Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/98-ci xütbə

97-ci xütbə Nəhcül-bəlağə. 98-ci xütbə (2006)
Müəllif: Seyid Rəzi
Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev
99-cu xütbə


İmam Əli əleyhis-salamın (dünyanın etibarsızlığı və ona ürək bağlamamaq barədə) xütbələrindəndir. Allah-təalaya verdiyi nemətlərə görə şükr edir, öz işlərimizdə Ondan kömək diləyirik. Bədənlərimizin (xəstəliklərdən) sağlamlığını istədiyimiz kimi din və əqidədə (xəstəlik, nadanlıq, azğınlıq və itaətsizlikdən) sağlam olmağımızı da Ondan istəyirik (bizi öz ixtiyarımıza buraxmasın ki, doğru yoldan azmayaq). Ey Allah bəndələri! Sizlərə, onu tərk etməyə meyliniz olmasa da (sizi tərk etməsini istəməsəniz də son nəticədə) sizi buraxan (və qiyamətdə sizə xeyri olmayan) və təzə qalmasını istəsəniz də bədənlərinizi köhnəldib çürüdən dünyadan əl götürməyi tövsiyyə edirəm. Sizlərlə dünyanın hekayəti yolla gedən və (sürətlərinə və iti getmələrinə görə) sanki yolu başa vurmuş, (uzaqdan görünən) bir nişanəni öz məqsədlərinə çevirib ona çatmış səyahətçilərin hekayətinə bənzəyir. (Bu dünyada sizin ömrümüzün tez keçməsi son mənzil olan ölümə çatmağınız kimidir.) Öz məqsədinə çatmaq üçün miniyini bacardığı qədər ən son məsafəyə çapmaq niyyətində olan süvari nə qədər də ümidvardır. Nəyə ümid edir o kəs ki, varlığı, mövcudluğu ondan əl çəkməyən (cəmi) bircə gündür və onu dünyadan ayırmaq üçün tələsik və sürətlə qovan, borcunu tələb edəni vardır. (Ölüm yaxasından yapışacağı və qaçmağa yolu olmadığı halda insan dünyanın nəyinə ürək bağlayır?) Dünyanın izzətinə və onunla öyünməyə ürək bağlamayın. Onun bər-bəzəyinə və nemətlərinə aldanaraq sevinməyin. Və onun əzab-əziyyətlərindən ahu-fəğan etməyin. Çünki dünyadakı izzət və onunla öyünmək aradan gedəcək, (dünyanın) bər-bəzək və nemətləri məhv olacaq, əzab-əziyyətləri sona yetəcək. Onda keçən hər zaman (istər yaxşı keçsin, istərsə də pis) sona çatacaq, onda olan hər canlı yox olacaq (öləcək. Deməli, ağıllı o şəxsdir ki, hər şeyi müvəqqəti olan dünyaya ürək bağlamasın). (Ölən və heç bir izi qalmayan) əcdadlarınızdan qalan nişanələrdən (xoşagəlməz işlərdən) sizləri çəkindirəcək bir şey yoxdurmu? Dərindən düşünsəniz, (onların) keçmişlərində ibrət və öyüd yoxdurmu? Sizdən öncəkilərinizin bir daha qayıtmadıqlarını və onların canişinlərinin sağ qalmadıqlarını görmədinizmi? Gündüzü gecə, gecəni də səhər edən dünya əhlini müxtəlif hallarda görmürsünüzmü? Birinin öldüyünü və ona ağladıqlarını, başqasına (ölənin müsibətinə görə) başsağlığı verdiklərini, birinin xəstələnərək üzü üstə torpağa döşəndiyini və (dərdə) giriftarlığını, başqasının xəstəyə baş çəkməyə getdiyini, başqa birisinin can üstə olmasını, birinin dünyanı istədiyini və ölümün onun dalınca olduğu, başqasının (qiyamət gününün hesabından və sorğu-sualından) qafil və xəbərsiz olduğunu, Allahın isə ondan qafil olmadığını, vaxtın keçməsinin təsirindən qalanların da getdiyini (öncəkilər dünyanı tərk etdikləri kimi başqaları da öləcəkdir)... Agah olun! Çirkin işləri görməyə tələsərkən ləzzətləri viran qoyan, eyş-işrətləri pozan, arzuları qıran ölümü yada salın. Allah-təaladan Onun vacib haqqını (ibadət və itaət) yerinə yetirmək (buna hazır olmaq uçun) və saya-hesaba gəlməyən nemət, ehsan və yaxşılıqlarının çoxluğuna şükr etmək üçün kömək istəyin.