Nişanası
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər (2004). Əsərləri (az). "Şərq-Qərb". ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib. 2017-06-19 tarixində istifadə olunub.

Ay ariflər, gəlin sizə söyləyim,
Kəsilib üstümdən yar nişanası.
Dost uzaq olmaqla könül yad olmaz,
Ölüncə qəlbimdə var nişanası.

Nütfədən pak olan özü pak olar,
Mömindən törəyən xoşidrak olar.
Əndəlib qan ağlar, zəhri çak olar,
Görsə gül üstündə xar nişanası.

Ələsgərəm, qərq olmuşam bu qəmə,
Hədyan sözlər dağ çəkibdi sinəmə.
Nakəs, müxənnətdən mətləb diləmə,
Yoxdu namus, qеyrət, ar nişanası.