Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/96-cı xütbə
←95-ci xütbə | Nəhcül-bəlağə. 96-cı xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
97-ci xütbə→ |
İmam Əli əleyhis-salamın (zülmkarın son nəticədə öz cəzasını görəcəyini, Allah-təalanın ondan sorğu-sual edəcəyini bildirdiyi, sonra öz qoşununu Müaviyə və qoşunu ilə müharibədə səhlənkarlıqlarına görə danlayıb qınadığı) kəlamlarındandır. Allah-təala zülmkara möhlət versə, onun sorğu-sualından heç vaxt keçməz. Yolunun ortasında, ağızın suyunu belə keçməyə qoymayan boğazı qurudan qəmli və kədərli bir yerdə (dünyadakı çətinliklər və ölümün ağır anlarında) pusqudadır. (Sanki onun yolunun üstündə dayanıb ki, onu lazım olan vaxtda cəzasına çatdırsın.) Agah olun. And içirəm canım güc və qüdrətinin əlində olana ki, bu dəstə (Şam qoşunu) sizlərə qalib gələcək. Bu, onların haqqa sizdən daha layiqli olmalarına görə deyil, əmirlərinin (Müaviyənin) batilini qazanmağa (fərmanını yerinə yetirməyə) tələsmələrinə və sizin mənim haqqım üçün gec tərpənmənizə görədir. (Padşah və əmirin) ümmət və rəiyyətlər(i) hər an öz rəhbərlərinin zülmünün qorxusu ilə sabahı açırlar (ki, məbada itaətsizliklərinə görə cəzalandırsın). Ancaq mən səhərləri öz rəiyyətimin qorxusu ilə açıram (Allahdan qorxduğuma görə onlara zülmü rəva görmürəm, onlar isə mənə zülm edir, sözümə qulaq asmırlar.) Sizi düşmənlə cihada, döyüşə getməyə çağırdım, getmədiniz və (döyüşə getməyin xeyrini və getməməyin ziyanını) xatırlatdım, eşitmədiniz, gizlində və aşkarda sizi dəvət etdim, yerinə yetirmədiniz, öyüd-nəsihət verdim, qəbul etmədiniz. Siz burada olsanız da yox kimi deyilsinizmi? (Sözlərimi eşitməyib öyüdlərimdən faydalanmırsınız.) Sizlər qulamlar və rəiyyət olsanız da böyüklər və başçılar kimisinizmi? (Özünüzü rəy sahibi hesab edərək mənim kimisinə itaət etmirsiniz) hikmətləri (və böyüklüyü, dünya və axirət səadətini əhatə edən sözləri) sizlər üçün deyirəm, (vəhşi heyvan kimi) ondan ürkürsünüz, sizlərə gözəl öyüdlərlə nəsihət verirəm, ondan uzaqlaşırsınız (qəbul etmirsinz). Sizləri fitnə-fəsad salanlarla (Şam əhli ilə) cihada rəğbətləndirirəm, sözüm sona çatmamış hamınızı Səba övladları kimi dağınıq görürəm. Öz məclislərinizə qayıdırsınız (gedib gəlirsiniz), bir-birinizi öz öyüdlərinizlə aldadırsınız (hər birisi başqasına «elə etmək, belə etmək lazımdır» deyir, ancaq özü isə bir addım belə atmır). Hər səhər erkən sizləri (düşmənlə döyüşə hazır olmağınız üçün şümşad çubuğu kimi) düzəldirəm, hər axşam əyilmiş kamanın arxası kimi üstümə qayıdırsınız (döyüşə getməkdən boyun qaçırırsınız). Öyüd verən aciz qaldı və qulaq asan (işi) çətin sandı. (Bundan sonra, belə rəftarla mənim nəsihətimin sizə təsiri yoxdur.) Ey bədənləri burada olanlar, ağılları isə tapılmayan, düşüncələri müxtəlif olanlar! (Bir yerdə toplaşıb ağılın göstərişinə əməl etməyən və işlərdə hər biri öz nadürüst düşüncələrinin ardınca gedənlər). Onlara (nifaq, ikiüzlülük və fikir ayrılıqlarına) görə başçıları (fitnə-fəsada) mübtəla və giriftar olanlar. Sizin əmiriniz (İmam əleyhis-salam) Allaha itaət edir. Siz isə onun göstərişinə uyğun rəftar etmirsiniz. Şam əhlinin başçısı (Müaviyə) Allaha qarşı günah və itaətsizlik edir, onlar isə onun mütiləridir. Allaha and