Nişanası (Aşıq Ələsgər)
Nişanası (Aşıq Ələsgər) Müəllif: Aşıq Ələsgər |
Mənbə: Aşıq Ələsgər. Əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2004. ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19. |
Ay ariflər, gəlin sizə söyləyim,
Kəsilib üstümdən yar nişanası.
Dost uzaq olmaqla könül yad olmaz,
Ölüncə qəlbimdə var nişanası.
Nütfədən pak olan özü pak olar,
Mömindən törəyən xoşidrak olar.
Əndəlib qan ağlar, zəhri çak olar,
Görsə gül üstündə xar nişanası.
Ələsgərəm, qərq olmuşam bu qəmə,
Hədyan sözlər dağ çəkibdi sinəmə.
Nakəs, müxənnətdən mətləb diləmə,
Yoxdu namus, qeyrət, ar nişanası.