənmiş və ucalıq, şərafətlə (bostanında) boy atmışdır. (Məkkeyi-Müəzzəmədə dünyaya gəlib tərbiyə almışdır.) O ağacın uzun budaqları (on iki İmam) və hər kəsin əlinin çatmadığı bir meyvəsi var. O Həzrət pərhizkarların rəhbəri, görənlərin gözünün işığı, parlaq çıraq, nur saçan ulduz və şöləsi bərq vuran çaxmaqdır. Onun üslubu dözümlülük, istiqaməti isə hidayət və yol göstərməkdir. Onun sözü (haqqı batildən) ayıran, hökmü və fərmanı ədalətli və düzdür. O böyük şəxsiyyətə elə bir vaxtda peyğəməbərlik verildi ki, uzun müddət idi ki, heç kəsə risalət verilmirdi və camaat öz vəzifələrini yerinə yetirməkdə doğru yoldan azmış, əvvəlki peyğəmbərlərin ümməti qəflət, nadanlıq içrə sərgərdan olmuşdu. (Allah-təala Həzrətə peyğəmbərlik verməklə onları doğru yola yönəltdi, azğınlıqdan xilas etdi.) (Ey Allah bəndələri,) Allah sizə rəhmət etsin, aşkar nişanələr (İmamlar əleyhimus-salamın fikirləri) əsasında əməl edin. (Çünki onlar azğınlıq zülmətində nicat və qurtuluş nişanəsi, çırağıdır). Bu, (sizi) Darüs-Səlama (əbədi cənnətə) dəvət edən işıqlı və aydın yoldur (dindir). Siz elə bir saraydasınız ki, (gözəl əməllərinizlə) Allah-təalanın razılığını rahatlıqla əldə edə bilərsiniz. (Nə qədər ki, bu dünyadasınız və fürsətiniz var, əbədi cənnətə ehtiyat toplayın.) Elə bir yerdəsiniz ki, (əməl) dəftərləriniz açıq (hələ bağlanmayıb və möhürlənməyib) və (əməllərinizi qeydə almaq üçün yazanlardakı) qələmlər işdə, bədənlər sağ-salamat və dillər danışmaqdadır. (Çirkin əməllərə görə) tövbələr və (yaxşı) əməllər qəbul olunar.