Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/99-cu xütbə
←98-ci xütbə | Nəhcül-bəlağə. 99-cu xütbə (2006) Müəllif: Seyid Rəzi Tərcüməçilər: Ağabala Mehdiyev, Dürdanə Cəfərli, Etibar Quliyev |
100-cü xütbə→ |
İmam Əli əleyhis-salamın (özünün öldürüləcəyinə və qeybi xəbərlərdən olan Həzrət Sahib əz-Zamanın zühuruna işarə etdiyi) başqa bir xütbəsidir.
Şükrlər Öz fəzilət və ehsanını məxluqlara səpən, səxavət və bəxşişini hamıya şamil edən Allaha məxsusdur. Ondan çatanlara (sağlamlıq, xəstəlik, şadlıq və əziyyət) görə şükr edir, əmrlərini (vacibat və müstəhəbatı) yerinə yetirmək üçün Ondan kömək istəyirik. Şəhadət veririk ki, Ondan başqa (sitayişə layiq) Allah yoxdur və Məhəmməd (səlləllahu əleyhi və alih) Onun bəndəsi və elçisidir. Onu əmr və fərmanlarını aşkar edib (bəyan edib) Allahı xatırlatması (Allahı tanıtması) üçün göndərdi. O da əmanət və düzlüklə risaləti təbliğ etdi (ilahi hökmləri çatdırdı). Dünyadan yol göstərən kimi getdi və bizim aramızda Haqqın bayraq və nişanəsini (Allah yolunu göstərən Qur’ani-Kərimi və müqəddəs İmamları əleyhimus-salam) qoyub getdi. O bayraqdan önə keçən (Onun hökmlərinə nəyisə artırıb azaldan dindən) xaric oldu, müxalif olub itaət etməyən (o Həzrətin əməllərinə etinasız olan) həlak oldu. Onunla birlikdə olan isə Haqqa qovuşdu (səadət tapdı). O bayrağı saxlayan səbrlə və ağır-ağır söz danışar və bir işi görmək üçün gec yerindən qalxar, (çünki ağıllı adam hər işini fikirləşər və məsləhətlə söz danışıb addım atar və) qalxdıqda isə (düşündükdən sonra qalxmağı məsləhət gördükdə) tələsər (tez iş görər). (Zahiri xəlifəliyə təyin olunaraq düşmənlərlə döyüşdükdə və) sizlər Onun fərmanına boyun əydiyiniz, onu barmaqla göstərdiyiniz vaxt ölüm onu yaxalayacaq (məl’un İbn Mülcəm mübarək başının ortasına qılınc endirəcək) və bu səbəbdən də dünyadan köçəcək. Ondan (öldürülməsindən) sonra Allah-təalanın istədiyi bir müddət (Bəni-Üməyyə, Bəni-Abbas və onlardan sonrakıların hakimiyyəti) İlahinin sizi toplayaraq dağınıqlıqdan xilas edəcəyi kimsəni (Sahib-əz-Zaman əccələllahu fərəcəh) aşkar edənə qədər ləngiyəcəksiniz (bədbəxtlik, çarəsizlik və dağınıqlığa giriftar olacaqsınız). (Bütün işlərin nizamlanması üçün) dünyaya üz tutmayan (işlərin cilovunu əlinə almayıb xanənişin olan) aranızdakı İmama tamah salmayın (çünki Allah belə məsləhət bilib) və qeybdə olan İmami-Zamandan ümidinizi üzməyin. Çünki ola bilsin ki, Onun iki ayağından biri (zahiri hakimiyyəti) yerindən çıxaraq büdrəsin və digər ayağı (batini hakimiyyəti) yerində qalsın və (elə bir gün gəlib çatar ki,) sabitləşib güclənməsi (din və dünya işləri Onun vücudu ilə nizamlanması) üçün hər iki ayağı (zahiri və batini hakimiyyəti yerinə) qayıdar.
Agah olun ki, Məhəmməd səlləllahu əleyhi və alihin ailəsi (müqəddəs İmamlar əleyhimus-salam) asimanda olan və biri batdıqda digəri çıxan ulduzlar kimidir. (Onlardan biri dünyadan getdikdə başqa birisi onun yerini tutar. Və yer üzü heç vaxt onların vücudundan uzaq olmaz.) Bununla da Allah-təalanın sizə olan nemətləri bütövlənəcək və arzu etdiyiniz sizə veriləcək (mütləq o Həzrətə yetişəcək, Haqq dövlətini görmək arzunuza çatacaqsınız).