Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/95-ci xütbə

94-cü xütbə Nəhcül-bəlağə. 95-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
96-cı xütbə


İmam Əli əleyhis-salamın (Allah-təalaya həmd-səna edildiyi və Həzrət Peyğəmbərin – səlləllahu əleyhi və alih – vəsf olunduğu) xütbələrindən biridir. Həmd olsun Allaha ki, əvvəldir (bütün varlıqların mənşəyidir), Ondan əvvəl bir varlıq yoxdur və axırdır (bütün yaradılmışların qayıdışı onadır). Ondan sonra bir şey yoxdur. (Əlamət və nişanələrə görə) görünən və aşkardır. Ondan daha aşkar bir şey yoxdur və (zatının əsli) gizlin və məxfidir. Ondan daha görünməz olan bir şey də yoxdur. (Başqa sözlə desək,) görünən və qüdrətlidir. Onun fövqündə bir şey yoxdur (bütün varlıqlar Onun güc və qüdrəti qarşısında acizdir). Əşyanın batinindən və onun cüziyyatından xəbərdardır. Heç nə Ondan (əşyaya) daha yaxın deyil. Bu xütbənin bir hissəsində Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəsfi verilir: Onun qərar tutduğu məkan (peyğəmbərlik verildiyi Məkkeyi-Müəzzəmə) ən yaxşı məkan, yetişdiyi yer (ilahi hökmləri yaydığı Mədineyi-Teyyibə) ən şərafətli yerdir. (O böyük şəxsiyyət) Kəramət və alicənablıq yataqlarında (ali məqamlı bellər və pak bətnlərdə meydana gəlmiş) və (hər cür zahiri və batini eyblərdən, nöqsanlardan təmiz, uca) sağlam daldanacaqlarda (böyümüşdür). Yaxşı əməl sahiblərinin qəlbləri Onun vurğunudur və (ağıllı insanların) gözlərinin bəbəyi heyranlıqla Ona dikilib (ki, bütün dünyanı başına almış azğınlıq və cəhalətdə nə etdiyini görsünlər. Gördülər ki,) Allah-təala o Həzrətin vasitəsilə çoxdankı kinləri məhv etdi (xalqın arasından yığışdırdı) və düşmənçilik atəşini söndürdü. (Əmirəl-mömininlə Salman kimi) iman qardaşları arasında ülfət və dostluq yaratdı, özününkülər (Həmzə ilə Əbu-Ləhəbin) arasına (İslama və küfrə görə) ayrılıq saldı. O böyük insanın zühuru və ərsəyə çatması ilə möminlərin zillət və çarəsizliyini başucalığına, şadlıq, üstünlük və böyüklüyə çevirdi, kafirləri isə bədbəxtliyə düçar etdi. Sözlərinin bəyanı və susmağının (da) dili var idi.