olsun, istərdim ki, Müaviyə sizlər üçün sərraf kimi mənimlə alver etsin, (on gümüş dirhəmə bərabər olan) bir qızıl dirhəm verim və bir gümüş dirhəm alım, sizin on nəfərinizi məndən alsın və qoşunundan bir nəfər versin. Ey Kufə əhli, sizdə (rəftarınızda olan) üç şeyə və (əsla sizdə olmayan) iki şeyə görə qəmə, kədərə batmışam. (Sizdə olan üç şeyin birincisi budur ki,) qulağınız olsa da karsınız, (ikincisi) danışsanız da lalsınız və (üçüncüsü) gözünüz olsa da korsunuz (qulağınız, diliniz və gözünüz olsa belə, haqqı eşitmir, demir və görmürsünüz. Ancaq sizdə olmayan iki şeyin birincisi budur ki,) müharibə vaxtı (döyüşə girərkən) doğruluqda və dönməzlikdə azad insanlar kimi deyilsiniz (qorxu və ümidsizlikdən özünüzü düşmən qarşısında qul və nökər kimi göstərirsiniz, doğruluğa və azadlığa dəliliniz yoxdur) və (ikincisi) bəlada, çətinliklərdə etimad oluna biləcək həqiqi qardaşlar deyilsiniz. Əlləriniz torpağa bulaşsın (yoxsulluğa, pərişanlığa mübtəla olub xeyir görməyəsiniz!) Ey sarbanları uzaqlaşmış, bir tərəfdən toplaşanda başqa tərəfdən dağılan dəvələrə bənzəyənlər (sizin mənim ətrafımdan dağılmağınıza gəlincə isə) Allaha and olsun, güman edirəm ki, müharibə şiddətlənsə və döyüş alovu şölələnsə, qadın (doğum zamanı) qarnındakı uşaqdan uzaqlaşdığı kimi Əbu Talibin oğlundan uzaqlaşıb dağılışacaqsınız. (Dağılışdıqdan sonra uşağın anasının qarnına qayıtması mümkünsüz olduğu kimi dağıldıqdan sonra sizləri toplamaq da qeyri-mümkün olacaq.) Mənim Rəbbim tərəfindən (öz doğru dürüstlüyümə) sübutum və dəlilim var, öz Peyğəmbərimin göstərişi ilə doğru yolla gedirəm (O Həzrət tərəfindən xəlifəliyə təyin olunmuşam), aydın və aşkar bir üsulla (müqəddəs İslam dininin buyurduğu kimi) rəftar edirəm (və öz gözaçıqlığımla səhv yollar arasından), haqq yolu tapmışam və onunla gedirəm. (Belə olan halda, necə ətrafımdan dağılışıb uzaqlaşır və sözlərimə əməl etmirsiniz?) Öz peyğəmbərinizin əhli-beytinə (Əmirəl-möminin və onun övladlarına) baxın və onların yolundan çıxmayaraq əməllərinə tabe olun ki, heç vaxt sizi doğru yoldan çıxarmaz, həlakət və azğınlığa qaytarmazlar. Əgər onlar (xəlifəlik, cihad və ya başqa işlərdə evdə) əyləşsələr (qiyam etməsələr), siz də (evinizdə) əyləşin (və onlara itaət edin), əgər ayağa qalxsalar (hər hansı işdə qiyam etsələr), siz də qalxın (onlara kömək və yardım edin) və onlardan önə keçməyin (öz bildiyinizə əsasən rəftar etməyin) ki, azğın və sərgərdan olarsınız. Və arxada da qalmayın (əmrlərindən və qadağalarından qəflətdə olmayan) ki, biçarə və həlak olarsınız. Mən Məhəmmədin (səlləllahu əleyhi və alih) səhabələrini görmüşəm və sizlərdən heç birinin onlar kimi olduğunu görmürəm. (Ona görə ki,) onların səhərlər saçları dağınıq və tozlu olar, gecələri səcdə və qiyam halında oyaq keçirərdilər. Alınları ilə üzləri arasında növbə qoymuşdular. (Gah alınlarını, gah da üzlərini torpağa qoyardılar.) Qayıdışı (qiyaməti) xatırlayaraq köz kimi yanardılar (iztirablı və narahat idilər). Alınları səcdənin uzunluğundan keçilərin dizləri kimi (qabar bağlamış) idi. Pak Allah zikr ediləndə əzab və cəzanın qorxusundan, savab və mükafata ümiddən gözlərindən axan yaşlardan yaxaları islanar və şiddətli küləkli günlərdə ağacın titrədiyi kimi əsərdilər.